• şənbə, 08 Avqust, 08:12
  • Baku Bakı 28°C

Səyahət sığortası hansı yaralara məlhəm olur? 

08.08.26 02:40 56
Səyahət sığortası hansı yaralara məlhəm olur? 

Bəzi hallarda səfər sığortası olan şəxs getdiyi ölkədə problemlə üzləşir və bu zaman sığortaçı ilə aralarında anlaşılmazlıq yaranır. Səyahətçi hesab edir ki, onun başına bir iş gəlibsə, xərcləri ödənilməlidir. Sığorta şirkəti isə müqaviləni əsas tutaraq, heç də bütün xərclərin qarşılanmadığında israr edir. 

“Keçən ay xaricdə səfərdə olan zaman başımıza bir hadisə gəldi, amma sığorta xərcləri qarşılamadı. Biz səyahət sığortası etdirəndə məlumat vermişdilər ki, sığortanız səfirlikdə keçərlidir, lakin hansısa hadisə zamanı işə yaramayacaq. Bunu istəyirsinizsə, günü 1000 avro olan sığorta etdirməlisiniz. Yəni əgər viza üçün yox, həqiqətən də səfəri təminata almaq üçün sığorta etdirmək istəyirsinizsə, bunu mütləq diqqətdə saxlayın. Sizə baha başa gələcək, amma Allah göstərməsin, pis bir hadisə zamanı zərərinizi qarşılayacaq”. 

Xaricə səfəri zamanı sığortadan istifadədə problemlə qarşılaşan Sevda Əhmədova (ad şərtidir) adlı xanımın hekayəsi səyahətə çıxanlardan bu mövzuda həqiqətən diqqətli və tədbirli olmağı tələb edir. 

Təcrübələr də göstərir ki, bəzi hallarda sığortalı şəxs səfər zamanı problemlə üzləşir və sığortaçı ilə aralarında anlaşılmazlıq yaranır. Səyahətçi hesab edir ki, onun başına bir iş gələrsə, xərcləri ödənilməlidir, sığorta şirkəti isə müqaviləni əsas tutaraq heç də bütün xərclərin qarşılanmadığında israr edir. 

Sosial platformada mövzu ilə bağlı keçirdiyimiz sorğuda da səyahətçilər “tibbi yardımın gecikməsi”, “zəng mərkəzinin gec cavab verməsi”, “təcili halda özün ödəməli olub, sonra sənəd təqdim etməli olursan və bu halda ödənişin tanınmaması”, “resept, arayış, qəbzdə düzgün qeydlər edilməyib, həkim diaqnozu dəqiq yazılmayb”, “gec müraciət olunub, vaxt keçdikcə şirkət məsuliyyəti qəbul etmir” və s. kimi bəhanə xarakterli cavablar aldqılarını qeyd etdilər. 

Sığorta şirkətlərindən birinə ünvanladığımız sualın cavab isə belə oldu: “Sığorta etdirənlər daha çox müxtəlif xəsarətlər, kəskin respirator virus infeksiyaları, soyuqdəymə, xroniki xəstəliklərin kəskinləşməsi, qida zəhərlənmələri, heyvan dişləmələri və s. kimi problemlərlə bağlı sığorta şirkətlərinə müraciət edirlər. Müraciətlərə şirkət tərəfindən dərhal reaksiya verilir”.
Bəs sığorta etdirənlərin səsləndirdiyi narazılıqlar nədən qaynaqlanır: səyahətə çıxanların məlumatsızlığından, yoxsa sığortaçıların məsuliyyətsiz davranışından?

Təkcə viza üçündürmü?

Hazırda Şengen vizası almaq istəyən hər bir şəxs üçün səyahət sığortası məcburi tələb olunan sənədlərdən biridir. Bu sığorta Avropa İttifaqına daxil olan ölkələrə səfər edən turistlərin, iş adamlarının və digər səyahətçilərin gözlənilməz tibbi və digər fövqəladə hallarda maliyyə baxımından qorunmasını təmin etmək məqsədi daşıyır. 

