12 milyardlıq hədəf realdırmı?
Bugünlərdə təsdiqlənən Dövlət Proqramında turizm sektorunun yaratdığı əlavə dəyərin 12,2 milyard manata çatdırılması hədəflənir. Bununla turizmin qeyri-neft-qaz iqtisadiyyatındakı payının artırılması nəzərdə tutulur. Bəs bu hədəfə nail olmaq mümkündürmü?
Azərbaycan 2030-cu ilədək turizmi iqtisadiyyatın əsas sahələrindən birinə çevirməyi nəzərdə tutur. Bu günlərdə təsdiqlənən Dövlət Proqramında sektorun yaratdığı əlavə dəyərin 12,2 milyard manata, xarici turistlərin ölkədə xərclədiyi vəsaitin isə 6,3 milyard manata çatdırılması hədəflənir. Bununla turizmin qeyri-neft-qaz iqtisadiyyatındakı payının artırılması nəzərdə tutulur. Bəs bu hədəfə nail olmaq mümkün olacaqmı?
Aviabilet qiymətlərinin aşağı salınması vacib faktor kimi
Turizmçi Əfsun Əhmədov hesab edir ki, 2030-cu ilə qədər turizmdə 12 milyard manat hədəfi realdır. Amma bunun üçün neftdən asılılığı azaldıb turizmi “ixrac sektoru” kimi görmək lazımdır: “Hazırda Azərbaycanın turizm gəliri təxminən 5,5-6 milyard manat civarındadır. Biz bunu iki dəfə artırmalıyıq. Bunun üçün ilk növbədə ölkəmizin yerləşdiyi bölgədə geosiyasi vəziyyətin sabit qalması vacibdir”.
Turizmçi ikinci faktor kimi aşağı büdcəli aviaşirkətlərin ölkəyə cəlbini önəmli hesab edir: “Digər hava yolları ilə tranzit müqavilələr olsa, aviabilet qiymətlərinin aşağı salınmasına nail ola bilərik”.
Ə.Əhmədovun fikrincə, viza məsələləri də qarşıya qoyulan hədəfə çatmaq üçün vacib amildir. Belə ki, e-viza veriləcək ölkələrin sayının artırılması Azərbaycanı daha rahat səfər ediləcək ölkələr siyahısında önə çıxarmış olacaq: “Bundan əlavə, vergi güzəştləri də vacibdir. 4-5 ulduzlu hotellərdə ƏDV geri qaytarmanın tətbiq edilməsi turistlərin böyük marağına səbəb ola bilər. Bu, həm də hotellərin doluluğunu artırar. Digər tərəfdən, turizm operatorlarının gəlir vergisinə müəyyən endirim və guzəştlərin tətbiq olunması da yaxşı olardı. Şirkətlər bununla nağdsız əməliyyatları artıra bilərlər”.
Hotel, yol və nəqliyyat infrastrukturu
Ə.Əhmədovun fikrincə, hədəfə çatmaq üçün ölkə ərazisində hotel sayını da artırmağa ehtiyac var: “2030-cu ildə 12 mln turist üçün 80 000 otaq lazımdır. İndi təxminən 35 000 otaq var. Regionlarda 3-4-5 ulduzlu hotellərin sayı azlıq təşkil edir. Eyni zamanda, ingilis, ərəb, çin dilində bələdçi, xidmət personalı qıtlığı da mövcuddur. Turistlər üçün müvafiq yol və nəqliyyat infrastrukturu da yaradılmalıdır. Bölgələrə müntəzəm avtobus marşrutlarının yaradılması yaxşı olardı. “Beyond Baku” brendi yaradıla bilər”. Ekspertin fikrincə, Azərbaycanda təşkil olunan F1, COP29 kimi tədbirlərin, müəyyən idman yarışlarının sayını artırmaqla da ölkəmizə olan marağın artmasına nail ola bilərik: “Bu da öz növbəsində turist sayının və paralel olaraq ölkəyə gələn valyutanın çoxalmasına gətirib çıxaracaq”.
