Kapitanın tarixə çevrilən hekayəsi
Emin Mahmudov yığmamızın tarixində ən məhsuldar oyunçudur. O, millidə ümumilikdə 66 oyun keçirib və 16 qol vurub. Mahmudov uzun illərdən sonra bu göstərici ilə Qurban Qurbanovu “taxtdan salmağı” bacarıb.
Futbol üzrə Azərbaycan milli komandası UEFA Millətlər Liqasının cari mövsümündə çıxışını başa vurdu. Yığmamız D Liqasının qrupunda birinci yeri tutaraq turnirdəki minimal tapşırığın öhdəsindən gəldi. Bu qarşılaşmalar başqa bir hadisə ilə də yadda qaldı. Uzun illər milli komandanın formasını geyinmiş, yığma tarixinin ən yaxşı bombardiri və kapitanı Emin Mahmudov millidəki son rəsmi oyunlarını məhz bu turnirdə keçirdi. Onun yığma ilə vidası isə Andorra ilə səfərdə keçirilən yoldaşlıq görüşü oldu.
Seçim qarşısında
Emin Mahmudovun karyerası tamamilə fərqli alına da bilərdi. Əslən Saatlıdan olan futbolçu karyerasına Rusiyada başlamış, Moskva “Spartak”ı, “Saturn”, “Tom”, “Krılya Sovetov” kimi klublarda çıxış etmişdi. Üstəlik, Rusiyanın U-21 yığmalarına qədər aşağı yaş komandalarının formasını da geyinmişdi. Başqa sözlə, əslində onun futbol yolunu Rusiyanın əsas millisinə qədər davam etdirmək ehtimalı da var idi.
Ancaq 2016-cı ildə 24 yaşı olarkən Emin başqa seçim etdi. Azərbaycan millisinə dəvət alan oyunçu doğma ölkəsinin formasını geyinməyə qərar verdi. Milli komandada debütünü həmin il sentyabrın 4-də San-Marino ilə oyunda etdi. İlk vaxtlardan texniki keyfiyyətləri, meydanı görmək bacarığı və oyun quruculuğu ilə seçilən yarımmüdafiəçi qısa müddətdə komandanın əsas simalarından birinə çevrildi.
Əvəzedilməz fiqur
Emin Mahmudovun milliyə gəlişini yeni dövrün başlanğıcı adlandırmaq çətindir. Amma onun komandaya fərqli keyfiyyətlər qazandırdığı danılmazdır. Robert Prosineçkinin rəhbərliyi altında yığmanın dünya çempionatının seçmə mərhələsində 10 xal topladığı, Norveç və Çexiya kimi rəqiblərlə layiqli şəkildə mübarizə apardığı dövrdə Emin də əsas heyətin üzvlərindən idi.
Sonrakı illərdə baş məşqçilər dəyişsə də, onun komandadakı rolunun inkişaf trayektoriyası əsasən üzüyuxarı oldu. Xüsusilə Canni de Byazinin rəhbərliyi dövründə Mahmudovun liderliyi daha aydın nəzərə çarpırdı. Həmin vaxt milli komanda ardıcıl qələbələrlə yadda qalan uğurlu seriyaya imza atdı. Emin isə kollektivin əvəzedilməz fiqurlarından idi.
Milli komandanın bombardiri
Yarımmüdafiçi olsa da, əsasən komanda yoldaşlarını əlverişli mövqelərə çıxarması ilə fərqlənsə də, Mahmudovun qol vurmaq bacarığı kifayət qədər yüksəkdir. Təsadüfi deyil ki, o yığmamızın tarixində ən məhsuldar oyunçudur. Emin millidə, ümumilikdə 66 oyun keçirdi və 16 qol vurdu. Uzun illər yığmanın bombardirlər siyahısında 14 qolla Qurban Qurbanov əlçatmaz olsa da, Mahmudov onu “taxtdan salmağı” bacardı. Düz 21 il toxunulmaz qalan bu göstəricini Ukraynaya qarşı 2026-cı il dünya çempionatının seçmə mərhələ oyununda penaltini dəqiq yerinə yetirən Emin yenilədi. Sonradan hesabına daha bir qol əlavə edən kapitan göstəricisini 16-ya çatdırdı.
Karyerasını davam etdirən oyunçular arasında Mahmudova ən yaxın ad 10 qolla Ramil Şeydayevdir. Lakin son zamanlar onun yığmadan kənarda qalması Eminin rekordunun yaxın illərdə yenilənməsinin asan olmayacağını deməyə əsas verir.
