“Neftçi” qış çempionluğuna doğru
“Neftçi”nin ən güclü tərəfi hücum xəttidir. Yayda heyətinə keyfiyyətli irəli xətt oyunçuları cəlb edən flaqman 10 oyunda 25 qol vurub və bu göstəricidə vahid liderdir. Bu, klub tarixində 21-ci əsrin rekordudur.
“Neftçi” futbol üzrə Azərbaycan Premyer Liqasında qış çempionluğuna doğru inamla irəliləyir. Düzdür, hələ fasiləyə qədər qarşıda kifayət qədər oyun var, amma geridə qalan 10 turda yaşananlar “ağ-qaralar”ın ili major notlarla bitirmək ehtimalının yüksək olduğunu deməyə əsas verir. Buna qədər 21 xal toplayan kollektiv uzun müddət sonra liqanın vahid lideridir.
“Qarabağ”la “Sabah”a ciddi rəqib
Son bir neçə mövsümü boşa verən, yalnız keçən çempionatın ortalarından etibarən özünə gəlməyə başlayan və yekunda 3-cü yeri tutan “Neftçi” bu dəfə qızıl medallara iddialıdır. Uzun illər “Qarabağ”ın hegemonluq etdiyi Premyer Liqada ötən mövsüm “Sabah” taxt-taca yiyələndi. Bu dəfə də mübarizənin əsasən bu iki kollektiv arasında gedəcəyi gözlənilsə də, “Neftçi” bu yarışda “mən də varam” mesajını verməyi bacarır.
“Sabah” üçün mövsüm ağır qrafikdə davam edir
Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Sabah” üçün mövsüm ağır qrafikdə davam edir. Hazırda iki cəbhədə mübarizə aparan kollektiv tezliklə ölkə kubokunda da yarışmalı olacaq. Bununla belə, ehtiyatında bir oyun olan komanda hazırda “Neftçi”dən cəmi 1 xal geri qalır və potensial lider hesab olunur. Lakin keçən tur “Turan Tovuz” səfərində yenilgi “Sabah”ın heç də məğlubedilməz olmadığını göstərdi. Ağır qrafikdə oynaması, bir çox hallarda məşqçilərin heyətdə rotasiyalara getməsi, çempionatda “futuristlər”in heç də həmişə əsas oyunçularla mübarizə aparmaması komandanın oyununa təsirsiz ötüşmür. Doqquz oyunun altısında qələbə qazanan “Sabah” həm “Neftçi”, həm də “Qarabağ” ilə heç-heçə edib. İlk “4-lüy”ün digər üzvü “Tovuz”a məğlubiyyət isə komandanın birbaşa rəqibləri ilə görüşlərdə çətinlik çəkdiyini göstərir.
“Qarabağ”da vəziyyət daha çətin görünür
“Qarabağ”da isə vəziyyət daha çətin görünür. Düzdür, Ağdam təmsilçisi 19 xalla dördüncüdür və ehtiyatındakı oyunla onlar da “Neftçi”ni keçə bilərlər. Lakin son turda “Qəbələ” səfərində qeydə alınan heç-heçə komandada problemlərin olduğunu göstərdi. “Qarabağ” “Neftçi” və “Sabah”a qarşı oyunlarda da “xalları yarı bölüb”. Bu yay heyətində ciddi yeniliklər olan Qurban Qurbanovun komandası əvvəlki qədər əzəmətli görünmür. Yeni transferlərin tam oyun üslubuna uyğunlaşması ləng gedir. Uzun illər stabil heyətlə çıxış edən “Qarabağ”da bu mövsüm üçün əsas və ehtiyat oyunçuların kimlər olduğu hələ də qeyri-müəyyən görünür. Vaxt isə gedir, hər itirilən xal yekunda çempionluq mübarizəsində komandaya ciddi çətinlik yarada bilər. Əsas rəqiblərinin fərqli problemlər yaşadığı dövrdən “Neftçi” maksimum yararlanmağı bacarır.
Əsrin rekordu
“Neftçi”nin ən güclü tərəfi hücum xəttidir. Yayda heyətinə keyfiyyətli irəli xətt oyunçuları cəlb edən flaqman 10 oyunda 25 qol vurub və bu göstəricidə vahid liderdir. Bu, klub tarixində 21-ci əsrin rekordudur. Bakı klubunun mövsümün ilk 10 çempionat oyununda ən azı 25 qol vurması sonuncu dəfə 2000-ci ildə qeydə alınıb. “Neftçi” qarşısındakının kimliyindən asılı olmayaraq, xoşbəxtliyi rəqib qapısı qarşısında axtarır. Komanda topa daha çox nəzarət edir, çoxkombinasiyalı hücumlar qurur, sürətli keçidlərlə daim rəqibi təzyiqdə saxlamağı bacarır. Yuri Vernidubun irəli xətdə variantları kifayət qədər çoxdur və icraçılar da keyfiyyətlidirlər. Komandanın əsas lideri isə Breno Almeydadır. Parlaq çıxışı ilə diqqət çəkən oyunçu doqquz qolla çempionatın ən sərrast oyunçusudur.
Çempionluq üçün sınanmış formul
Hər nə qədər klassik ifadə olsa da, futbolda çempionluq birbaşa rəqiblərlə oyunlardan çox alt pillələrdəki komandalara qarşı əldə edilən nəticələrlə qazanılır. Bu mövsüm “Neftçi” bunu çox yaxşı bacarır. “Qarabağ” və “Sabah” kimi komandalara qarşı qazanılan xalların əhəmiyyəti böyükdür, daha vacibi isə nisbətən zəifləri mütləq məğlub etməkdir. “Ağ-qaralar” bu mövsüm yalnız “Zirə”yə uduzublar, ilk “4-lük”dəki rəqiblərlə oyunlarda heç-heçəyə razılaşıblar, daha aşağı pillələrdəki bütün rəqiblərini isə məğlub etməyi bacarıblar. Bu, çempionluq mübarizəsi aparan komanda üçün olduqca yaxşı nəticədir. Məğlub etməli olduğunu məğlub et, daha güclülərə uduzma - çempionluq üçün sınanmış formuldur.
Arxa xəttə əl gəzdirməli
“Neftçi” hücumda hər nə qədər qarşısıalınmaz görünsə də, müdafiə planında vəziyyət çox da yaxşı deyil. Bir neçə qarşılaşmada komanda çox sadə qollar buraxıb. Ümumilikdə kollektiv qapısında 11 top görüb və bu, ilk “5-lik”də ən pis nəticədir. Hücum edən komandanın müdafiədə boşluq buraxması normal görünə bilər, lakin əgər qolların bir çoxu fərdi səhvlərdən buraxılırsa, burada keyfiyyət məsələsi gündəmə gəlir. Rəqib komandalar bu problemləri görür və planları ona uyğun qururlar.
“Neftçi” sona qədər çempionluq mübarizəsini davam etdirmək niyyətindədirsə, qış fasiləsində arxa xəttə əl gəzdirməlidir. Xüsusilə müdafiənin mərkəzində İqor Ribeyronun qeyri-sabit çıxışı komandanı bir neçə dəfə çətin vəziyyətə salıb. Eyni zamanda, sağ cinah üçün də alternativlər düşünülməlidir. Emil Balayev və Rza Cəfərov milli komandaya namizədlər hesab olunsalar da, onların qapıdakı oyunu da bir o qədər inam vermir.
İstənilən halda, hazırkı performans bir neçə il davam edən çətin periodun geridə qalmaqda olduğunu demək üçün yaxşı əsasdır.