Arzular qalır, marşrutlar dəyişir
11 günlük Novruz bayramı tətili qapıdadır. Qonşu ölkələrdə baş verən gərginliklər insanların səyahət planlarını qismən dəyişdirsə də, tamamilə poza bilməyib.
Bayram tətillərini səbirsizliklə gözləyən insanlar bu fürsətdən daha çox səyahət xəyallarını gerçəkləşdirmək üçün istifadə edirlər. Təbii ki, bu səyahətlər gündəlik işdən yayınmağa, enerjini artırmağa və dünyaya yeni bir perspektivdən baxmağa kömək edir. İnsanlar büdcələrinə uyğun uzaq-yaxın xarici ölkələrə gedir və ya ölkə daxilində istirahət edirlər. Budur, 11 günlük Novruz bayramı tətili qapıdadır. Dünyada baş verən gərgin hadisələr insanların səyahət planlarını qismən dəyişdirsə də, tamamilə poza bilməyib.
Rəqəmlər bu il daha çox daxili turizmə üz tutanların sayının çox olduğunu göstərir. Səbəb?
Turizmçilər bunu daha yaxşı izah edirlər.
Səyahət zamanı təhlükəsizlik çox önəmlidir
Turizm eksperti Əziz Şiriyev bildirir ki, insanlar bayram ərəfəsində istər ölkə daxilinə, istər ölkə xaricinə səyahətə getmək, tətil fürsətindən yararlanmaq istəyirlər. Amma dünyada olan mövcud vəziyyət onların planlarını müəyyən qədər də olsa dəyişdirib: “Məsələn, isti ölkələrə, xüsusən körfəz ölkələrinə səyahət etmək niyyətində olanlar hazırda ehtiyat edirlər. Səyahət zamanı təhlükəsizlik çox önəmlidir. Ona görə də daha çox Avropaya, Türkiyəyə, Gürcüstana maraq böyükdür. Digər türk dövlətlərinə gedənlərin sayında da artım var”. Turizmçi bildirir ki, ölkədaxili turizmə də maraq böyükdür: “Bu il iki gözəl bayramın şahidiyik. Müqəddəs Ramazan bayramı ilə Novruz bayramı üst-üstə düşür. İnsanlar regionlarda bu bayramları təntənəli şəkildə qeyd edəcəklər. İstər cənub, istər şimal, istərsə də qərb və ya şimal-qərb istiqamətinə istəklər var”. Turizmçi ötən illərə nəzərən turistlərin sayında azalmaların olduğunu da qeyd edir: “Bu da mövcud vəziyyətlə əlaqədardır. Həm də bizim insanlar daha çox son anda sifariş verməyi xoşlayırlar. Bütün regionların 4-5 ulduzlu hotellərində bayram əhval-ruhiyyəsi, qala gecələr, xüsusi proqramlar hazırlanıb”. Qiymətlərə gəlincə, bir günlük turlar standart və ekonom paketlər olmaqla 89-139 AZN, üç günlük turlar isə 179-239 civarında dəyişir. Adambaşına ölkəxarici turpaketlər 500-700 dollar civarındadır.
İki mindən 10 minə qədər
Turizmçi Telman Hacıyev bildirir ki, hazırda rayonlarda iki nəfərlik, 2-3 gecəlik Novruz paketləri təxminən 400-500 AZN-dir. Qiymətlər hotellərdən asılı olaraq 800-1500 AZN arasında dəyişə bilir: “Həm daxili, həm də xarici bazara maraq olduqca çoxdur. Biz daha çox xarici bazara satış etdiyimiz üçün deyə bilərəm ki, Novruz bayramında Avropa və İstanbul üçün satışlar çox oldu”. Turizmçinin sözlərinə görə, xaricə gedənlər üçün iki nəfərlik paket minimum 2000-3000 AZN, maksimum 6-10 min arası dəyişir. Rayonlarda qiymətlərin baha olmasına gəlincə, turizmçi bildirir ki, bir ailə beş ulduz hotellərdə iki gecə qalmaq istəyirsə 2000 AZN xərcləməlidir: “Hotellər qiymətləri qidalanma daxil təklif etdikləri üçün artıq normal hal alıb və insanlar müraciət edirlər. Lənkəran, Quba ən çox üz tutulan istiqamətlərdir. Qəbələ və Şəki də populyar turizm istiqamətləri kimi seçimdə üstünlük verilən rayonlardır. Düşünürəm ki, Azərbaycan daxili bazarı üçün yüksək qiymətlərdir, amma bu, reallıqdır”.