Dünyanın danışdığı qol
Eminin millidəki ən yaddaqalan anlarından biri İsveçlə qarşılaşmada vurduğu qoldur. 2023-cü ildə Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən Avropa çempionatının seçmə mərhələ oyununda Azərbaycan millisi İsveçə 3:0 hesabı ilə qalib gəlmişdi. Avropa və dünya çempionatlarının daimi iştirakçılarından olan rəqibə qarşı bu nəticə özü-özlüyündə böyük hadisə idi. Həmin görüşdə iki dəfə fərqlənən Eminin 89-cu dəqiqədə vurduğu qol isə uzun müddət yaddaşlardan silinməyəcək. Qapıçı Şahruddin Məhəmmədəliyevin ötürməsindən sonra o, demək olar ki, meydanın mərkəzindən zərbə endirərək rəqib qapıçı Robin Olseni “ovladı”. Yaşıl meydanlarda nadir görülən həmin qol gözəlliyi ilə azarkeşləri valeh etmişdi. Təsadüfi deyil ki, dünyanın bir sıra media qurumlarında, sosial şəbəkələrdə dəfələrlə paylaşıldı, çarxların bəzəyinə çevrildi.
Alicənab oğlan
Emin barədə danışarkən futbolçu keyfiyyətləri ilə yanaşı, xarakterini də qeyd etmək lazımdır. O, illər ərzində sakit davranışı, intizamı və peşəkar münasibəti ilə seçildi. Müasir futbolda bir oyunçunun qalmaqallardan uzaq qalması, yalnız oyunu ilə gündəmə gəlməsi nadir tapıntılardandır. Əlbəttə, Mahmudovun da karyerasında çətin dönəmlər, narazılıqlar və mübahisəli qərarlar oldu. “Neftçi”də kapitanlıq sarğısının bir müddət əlindən alınması onun ümumi performansına təsir etsə də, üzərinə düşən işi yerinə yetirməyə davam etdi. Meydandan kənarda da alicənablığı ilə diqqət çəkən kapitan həm azarkeşlərə, həm media nümayəndələrinə isti münasibət göstərdi.
Sakit vida
Əslində, belə bir futbolçunun millidəki son oyununun doğma azarkeşlərin qarşısında keçirilməsini arzulayanlar az deyil. Ancaq vida Andorrada, evindən uzaqda baş tutdu. Sanki elə Eminin xarakterinə uyğun alındı. Sakit, təmtəraqdan uzaq...
Andorra ilə qarşılaşma onun üçün 66-cı və sonuncu oyun idi. Görüşdən əvvəl AFFA-nın baş katibi Cahangir Fərəcullayev futbolçuya üzərində 66 nömrəsi olan xatirə forması təqdim etdi. Emin meydana kapitan kimi çıxdı, 65-ci dəqiqədə isə əvəzləndi. Azərbaycan millisi həmin görüşdə 3:1 hesabı ilə qalib gəldi. Beləliklə, kapitan yığma karyerasını qələbə ilə başa vurdu.
“Ağ-qara” sevgi
Millidəki karyerası başa çatsa da, Emin Mahmudov hələlik futboldan ayrılmır. 34 yaşlı futbolçu üçün növbəti hədəf sevimli klubu “Neftçi” ilə bağlıdır. 2017-ci ildən “ağ-qara” formanı geyinən yarımmüdafiəçi azarkeşlərin sevimli oyunçularından biridir. Hətta Qurban Qurbanovdan “Qarabağ”a keçmək təklifi aldığı vaxtlarda belə “Neftçi”yə sadiq qalmağı seçən kapitan davranışı ilə bu münasibətə layiq olduğunu sübut edib. Bu sədaqətin qarşılığında çoxsaylı titullar qazanmasa da, Ağdam klubunun hegemon olduğu dövrdə bir dəfə çempionluq sevinci yaşayıb. İndi isə Mahmudov “Neftçi” kapitanı kimi daha bir titula köklənib. Komanda cari mövsümün lideridir və qızıl medallara əsas iddiaçılardandır. 90 illik yubileyini qeyd etməyə hazırlaşan “flaqman”da belə bir uğur karyerasının qürub çağlarını yaşayan Mahmudovun da kolleksiyasına yaxşı bəzək ola bilər.