• çərşənbə, 24 Iyul, 19:18
  • Baku Bakı 30°C

Xavi də “Barsa”ya dərman ola bilmədi 

03.02.24 00:42 6306
Xavi də “Barsa”ya dərman ola bilmədi 

Onun ən böyük çatışmazlığı qitəmiqyaslı turnirlərdə uğur əldə edə bilməməsidir. Bu il ölkə çempionatında da işlər qaydasında getmir. Komanda hazırda adət etmədiyi dördüncü pillədə qərarlaşıb. 

Hər yaxşı futbolçudan yaxşı məşqçi olmur. Nə qədər klassik ifadə olsa da, bu tezis dəfələrlə özünü doğruldub. Əvvəllər bir sıra əfsanəvi futbolçular məşqçi kimi uğursuzluğa düçar olublar. Son illər bir çox klublar öz əfsanələrini baş məşqçi kürsüsünə oturtsalar da, nəticə əldə edə bilməyiblər. Məsələn, “Milan”da Filippo İnzaqi, Klarens Zeedorf, “Yuventus”da Andrea Pirlo, “Mançester Yunayted”də Ule Qunnar Sulşer belə nümunələrdəndir. “Barselona”da isə Xavi həmin “karvan”a qoşulmaq üzrədir. Düzdür, onun yaxşı məşqçi olmayacağını iddia etmək üçün hələ tezdir, lakin son zamanlar yaşananlar bu fikrin müdafiəçilərinin sayını artırıb.

Üç ilə iki titul

Qətər “Əl-Sədd”ində debüt etmiş Xavi orada bir sıra titullar əldə etdikdən sonra artıq böyük klub çalışdırmağa hazır hesab edildi və 2021-ci ilin noyabrında klub prezidenti Xuan Laportanın dəvəti ilə “Barselona”nın baş məşqçisi təyin olundu. O, Kataloniya klubunun “sükanı arxası”nda niderlandlı Ronald Kumanı əvəzlədi. Komandanı 9-cu pillədə qəbul edən mütəxəssis yekunda gümüş medalçı edə bildi.

Növbəti mövsümü Xavinin qısa məşqçilik karyerasının ən şanlı səhifəsi adlandırsaq, yanılmarıq. 2023-cü ilin yanvarında o, “Barsa”ya İspaniya Super Kubokunu qazandırdı. “El-Klassiko”da “Real Madrid” üzərində qələbə Xavinin Kataloniya təmsilçisində məşqçi kimi ilk titulu oldu. Mövsümün sonunda isə o, komandanın çempionluq həsrətinə son qoya bildi. Sonuncu dəfə 2018/19 mövsümündə İspaniyanın ən güclüsü olan “göy-qırmızılar” 4 il sonra istəyinə çatdı. Azarkeşlər klubun Pep Qvardioladan sonra, nəhayət, istədiyi məşqçini tapdığını düşünməyə başlamışdılar. Elə Xavi özü də taktiki baxımdan özünü keçmiş çalışdırıcısına bənzədir. “Barsa” onun rəhbərliyi altında ənənəvi futbolundan imtina etmir, Yohan Kroyfdan gələn, Qvardiolanın inkişaf etdirdiyi ənənələrə sadiqdir. Lakin bu mövsüm gözləntilər özünü doğrultmur.
La Liqada 21 turdan sonra “Barselona” 44 xalla 4-cüdür. Komanda lider “Jirona”dan, əzəli rəqibi “Real Madrid”dən 11 xal geri qalır. Son turda “Barsa” öz meydanında “Vilyarreal”a 3:5 məğlub oldu. 0:2-dən 3:2 önə keçməsinə baxmayaraq, yekunda yaşanan məğlubiyyət azarkeşlərin də, Xavinin özünün də səbir kasasını daşırdı. Oyunu “biabırçılıq” adlandıran çalışdırıcı qarşılaşmadan sonra mövsümün sonunda komandanı tərk edəcəyini açıqladı.

Avrokuboklarda dişsizlik

Xavinin “Barsa”da ən böyük çatışmazlığı qitəmiqyaslı turnirlərdə uğur əldə edə bilməməsidir. Komanda ilk mövsümdə Avropa Liqasının ¼ finalında dayandı. Çempionluq mövsümündə Xavi komandanı Çempionlar Liqasının qrupundan çıxara bilmədi. Komanda “Bavariya” və “İnter”lə mübarizədə qrup üçüncüsü olaraq Avropa Liqasına yuvarlandı. Burada isə pley-off mərhələsində “Mançester Yunayted”ə məğlubiyyət daha bir avrokubok macərasının qısa çəkməsinə səbəb oldu.
Bu mövsüm “Barsa” Çempionlar Liqasında mərhələ adlamağı bacarıb. Lakin qrup lideri olan komandanın ümumi performansı nəzərə alındıqda çox irəli getməsi inandırıcı görünmür.

Transfer narazılıqları

Xavi dövründə “Barsa”nın transfer fəaliyyətini əksər mütəxəssislər birmənalı qarşılamırlar. Çünki prosesdə natamamlıq və təzadlar mövcuddur. Öncə yaşlı Dani Alveşin gətirilməsi, daha sonra buna əks addım olaraq Serxio Buskets, Jordi Alba kimi oyunçuların yaşının çox olması səbəbindən yola salınması kimi addımlar atıldı. Digər transferlər, komanda quruculuğu ardıcıl həyata keçirilmədi. Ferran Torres, Adama Traore, Pyer-Emerik Obameyanq, Joau Feliks, Oriol Romeu, hətta Robert Levandovski kimi oyunçuların gətirilməsində Xavinin istəkli olmadığına dair məlumatlar var. Digər tərəfdən, baş məşqçinin narazılığına baxmayaraq, Usman Dembelenin göndərilməsi onun işinə mane olan amillərdən idi. 

Bundan sonra nə olacaq?

La Liqada çempionluq ehtimalları çox azdır. Ölkə kubokunda da komanda mübarizəni dayandırıb. “Barsa”nın mövsüm üçün əsas hədəfi Çempionlar Liqası ilə bağlıdır. Orada “Mançester Siti”, “Bavariya”, PSJ, “Real Madrid” kimi çox iddialı kollektivlərin olmasına baxmayaraq, Kataloniya cəbhəsindən məqsədin məhz qitənin ən güclüsü olmaq olduğu mesajları verilir. Bu, həm də Xavi üçün qapını möhkəm çırpmaq imkanıdır. Lakin heyətin potensialı və performansı hədəfin çox da inandırıcı olmadığını demək üçün kifayət qədər ciddi əsasdır.
Xavinin mövsümün ortasında belə qərar verdiyini açıqlaması komandaya, şübhəsiz ki, təsir edəcək. Bəzi xəbərlərə görə, onun qərarı futbolçular üçün tamamilə gözlənilməz olub. Mövsümün qalan hissəsində oyunçuları matçlara köklənmək elə də asan olmayacaq.
Digər tərəfdən, klub artıq növbəti mövsüm üçün baş məşqçi axtarışlarına başlamaq fürsəti əldə edib. Hazırda “Barsa” ilə adı daha çox hallananlar “Liverpul”dan ayrılacaq Yurgen Klopp, Almaniya millisi və “Bavariya”nın sabiq çalışdırıcısı Hansi Flik və İtaliya “Bolonya”sında oynatdığı cəsarətli futbolla diqqət çəkən Tiaqo Mottadır.

banner

Oxşar Xəbərlər