“Müştərilər çaşbaş qalıblar”
Turizmçi Anar Həsənov hazırkı durumun kritik olmasından şikayətlənir: “Nə qədər turpaket satmışıqsa, hamısını qaytarmışıq. İnsanlar turpaketləri əvvəldən sifariş ediblər və ya alıblar. Onlar isti ölkələrə, xüsusən körfəz ölkələrinə paketlər əldə ediblər. Bizim işçilərimiz Tailandda qalmışdılar, gələ bilmirdilər. Uçuşların çoxu Dubay-Doha üzərindədir. Başqa yerlərdən uçuşlar daha bahadır. Bu uçuşlar münasib qiymətə olduğu üçün müştərilərə sərf edirdi. Müştərilər qiyməti öyrənir və müharibə ilə əlaqədar fikirlərini dəyişirlər. Onların biletləri ya qaytarılır, ya günləri dəyişdirilir. Problem ondadır ki, biz günü 10 gün sonraya dəyişirik, amma yenə də vəziyyət düzəlmir. Müştərilər də çaşbaş qalıblar. Aprelin 4-5 də Tailanda uçuşlar var. Biz viza almağa ehtiyat edirik. Çünki nə baş verəcəyini proqnozlaşdıra bilmirik. Avropaya viza lazım olduğundan bunun üçün əvvəldən tədbir görülməlidir. Ona görə də müştərilər vaxtı çatdıra bilmirlər. Məcbur qalıb tətillərini ya evlərində, ya da rayonlarımızda keçirəcəklər”. Turizmçi bildirir ki, rayonlarımızda qiymətlər xariclə müqayisədə bahadır: “Xarici ölkələrdə qiymətlər həmişə buradakından ucuz olub. İndi də fürsətdən istifadə edib, yəqin ki, qiymətləri daha da artıracaqlar. Bazarda qiyməti formalaşdıran da tələb-təklifdir. İndi də təbii ki, tələb çox olduğuna görə qiymətlər qalxacaq”.
Dubay səfərləri təxirə düşüb, Misir səfərləri davam edir
Turizmçi Sürayyə Axundova da bildirir ki, müştərilər Novruz tətilində adətən Dubay, Misir istiqamətinə səfər edirlər: “Hazırda Dubay tətilləri təxirə düşüb, Misir tətilləri isə davam edir. Asiya ölkələrinə də səfərlər ləğv olunur. Avropaya getmək üçün qabaqcadan planlaşdırmaq lazımdır. Buna görə də vaxt azlığından insanlarımız bu ölkələrə səfər edə bilmirlər. Nəticədə tətil günlərində istirahət üçün ən çox ölkə daxilinə üstünlük veriləcək”. Turizmçi bildirir ki, yerli turizmə üstünlük verənlər daha çox Şəki, Lənkəran, Qəbələ və Qarabağa səfər edirlər: “Qiymətlərə gəlincə, bizdə həmişə bayramla bağlı qiymətlər baha olub. Turpaketə bayram proqramları, musiqili şou proqramlar, qala gecələr daxil olduğundan qiymətlər qalxır”. S.Axundova ölkəmizə gələn turistlərin sayında da kəskin azalma olduğunu bildirir: “Ərəb ölkələrindən artıq bizə gələ bilmirlər. Ona görə gəlmə turizmində azalma yaranıb. Təbii ki, bu da regiondakı mövcud vəziyyətlə bağlıdır”.
Təranə Məhərrəmova