Turizmdə inkişafı əngəlləyən əsas səbəblər
2025-ci ilin yekunlarına əsasən, Azərbaycanın turizm sektorunda inkişaf proqnozlardan geri qalıb. Statistika proqnozlarla faktiki nəticələr arasındakı ciddi fərqi üzə çıxarıb.
Turizm və ictimai iaşə sektoru son illərdə Azərbaycanın qeyri-neft iqtisadiyyatının əsas hərəkətverici sahələrindən biri kimi qiymətləndirilsə də, 2025-ci ilin nəticələri bu istiqamətdə gözləntilərlə reallıq arasında müəyyən fərqin olduğunu göstərir. Hesablama Palatasının qiymətləndirməsinə görə, sektor ötən ili 8,5 faiz real artımla başa vurub, amma bu göstərici həm ilkin, həm də sonradan yenilənmiş proqnozlardan geri qalıb.
Mütəxəssislər hesab edirlər ki, nəticələr bir tərəfdən sahədə müsbət dinamikanın davam etdiyini təsdiqləsə də, digər tərəfdən turizm potensialının tam reallaşdırılmasına mane olan amillərin hələ də qalmaqda olduğunu ortaya çıxarır.
Xatırladaq ki, may ayında Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən İqtisadi Şuranın iclasının gündəliyində də Azərbaycanda turizm sahəsindəki mövcud vəziyyət, problemlər və inkişaf perspektivləri, turizm bazarının genişləndirilməsi və turizmin inkişafı istiqamətində əsas prioritet tədbirlər və carı iqtisadi məsələlər daxil edilib və ətraflı müzakirə olunub.
Bəs proqnozlarla faktiki nəticələr arasındakı fərq hansı səbəblərdən yaranıb?
“Turistlər başqa ölkələri seçməyi üstün tuturlar”
İqtisadçı-ekspert Elmir Səfərlinin fikrincə, turizmdə artım tempinin aşağı düşməsinin əsas səbəblərindən biri ölkəmizdə təyyarə biletlərinin baha olması ilə bağlıdır: “Təyyarə biletləri baha olduğundan xaricdən ölkəmizə gələn turistlərin sayı azalıb. Turizm məhsulları, xidmətlər, ərzaq məhsulları ötən illərlə müqayisədə kəskin şəkildə artdığı üçün hər bir turistin xərclədiyi məbləğ də artır. Ona görə turistlər başqa ölkələri seçməyi üstün tuturlar”.
“Bütün hotellər, məişət-iaşə obyektləri 4-5 ulduza uyğun tikilir”
İqtisadçı artıma mane olan daxili faktorların olduğunu da bildirir: “Problem hotellərin, məişət-iaşə obyektlərinin qiymətlərinin baha olması, satınalma gücünə uyğun olmayan qiymətlərin formalaşmasıdır. Bütün hotellər, məişət-iaşə obyektləri 4-5 ulduza uyğun tikilir. Aşağı seqmentasiyada olan obyektlərin tikilməsi bizim sahibkarlar tərəfindən realizə olunmur. Ona görə də müəyyən seqment insanlar var ki, onların daxili turizmdə istirahət etməsi uyğun görünmür”. Ekspertin fikrincə, turizmdə artımın olmaması hava şəraiti ilə də bağlı ola bilər: “Qış turizmi üçün qar olmaması, yayda dəniz mövsümündə havaların sərin keçməsi turist sayına təsir edir”. İqtisadçının fikrincə, bölgələrdə yerləşən turizm obyektlərinə xüsusi vergi güzəştləri olmalıdır: “Nəticədə onlar da müəyyən qiymətləri aşağı salmaq imkanına malik olacaqlar. Müəyyən müddətdən sonra xidmət səviyyəsi artdığı üçün turizmin də daha sürətlə inkişaf etdiyini görə bilərik. Xüsusən hotel, məişət-iaşə obyektlərində bu sahədə təhsil almış mütəxəssislərin sayı azdır. Xarici ölkələrdə çalışan personallar hamısı təlimləndirilib. Bizdə bu cür peşə təlimləri həyata keçirilmir. Bu da turist sayına təsir edir”.
“Turizm təkcə regionların təbiəti ilə məhdudlaşmamalıdır”
İqtisadçı bildirir ki, turizm təkcə regionların təbiəti ilə məhdudlaşmamalıdır. Turistlərə tarixi yerlər, incəsənət, musiqi, muzey, idman, sağlamlıq, elmi-mədəni və s. turizm də təklif edilməlidir: “Bu gün Naftalan sağlamlıq turizmi yetərli qədər potensiala malikdir. Amma xaricdən ora nə qədər turist cəlb edə bilirik? Bu, sual altındadır. Hər bir regionun xüsusiyyətlərinə xas turizm qurmaq mümkündür. O cümlədən, işğaldan azad olunan torpaqlarımızda turizmi inkişaf etdirmək, vahid işğal muzeyi yaratmaq olar”. E.Səfərli hesab edir ki, konkret artıma nail olmaq üçün turizmin strateji planı olmalıdır: “Dövlət Turizm Agentliyi və bu istiqamətdə fəaliyyət göstərən qurumların turizmin inkişafına dair strateji yol xəritəsi formalaşmalıdır. Buna əsasən, harada əskiklik varsa, aradan qaldırılmalıdır. Əks halda, turizmin inkişafından söhbət gedə bilməz”.
“Bu zərərdən Azərbaycana da pay düşür”
Turizmçi Rəhman Quliyevin fikrincə, dünyada baş verən geosiyasi dəyişikliklər, hərbi münaqişələr Azərbaycanda turist axınına da ciddi təsir göstərməkdə davam edir: “Dünya Turizm Şurasının açıqlamasına görə, körfəz müharibəsi dövründə beynəlxalq turizmə hər gün 600 milyarddan çox zərər dəyir. Təbii ki, bu zərərdən Azərbaycana da pay düşür. Nəzərə alsaq ki, ölkəmizə gələn turistlərin əksəriyyəti körfəz ölkələrindən - Səudiyyə Ərəbistanı, Qətər, Oman və digər ölkələrdən gəlir və ölkəmizə Asiyadan gələn turistlər körfəz ölkələri səmasından keçərək uçurlar, onda vəziyyət təsəvvür etmək çətin deyil. Aviareyslərin məhdud fəaliyyəti, hava limanlarının bağlanması turist axınına ciddi zərər vurur. Hava məkanlarının bağlı olması Asiyadan gələn aviareyslərin yolunu daha da uzadır və bu da əlavə xərclərin yaranmasına, biletlərin bahalaşmasına səbəb olur. Bu da özünü turistlərin hesab-fakturasında göstərir”. Ekspert hesab edir ki, xaricdən gələn turistlərin azalması yerli daxili turizmin inkişafı üçün münbit şərait yaradır: “Biz statistikanı əsas götürməməliyik. Bəzən rəqəmlərdə də müəyyən yanlışlıqlar ola bilər. Yerli turistlər bölgələrə kütləvi surətdə axın edirlər. Bu zaman kənd turizmi də inkişaf edir. Bu gün regionlara gedən turistlərin 30 faizi yerli sakinlərin evini icarəyə götürür. Amma bunun statistikası aparılmır. Bu, əslində artımdır və turizmdə canlanmadır”.
Təranə Məhərrəmova