• şənbə, 22 Avqust, 06:08
  • Baku Bakı 24°C

Turizm sektorunda 2030-cu il hədəfi

22.08.26 03:36 33
Turizm sektorunda 2030-cu il hədəfi

Azərbaycan hökuməti 2030-cu ilə qədər turizm üçün xarakterik sahələrdə yaradılmış əlavə dəyərdə təxminən 40% real artım hədəfləyir.

Prezident İlham Əliyev "Turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nı təsdiqləyib. Bununla bağlı dövlət başçısı yeni sərəncam imzalayıb.

Sərəncama əsasən, Nazirlər Kabineti 6 ay müddətində Dövlət Turizm Agentliyinin təklifləri əsasında "Turizm haqqında" qanunun təkmilləşdirilməsi, üç ay müddətində isə turizm fəaliyyəti ilə bağlı layihələrə investisiya təşviqi sənədinin verilməsi və turizm fəaliyyətinin xüsusiyyətləri nəzərə alınmaqla investisiya təşviqi sənədinin verilməsi mexanizminin təkmilləşdirilməsini təmin etməlidir.

Turizm sektorunda 40% real artım hədəfi

Dövlət Proqramına əsasən, Azərbaycan hökuməti 2030-cu ilə qədər turizm üçün xarakterik sahələrdə yaradılmış əlavə dəyərdə təxminən 40% real artım hədəfləyir.

Gələn il sektorda 8,5 milyard manatlıq əlavə dəyər formalaşdırılacaq. Bu rəqəmin 2030-cu ildə 12,2 milyard manata çatdırılması hədəflənir. Dövlət Proqramının icrası nəticəsində Azərbaycanın turizm sektorunun regional və qlobal rəqabət qabiliyyəti gücləndiriləcək, ölkə dayanıqlılıq prinsipləri əsasında müxtəlif turizm növləri üzrə yüksəkkeyfiyyətli turizm təcrübəsi təqdim edən rəqabətqabiliyyətli destinasiyaya çevriləcək.

"Turizm kəndi" konsepsiyası 

Dövlət Proqramına əsasən, Azərbaycanda "Turizm kəndi" konsepsiyası üzrə normativ hüquqi bazanın yaradılması da hədəflənir.  Bundan başqa, sənəddə dayanıqlı turizm, o cümlədən turizmdə iqlim fəaliyyəti ilə bağlı tənzimləmə mexanizminin yaradılması yer alıb. Həmçinin, dövlət qoruqlarında (abidələrin ərazilərində) dayanıqlı turizmin təşkil edilməsi, təbiət ərazilərində, o cümlədən milli parklarda dayanıqlı turizmin təşkil edilməsi, ov turizminin inkişafı məqsədilə ov təsərrüfatlarının yenidən qurulması, Naftalan şəhərində turizmin inkişaf etdirilməsi, turizm potensialı olan kəndlərdə "turizm kəndi" konsepsiyasına uyğun olaraq turizm infrastrukturunun yaradılması əsas hədəflər sırasındadır.

Dəmiryol bileti paketləri tətbiq ediləcək

Turistlər üçün gündəlik, həftəlik, aylıq dəmir yolu bileti paketlərinin, həmçinin destinasiyalar üzrə güzəştli bilet satışı təkliflərinin yaradılması da hədəflənir. Eyni zamanda Dövlət Proqramında dəmir yolu bileti satışının Qlobal Paylama Sisteminə (GDS) inteqrasiyası, Naxçıvan Muxtar Respublikasına turist səyahətlərinin təşkili şərtlərinin təkmilləşdirilməsi məqsədilə Bakı–Naxçıvan– Bakı istiqaməti üzrə qeyri-müntəzəm (çarter) uçuşlarının həyata keçirilməsi şərtlərinin müəyyən edilməsi, turoperatorlara turizm zərfinin satışı şərtilə Bakı–Naxçıvan–Bakı reysi üzrə biletlərin sifarişini təmin edən satış modelinin hazırlanması yer alıb.

Turizm İnformasiya Sistemi yaradılacaq

Azərbaycanda Turizm İnformasiya Sisteminin yaradılması və inkişaf etdirilməsi də hədəflənir. Bundan başqa, Dövlət Proqramında hava yolu, dəmir yolu, rayonlararası avtobus, metro, ictimai şəhər nəqliyyatı üzrə sərnişindaşımaya dair məlumatların (dayanacaq, marşrut, səfər və müntəzəm reyslərə dair digər məlumatlar) "GFTS" (General Transit Feed Specification) formatında hazırlanması, audiobələdçi hazırlanacaq turizm nümayiş obyektlərinin siyahısının müəyyən edilməsi və həmin obyektlər üzrə 5 xarici dildə bələdçi mətnlərinin rəqəmsallaşdırılması və audio formata çevrilməsi, audiobələdçilərin QR kod və digər rəqəmsal alətlər vasitəsilə istifadəyə verilməsi, "Azerbaijan. travel" rəqəmsal turizm platformasının təkmilləşdirilməsi və inkişaf etdirilməsi yer alıb.

Turoperatorlar gətirdikləri turistlərə görə subsidiya alacaq

Azərbaycanda turoperatorlara ölkəyə gətirilən əcnəbi turistlərə görə subsidiya verilməsi də nəzərdə tutulur. Bundan başqa, Proqramda hava nəqliyyatı ilə qeyri-müntəzəm (çarter) uçuşların təşkilinə görə təşkilatçıların xərclərinin kompensasiyası, hədəf turizm bazarları üzrə əlavə müntəzəm aviareyslərin təşkili, turizm əhəmiyyətli tədbirlərin, o cümlədən konsert, əyləncəli proqramların təşkilinə görə tədbir təşkilatçılarının xərclərinin bir hissəsinin kompensasiyası ilə bağlı subsidiya mexanizmlərinin yaradılması, yerləşmə xidmətlərinin infrastrukturu üzrə investorlara və turizm sahəsində fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektlərinə subsidiya dəstəyinin verilməsi yer alıb.

F.Abasoğlu

banner

Oxşar Xəbərlər