• şənbə, 14 Noyabr, 03:57
  • Baku Bakı 13°C

Futbol Xankəndiyə qayıdır 

14.11.26 02:38 28
Futbol Xankəndiyə qayıdır 

Xankəndi stadionunun yenidən qurulması şəhərin idman həyatında yeni mərhələnin başlanğıcıdır. Bu baxımdan Peşəkar Futbol Liqasının stadionla bağlı qərarı xüsusi əhəmiyyət daşıyır.

İşğaldan azad edilmiş ərazilərimizdə həyatın yenidən qurulması və sakinlərin doğma yurdlarına qayıdışının təmin edilməsi məqsədi daşıyan “Böyük Qayıdış” proqramı çoxşaxəli prosesdir. Burada idman da mühüm istiqamətlərdənir. Yeni idman obyektlərinin inşası, müxtəlif yarışların təşkili və beynəlxalq tədbirlərin keçirilməsi Qarabağ və Şərqi Zəngəzurun dirçəliş prosesinə öz töhfəsini verir. Bu mənada idman “Böyük Qayıdış”ın ayrılmaz tərkib hissəsidir. Bu istiqamətdə atılan mühüm addımlardan biri Xankəndi stadionunun yenidən qurularaq müasir tələblərə uyğunlaşdırılmasıdır.

“Qarabağ” ilə açılan simvolik cığır

2023-cü ilin sentyabrında Xankəndi şəhəri işğaldan azad olundu və Azərbaycanın suverenliyi bütün ərazisində bərpa edildi. İşğala son qoyulandan cəmi bir neçə ay sonra Xankəndidə ilk futbol oyunu keçirildi. 2023-cü il dekabrın 21-də Azərbaycan Kubokunun 1/8 final mərhələsinin “Qarabağ” - MOİK qarşılaşmasına Xankəndi stadionu ev sahibliyi etdi. Bir tərəfdə Qarabağın adını illərdir beynəlxalq arenada təmsil edən, bölgənin rəmzinə çevrilmiş “Qarabağ” klubu, digər tərəfdə isə şanlı ordumuzun təmsilçisi MOİK komandasının məhz Xankəndidə üz-üzə gəlməsi qarşılaşmanı rəmzi əhəmiyyətini artırırdı. Prezident İlham Əliyevin də izlədiyi həmin görüşün keçirilməsi xüsusi mənəvi-siyasi əhəmiyyət daşıyırdı. Bu, Azərbaycanın azad edilmiş torpaqlara həyatın bütün sahələrində qayıdış əzminin nümayişi idi.

Sonrakı dövrdə də Xankəndidə idman tədbirləri keçirildi. Keçən il orada ilk dəfə beynəlxalq yarış təşkil olundu. Belə ki, MDB Oyunları çərçivəsində kamandan oxatma yarışları Xankəndidə baş tutdu. İndi isə Xankəndi stadionu əsaslı şəkildə yenidən qurularaq müasir standartlara uyğunlaşdırılıb. UEFA-nın 3-cü kateqoriyasına uyğun olması arenada ölkədaxili yarışlarla yanaşı, beynəlxalq görüşlərin, o cümlədən avrokubok qarşılaşmalarının keçirilməsinə də imkan verir.

Xankəndi stadionu yeni görkəmdə

Xankəndi stadionunun yenidən qurulması azad edilmiş ərazilərdə idman infrastrukturunun bərpası istiqamətində görülən işlərin mühüm mərhələlərindən biridir. 1956-cı ildə istifadəyə verilən arena uzun illər öz funksiyasını yerinə yetirə bilməsə də, şəhərin azad olunmasından sonra onun yenidən qurulması gündəmə gəldi. Əsaslı yenidənqurma işləri başa çatdıqdan sonra noyabrın 7-də Prezident İlham Əliyevin iştirakı ilə stadionun açılışı baş tutdu.

Yenilənmiş arena imkanlarına görə müasir idman qurğuları sırasında yer alır. Stadionun ərazisi genişləndirilib, tamaşaçı tutumu doqquz minə yaxınlaşdırılıb. Ümumilikdə stadionda müxtəlif kateqoriyadan olan qonaqların rahatlığı üçün şərait yaradılıb.

Süni örtüklü, müvafiq sertifikata malik meydanın ölçüləri beynəlxalq standartlara uyğundur. Meydançanın ətrafında atletika zonası da salınıb. Orada müxtəlif növ qaçış, uzununa tullanma və digər atletika növləri üçün müvafiq sahələr yaradılıb. Beləliklə, stadion yalnız futbol deyil, müxtəlif idman tədbirlərinin təşkili üçün də istifadə oluna bilər. Arenada komanda üzvlərinin, rəsmi şəxslərin istifadəsi üçün zəruri otaqlar, media nümayəndələri üçün iş şəraiti, konfrans zalı, tibb məntəqəsi kimi zəruri sahələr yaradılıb. Gələcəkdə hətta milli komandamızın da Xankəndidə oynaması mümkündür. 

İlk oyunun vaxtı da bəllidir

Əminliklə deyə bilərik ki, stadionun yenidən qurulması Xankəndinin idman həyatında yeni mərhələnin başlanğıcıdır. Bu baxımdan Peşəkar Futbol Liqasının stadionla bağlı qərarı xüsusi əhəmiyyət daşıyır. Qurumun açıqlamasına əsasən, I Liqada mübarizə aparan “Xankəndi” və MOİK komandaları ev oyunlarını bu arenada keçirəcəklər. Beləliklə, vaxtilə yalnız xüsusi tədbirlərə ev sahibliyi edən stadion artıq müntəzəm futbol oyunlarının keçirildiyi məkan olacaq. Artıq ilk oyunun vaxtı da açıqlanıb. Noyabrın 19-da I Liqanın 8-ci turunun “Xankəndi” - “Karvan-Yevlax” oyunu ilə stadion milli çempionatda “siftə”sini edəcək.

“Xankəndi” klubunun doğma şəhərdə meydana çıxması yerli futbol ənənələrinin formalaşmasına və şəhərin ictimai həyatının canlanmasına xidmət edəcək. Digər tərəfdən, Azərbaycan Ordusunun idman sahəsindəki təmsilçisi olan MOİK-in də burada ev oyunlarını keçirməsi xüsusi məna daşıyır.

Stadionun fəaliyyətə başlaması şəhərin sosial həyatı baxımından da böyük əhəmiyyət daşıyır. Xankəndidə fəaliyyət göstərən Qarabağ Universitetinin tələbələri üçün oyunların təşkili prosesində könüllü və digər istiqamətlərdə iştirak imkanları yaranacaq. Bu, gənclərin futbol mühitinə daha yaxından cəlb olunmasına və onların idman tədbirlərinin təşkilində təcrübə qazanmasına şərait yaradacaq. 

Suqovuşanda avarçəkmə yarışları ilə başlayıb Şuşada beynəlxalq turnirlərə, Xankəndidə futbol oyunundan ultramarafonlara qədər uzanan idman prosesi Qarabağ və Şərqi Zəngəzurun həyatın canlanmasını göstərən vacib amillərdəndir. Qarşıda yeni stadionların, idman qurğularının tikilişi gündəmdədir. Tezliklə Ağdamda “İmarət” stadionu da hazır vəziyyətə gətiriləcək. Kim bilir, bəlkə yaxın gələcəkdə Xankəndi və Ağdam təmsilçiləri arasında Qarabağ derbisi ölkə futboluna yeni maraq yaradacaq. 

banner

Oxşar Xəbərlər