Səyahətə çıxanların çoxu sığorta şəhadətnaməsini təkcə viza almaq tələbi ilə məhdudlaşdırır, bu sənədin əhəmiyyətinin daha geniş olduğunu unudurlar. Belə ki, istirahət və ya digər məqsədlərlə etdiyimiz səyahət zamanı hər şeyin problemsiz keçməsini istəsək də, bəzi hallarda gözlənilməz hadisələrlə qarşılaşmaq mümkündür. Sığorta sənədi isə səfərdə təsadüfən yaranan və gözlənilməyən risklər zamanı səyahətçini qorumalıdır. 

Qəfil xəstəlik, bədbəxt hadisə, ölüm…

Sığorta hadisəsi əsasən qəfil xəstəlik, bədbəxt hadisə və ölüm hallarını əhatə edir. Həmçinin səyahətçinin qarşılaşa biləcəyi - baqaj itməsi, reysin ləğvi və ya gecikməsi, pasportun və digər sənədlərin itməsi və s. kimi hallarda maliyyə dəstəyi verir. 
Amma bəzən insanlar səyahət sığortasının istifadəsində problemlə qarşılaşırlar, hadisə zamanı hara və ya kimə müraciət etmək lazım olduğunu bilmirlər və ya sığortaçı ödəmədən imtina edir. Sığorta müqaviləsi üzrə yaranan mübahisələr ölkə qanunvericiliyinə əsasən, məhkəmə qaydasında və ya müvafiq inzibati prosedurlar vasitəsilə həll olunur. Amma mübahisənin bu instansiyalara qədər çatmaması üçün səfərdən öncə tədbirli olmaq və bu istiqamətdə bilgilər almaq tövsiyə olunur.

“Çox vaxt aldıqları sığortanın detallarına fikir vermirlər” 

Sığorta eksperti İlkin Nəcəfovun sözlərinə görə, səfər sığortası alanların on nəfərdən doqquzu sığorta şirkətinə yalnız viza almağın tələbi kimi müraciət edir: “Ona görə də çox vaxt aldıqları sığortanın detallarına fikir vermirlər. Sığortanı satanların da çoxu bunu turizm şirkəti vasitəsi ilə həyata keçirirlər. Turizmçilər də müştəriyə sənədin detalları haqqında ətraflı məlumat vermirlər”. Ekspert qeyd edir ki, hər bir səfər sığortasının PDF-ində və kağız variantının son vərəqində qeyd edilən "WhatsApp" nömrəsi və göstərilən assistant xidmətləri yer alır: “Hadisə baş verəndə sığortalı həmin nömrəyə zəng edib yaxınlıqdakı tibb müəssisəsinə yönəldilir. Bəzi hallarda assistant xidmətlərinə yönləndirmədə sıxıntı yaşanır. Müştərilər Bakıya - cağrı mərkəzlərini yığanda şirkətlər alternativ yol kimi “xəstəxanaya müraciət edin, orada özünüz müalicənizi alın. Bakıya qayıdanda ofisə yaxınlaşın, qəbz və epiqriz kağızlarını gətirin, biz də vəsaiti sizin üçün bərpa edərik. Hər bir sığorta müqaviləsində 30 ya 50 min dollar və ya avro dəyərində azadolma olur. Ona qədər olan xərcləri müştəri özü çəkməlidir. Sığorta şirkəti yalnız bu məbləğdən çox olan xərcləri çəkir”.

Dünyanın hər yerində mükəmməl işləyən mexanizm

Sığorta mütəxəssisi Əli Bayramovun sözlərinə görə, səyahət sığortası dünyanın hər yerində mükəmməl işləyən mexanizmdir: “Səyahət edən şəxs başına bir iş gələn zaman dərhal sənəddə qeyd edilən çağrı mərkəzinə müraciət edir və ona uyğun şəkildə yönləndirilir. Adətən dəymiş zərəri sığorta şirkəti özü ödəyir və ya müştəri xərci yerində çəkir, sonra sənədlərlə sığortaçıya müraciət edib çəkdiyi xərci geri ala bilər”. Mütəxəssis bildirir ki, səyahət sığortası bədbəxt hadisələr zamanı dəyən ziyanı və tibbi xərclərlə bağlı təminatı birləşdirir: “Ucuz sığortada təminat limitli olur. Vətəndaş könüllü sığorta əldə etsə, daha geniş təminat da əldə edə bilər”.

Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər