• bazar ertəsi, 11 avqust, 16:54
  • Baku Bakı 30°C

Yeniyetmə güləşçilərimizin Afina sınağı

09.08.25 01:37 318
Yeniyetmə güləşçilərimizin Afina sınağı

Güləşçilərimizin Afinadakı nəticələrini qənaətbəxş hesab etmək olar. İdmançılarımızın yeddi dəfə fəxri kürsüyə qalxması bunu deməyə əsas verir. Lakin əldən çıxan bir neçə fürsətin olduğu da qeyd edilməlidir. 

Azərbaycanın yeniyetmə güləşçiləri Yunanıstanın paytaxtı Afinada keçirilən dünya çempionatında ölkəmizi uğurla təmsil etməyi bacardılar. Ellada torpağına geniş heyətlə yollanan millimiz yunan-Roma və sərbəst güləşdə həm qızıl, həm də digər aşağı əyarlı medallarla azarkeşləri sevindirdilər.

Mundiala 23 pəhləvanla qatıldılar

İyulun 28-dən avqustun 3-dək davam edən mundiala Azərbaycan komandası 23 güləşçi ilə qatıldı. Pəhləvanlarımızdan onu yunan-Roma güləşində, onu sərbəst güləşdə, üçü isə qadın güləşində mübarizə apardılar. Yarışa yunan-Roma güləşçiləri start verdilər. Böyük məşqçi Taleh İsrafilov, məşqçilər Rasim Ağayev, Elbrus Məmmədov və Nazim Əhmədovun rəhbərliyi altında Abdurrahman Hüseynli, Qurban Məcnunov, Hikmət Haqverdiyev, Nihat Bəhmənov, Əli Nəzərov, Hüseyn İsgəndərov, Yusif Əhmədli, Nicat Yeylaqaliyev, Səid Paşayev və Rihad İbrahimli uğur qazanmağa çalışdılar.

Daha sonra böyük məşqçi Həsrət Məmmədyarovun nəzarəti altında yeniyetmə qızlarımız - Nəzrin Əhmədli, Fatimə Bayramova və Esra Məmmədli xalça üzərinə çıxdılar.

Yarışın son günlərində isə sərbəst güləşçilər mübarizəyə qoşuldular. Böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədov və Yaşar Əliyevin rəhbərliyi altında Sadiq İsmayılov, Rəvan Həsənzadə, Ramal Mirhüseynov, Ruslan Əlizadə, Həsən Həsənov, Hüseyn İsmayılov, Rəşad Veysəlov, Nihad Süleymanlı, Səid Paşayev və Hakim Tağıyev çıxış etdilər.

“Klassiklər”dən bir dəst medal

Yunan-Roma güləşçilərimiz Afinada ölkəmizi layiqincə təmsil etməyi bacarıblar. “Klassiklər” mundialda bir dəst medal qazanıblar: bir qızıl, bir gümüş və bir bürünc medal.

45 kq çəki dərəcəsində yarışan Abdurrahman Hüseynli son qarşılaşmada ukraynalı Timur Məhərrəmova tam üstünlüklə (9:0) qalib gələrək bürünc medala yiyələnib. 51 kq-da çıxış edən Hikmət Haqverdiyev daha böyük uğur əldə edib. Finala qədər bütün rəqiblərinin kürəyini yerə vuran idmançımız yalnız həlledici qarşılaşmada büdrəyib. Burada o, özbəkistanlı Otabek Tursunova 1:4 hesabıyla məğlub olub və gümüş medalı boynundan asıb.

Ən yaxşı nəticəni isə Əli Nəzərov qazanıb. 60 kq çəki dərəcəsində çıxış edən yeniyetmə güləşçi finala qədər rəqib tanımayıb. Heç həlledici qarşılaşmadakı rəqibi də ona ciddi müqavimət göstərə bilməyib. Qızıl medal uğrunda görüşdə qırğızıstanlı Amangəldi Ysakbayevlə qarşılaşan Əli rəqibini 6:1 hesabıyla üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib. Bu nəticələrdən sonra yunan-Roma güləşçilərimiz ümumilikdə 100 xal toplayaraq, komanda hesabında Qırğızıstanla 4-5-ci yerləri bölüşüblər.