“Turizmdən gələn gəlirin 70%-i may-oktyabr ayına təsadüf edir”
Ə.Əhmədov hesab edir ki, UNESCO, İpək yolu marşrutu, şərab turları, qastronomiya turlarının təşkilinə daha önəm verilməlidir: “Avropa üçün fərqləndirici məqam budur. Həmçinin sağlamlıq turizmi də ən çox gəlir gətirəcək sahələrdən biridir. Bir tibbi turist on adi turist qədər xərcləyir. Fikrimcə, mövsümü 12 aya yaymaqla ilin istənilən fəsli üçün gələcək turistlərin sayı arta bilər. Hazırda turizmdən gələn gəlirin 70%-i may-oktyabr ayına təsadüf edir”. Turizmçi göstərilən xidmətlərin keyfiyyətini də vacib məsələlərdən hesab edir: “Hava limanından tutmuş, nəqliyyat, hotel, restoran və turistlərə xidmət göstərilən digər aidiyyəti məkanlarda xidmət səviyyəsinin yüksəldilməsi çox vacibdir. Əsas məqsədimiz real turist sayının artırılması olmalıdır. Qarşımıza məqsəd kimi qoyduğumuz 12,2 mld manatlıq dövriyyəyə nail olsaq, bu, ÜDM-in 7-8%-ni təşkil edir. Beləliklə, yalnız bu yolla neftdən asılılığı 15% azaltmış olarıq”.
“Kadrların hazırlanması işini genişləndirmək lazımdır”
Turizm üzrə ekspert Əziz Şiriyev hesab edir ki, quru sərhədlərin açılması qarşıya qoyulan məqsədlərə çatmaqda müsbət təsirini göstərəcək: “Aşağı büdcəli hava yollarının uçuşlar həyata keçirməsi xeyli sayda turistin cəlb olunmasına səbəb olacaq. Bundan əlavə, Zəngəzur dəhlizinin açılması, Naxçıvanın blokadadan çıxması, Qarabağın və digər regionların daha da inkişaf etməsi də turizmin inkişafına töhfə verəcək. Hesab edirəm ki, turistlərin ölkəmizə cəlb olunması təkcə standart turizmlə məhdudlaşmayacaq, digər turizm növlərinin də inkişafını labüd edəcək. Sağlamlıq, aqroturizm, ekstremal turizm, kənd turizminin və s. turizm növlərinin inkişafına şərait yaranacaq”. Ə.Şiriyev görülməli işlər sırasında iki məqamı xüsusi vurğulayır:
“Gələn turistlərə münasibətdə qonaqpərvərliyimiz öz yerində, amma insanların maarifləndirilməsi də çox önəmlidir. Kadrların hazırlanması işini genişləndirmək, Bakıda və regionlarda turizm sənayesində çalışanların təlimatlandırılması, master-klassların keçirilməsi lazımdır. Fikrimcə, bütün bunların həyata keçirilməsi turist axınının artmasına və qoyulan hədəflərə çatmağa imkan verəcək”.
“Əsas sənəddə yer alan məsələlərin necə icra ediləcəyidir”
İqtisadçı Elman Sadıqov hədəflərin real olması ilə bağlı indidən fikir söyləməyin tez olduğunu düşünür: “Çünki hədəfə çatmaq üçün təkcə proqramın olması kifayət deyil. Əsas sənəddə yer alan məsələlərin necə icra ediləcəyidir. Məsələn, əsalandırılmalıdır ki, 5 milyarddan 12 milyarda çatmaq üçün hansı yol keçiləcək. Əsas məsələlərdən biri kadrlarla bağlıdır. Digər tərəfdən, ölkəmizdə turizmin inkişafı ilə bağlı turizmin özündən asılı olan və olmayan məsələlər var. Məsələn, viza, hotel, aviabilet, xidmət sektorundakı vəziyyət və s. Xidmət sektorunun güclənməsi, rəqabətin təmini, nəzarət mexanizminin düzgün qurulması məsələləri də var. Bütün bunlar öz həllini tapacaqsa, onda proqramda yer alan məsələlərin icrası mümkün olacaq”.
Təranə Məhərrəmova