• çərşənbə axşamı, 19 mart, 13:31
  • Baku Bakı 8°C

Xarici turistlərin işğaldan azad edilmiş ərazilərə səfərləri təşkil olunacaq

18.03.23 13:30 602
Xarici turistlərin işğaldan azad edilmiş ərazilərə səfərləri təşkil olunacaq

Martın 18-dən Şuşaya Azərbaycan vətəndaşları üçün turlar başlayıb. Düşünürük ki, bu ənənə xarici turistlərə də şamil ediləcək. Xarici turistlərin təkcə Şuşaya deyil, işğaldan azad edilmiş digər ərazilərə də səfərləri təşkil olunacaq.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Dövlət Turizm Agentliyi sədrinin müşaviri Kənan Quluzadə bildirib.

Xatırladaq ki, Azərbaycanın turizm potensialı hazırda Moskvada keçirilən “MITT 2023” beynəlxalq səyahət və turizm sərgisində nümayiş etdirilir.

K.Quluzadə bildirib ki, Rusiya Azərbaycan turizmi üçün əsas ölkələrdən biridir. Ənənəvi olaraq Rusiyadan Azərbaycana gələn turistlərin sayı ümumi turist sayından xeyli artıqdır.

“Cari ildə də bu sahədə dinamika müşahidə olunur. Yanvar- fevral aylarında Azərbaycana 75 mindən çox turist gəlib ki, bu da ötən illə müqayisədə 51 faiz çoxdur. Düşünürəm ki, bu dinamika artacaq. Hələlik pandemiya məhdudiyyətləri mövcuddur. Bundan başqa, postsovet məkanında müəyyən dəyişikliklər də turist axınına təsir göstərir. Qarşıdan gələn Novruz bayramı günlərində, Formula 1 yarışları zamanı rusiyalı turistlərin sayının artacağını gözləyirik. Yay mövsümünə də hazırlıq gedir. Bütün ölkələrdən, o cümlədən Rusiyadan Azərbaycana turistlərin cəlb edilməsi istiqamətində işlər aparılır”, - dəyə o bildirib.

Dövlət Turizm Agentliyinin nümayəndəsi qeyd edib ki, Moskva sərgisində işğaldan azad edilmiş ərazilərimizin turizm potensialı nümayiş edilir. Sərgi çərçivəsində Rusiyanın dövlət qurumları, turizm şirkətləri ilə əlaqələrin genişləndirilməsi, qarşılıqlı uçuşların sayının artırılması məsələləri müzakirə olunur. Təkcə son ay ərzində Rusiyadan Azərbaycana 400 aviareys həyata keçirilib və bu sahədə də müsbət dinamikanın davam edəcəyi gözlənilir.

Kənan Quluzadə turistlərin bölgələrə də böyük maraq göstərdiklərini vurğulayıb. O deyib: “Bölgələrimizdə hazırda mövcud olan və işğaldan azad edilmiş ərazilərdə tikilən aeroportlar da Rusiyadan və digər ölkələrdən daha çox turist cəlb etməyə imkan yaradacaq. Bu ilin qış mövsümündə rusiyalı turistlər arasında Bakı ilə yanaşı, əsas turistik dəhlizlər, xüsusilə isə “Şahdağ” Turizm Mərkəzi yetərincə populyar olub. Bu il Qəbələ, Şəki, Lənkəran, Gəncə istiqamətində səfərlərin sayının artacağı gözlənilir. Rusiyalı turistlər Azərbaycanda daha çox mədəni-tarixi irsimizlə bağlı, müalicə-sağlamlıq turizmi, qastro turizminə maraq göstərirlər. Tələbata uyğun olaraq yeni turizm marşrutları qurmaqda davam edəcəyik”.

banner

Oxşar Xəbərlər