Sərbəst güləşçilərimizdən 4 medal

Sərbəst güləşçilərimiz isə medal sayına görə daha yaxşı nəticə göstərməyi bacarıblar. Komandamız Afinadan biri qızıl, üçü bürünc olmaqla ümumilikdə dörd medalla qayıdıblar.

Əvvəlcə 110 kq-da yarışan Hakim Tağıyev bürünc medal əldə edib. O, təsəlliverici görüşdə ermənistanlı Laert Movsesyana heç bir şans tanımayıb – 13:4. Milli üzvü həlledici qarşılaşmada bolqarıstanlı Stefan Stefanova sonuncu xal prinsipinə əsasən (1:1) qalib gələrək bürünc medalı boynundan asıb.

Yarışın son günündə Həsən Həsənov (60 kq) təsəlliverici görüşlərdə yunanıstanlı Pavlos Ntiantiadislə qırğızıstanlı Ulukman Jekşenkulov (7:2) üzərində inamlı qələbə qazanıb. Həmyerlimiz həlledici qarşılaşmada kanadalı Natan Naşı minimal fərqlə (5:4) üstələyərək bürünc medal əldə edib. Səid Paşayev (92 kq) isə təsəlliverici görüşdə ukraynalı Samir İbişovdan güclü olub - 2:0. Avropa çempionumuz bürünc medal uğrunda qarşılaşmada isə qazaxıstanlı Beibaris Yerqaliyə 5:3 hesabıyla qalib gələrək dünya üçüncüsü olub.

Sərbəst güləşdə yeganə “qızıl”ı Hüseyn İsmayılov əldə edib. 65 kq çəki dərəcəsində yarışan pəhləvanımız həlledici qarşılaşmada amerikalı Arseni Kikinyovla üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən görüşdə rəqibinə sonuncu xal prinsipinə əsasən (1:1) qalib gələn həmyerlimiz dünya çempionu olub.

Beləliklə, Azərbaycan 90 xalla komanda hesabında dördüncü pillədə qərarlaşıb və ilk “üçlüy”ü qapayan Qazaxıstandan cəmi bir xal geri qalıb. ABŞ 154 xalla dünya çempionu olubsa, İran 150 xalla ikinci yeri tutub.

Medal sayı daha çox ola bilərdi

Ümumilikdə, güləşçilərimizin Afinadakı nəticələrini qənaətbəxş hesab etmək olar. İdmançılarımızın yeddi dəfə fəxri kürsüyə qalxması bunu deməyə əsas verir. Lakin əldən çıxan bir neçə fürsətin olması təəssüf doğuran məqamdır. Xüsusən, Yusif Əhmədli, yunan-Roma güləşçisi Səid Paşayevin medalın bir addımlığında büdrəməsi mükafatçılarımızın sayının daha artıq olmasına imkan verməyib. Qadın güləşində isə çıxışlarımız istənilən səviyyədə olmadı.

Bundan əlavə, medalların əsasən yüngül çəkidə gəlməsi də diqqət çəkir. Çəki artdıqca nəticələr zəifləyir. Bu da gələcəkdə ağır çəkilərdə yerli idmançı çatışmazlığına, nəticə etibarilə legioner asılılığına səbəb ola bilər. Məhz bu yaş kateqoriyasında ağır çəkilərdə idmançı hazırlığına daha çox diqqət ayrılmalıdır.

Qazanılan nəticələr Azərbaycan güləşinin gələcəyinin etibarlı əllərdə olduğunu göstərir.

banner

Oxşar Xəbərlər