Yığmamızda Fernandu Santuş dövrü
Baş məşqçi vəzifəsinə tanınmış portuqaliyalı mütəxəssis Fernandu Santuş gətirilib. Onunla 3+1 illik müqavilə imzalanıb. Bakıda keçirilən təqdimat mərasimində yeni baş məşqçi iddialı açıqlamalar verib, uğur vəd edib.
Futbol üzrə Azərbaycan millisinin yeni baş məşqçisi müəyyənləşib. AFFA-nın İcraiyyə Komitəsinin onlayn formatda keçirilən iclasında yeni baş məşqçi ilə əlaqədar qərar qəbul edilib. Baş məşqçi vəzifəsinə tanınmış portuqaliyalı mütəxəssis Fernandu Santuş gətirilib. Onunla 3+1 illik müqavilə imzalanıb. Müqavilənin maliyyə tərəfi açıqlanmayıb. AFFA-nın yaydığı məlumatda bildirilir ki, seçim edilərkən əsas məqamlar uzunmüddətli əməkdaşlığa, uşaq futbolunun inkişafına yönəldilib: "Bu xüsusda Fernandu Santuşun dünyanın tanınmış futbol mütəxəssislərindən biri kimi zəngin təcrübəsi, peşəkar fəaliyyəti dövründə qazandığı uğurlar, o cümlədən Portuqaliya yığması ilə Avropa çempionluğu nəzərə alınaraq Azərbaycan milli komandasının baş məşqçisi təyin olunması barədə qərar qəbul edilib”. Portuqaliyalı mütəxəssisin qarşısında rəqabətədavamlı komandanın formalaşdırılması və AVRO-2028-in seçmə mərhələsində uğurlu çıxış məqsədi qoyulub".
AFFA-nın İcraçı vitse-prezidenti Sərxan Hacıyev yeni baş məşqçinin təqdimat mərasimində deyib ki, təyinat zamanı bir sıra məqamlar nəzərə alınıb.
“İnanıram ki, tarixi nəticələrə imza atacağıq”
Azərbaycan milli komandasının yeni baş məşqçisi Fernandu Santuş da ilk mətbuat konfransında iddialı açıqlamalar verib. O, Azərbaycan millisindəki fəaliyyətinin uzunmüddətli layihə olduğunu bildirib: “Mənim məşqçi heyətim, AFFA, eləcə də sizlərlə birlikdə biz böyük uğura nail olub, tarix yaza biləcəyik. Bunun üçün klublarla da birlikdə əl-ələ verib işləmək çox önəmlidir. İnanıram ki, tarixi nəticələrə imza atacağıq. Ümid edirəm ki, Azərbaycan millisi rəhbərliyim altında hansısa böyük yarışa yollanacaq”.
“İşə ciddi yanaşmaq istəyirik”
Santuş qeyd edib ki, qonşu Gürcüstan millisinin böyük turnirdə iştirakı Azərbaycan üçün motivasiyadır: “Qazaxıstan da Avropa çempionatına vəsiqə qazanmağa yaxın idi. Hədəf də odur ki, 2028-ci ildə böyük miqyaslı turnirə vəsiqə qazanaq. Bunun üçün hər bir şərait var. Sizin də dəstəyiniz çox önəmlidir. Xalqın inamı, dəstəyi də, həmçinin. Uğur ani olaraq göydən düşmür. Uzunmüddətli layihələrlə həyata keçirilir. Təəssüf ki, əvvəlki seçmə mərhələlərdə bunun üçün cəhd edilib, amma alınmayıb. Mənim üçün də motivasiya odur ki, bunu dəyişim. Ümid edirəm ki, bu, bizdə alınacaq. Onu da qeyd edim ki, heyətimlə burada, Azərbaycanda yaşayacağıq. AFFA ilə layihəni həyata keçirmək üçün burada yaşayıb, ölkənin mədəniyyəti ilə də tanış olacağıq. Bizim işimiz gəlib oyunları yola verib, öz ölkəmizə qayıtmaq deyil. İşə ciddi yanaşmaq istəyirik”.
Zəngin karyeraya malik mütəxəssis
Qeyd edək ki, Fernado Santuş zəngin karyeraya malik bir mütəxəssisdir. Ronaldolu Portuqaliyaya Avropa çempionluğu, digər titul və medallar qazandırıb. Onun yığmalarla işi Portuqaliya ilə yekunlaşmayıb. Bir müddət Yunanıstan yığmasını çalışdırıb, bundan sonra Polşa yığmasına rəhbərlik edib. Azərbaycanın futbol azarkeşləri isə onu daha çox Türkiyədə - “Beşiktaş”dakı fəaliyyəti ilə tanıyırlar. Portuqaliyalının son iş yeri də məhz İstanbul klubu olub.
“Düşünürəm ki, Santuş Byazidən uğurlu olar"
Belə zəngin karyeraya malik bir mütəxəssisin Azərbaycan yığması ilə hansı qrafiki cızacağı maraq doğurur. Tanınmış məşqçi, AFFA yanında Məşqçilər Şurasının üzvü Ağasəlim Mircavadov hesab edir ki, Fernandu Santuş təcrübəli məşqçidir. Bundan əlavə, onun portuqaliyalı olması da bizim üçün üstünlükdür. Çünki Azərbaycan futbolu bir növ Portuqaliya, İspaniya futboluna yaxındır. Bu baxımdan mütəxəssis əmindir ki, Santuş yığmanın sabiq baş məşqçisi Canni de Byazidən daha uğurlu nəticələr qazanacaq: “Fernandu Santuş təcrübəli mütəxəssisdir, Portuqaliya millisi ilə uğur qazanıb. Amma bir şey var ki, o, Portuqaliya yığmasında liderlərlə işləyirdi. Bizdə isə tam başqa işlər görməlidir. Vallah, mən düşünürəm ki, Fernandu Santuş Canni de Byazidən uğurlu olar".
Sabiq futbolçu Aslan Kərimov isə deyib ki, bu təyinat onun üçün sürpriz olub. O, 70 yaşlı mütəxəssisin millidəki işinin çətin olacağını söyləyib: "Fernandu Santuşun savadına, təcrübəsinə yəqin ki, dünyada heç kimin şübhəsi olmaz. Burada əsas məsələ odur ki, onun bizimlə işləməyə enerjisi çatacaqmı? Milli elə bir komandadır ki, burada çox işləmək, futbolçularla əlaqədə olmaq lazımdır”.