• bazar, 02 Avqust, 00:22
  • Baku Bakı 26°C

Ərəb turistləri qaytarmaq hədəfi

01.08.26 02:34 163
Ərəb turistləri qaytarmaq hədəfi

Azərbaycan Turizm Bürosu Yaxın Şərq ölkələrindən olan turistlərin cəlb edilməsi üçün avia və turizm şirkətləri ilə danışıqlara başlayıb. Yaxın Şərq bazarı həm coğrafi yaxınlığı, həm də yüksək xərcləmə qabiliyyətinə malik turist profili ilə strateji əhəmiyyət daşıyır. 

Bir vaxtlar Azərbaycanın turizm sektorunun əsas hərəkətverici qüvvələrindən hesab olunan Yaxın Şərq bazarı yenidən diqqət mərkəzinə qayıdır. Azərbaycan Turizm Bürosu bu regiondan turist axınının artırılması üçün avia və turizm şirkətləri ilə danışıqlara başlayıb. 

Azərbaycan Turizm Bürosunun (ATB) İdarə Heyətinin sədr müavini Rəşad Əliyev bildirib ki, Yaxın Şərqdən turist axınının artırılması üçün işlər aparılır.

Maraqlıdır, atılan addımlar ölkəyə gələn turist sayını artırmaq, ərəb turistləri yenidən cəlb etmək üçün kifayət edəcəkmi, yoxsa bu istiqamətdə əlavə addımlar da atılmalıdır? 

“Hədəf bazarlarda davamlı reklam kampaniyaları aparılmalıdır” 

Turizmçi Rəhman Quliyevin sözlərinə görə, Yaxın Şərq bazarı Azərbaycan üçün həm coğrafi yaxınlığı, həm də yüksək xərcləmə qabiliyyətinə malik turist profili ilə strateji əhəmiyyət daşıyır: “Körfəz ölkələrindən gələn turistlər adətən ailəvi səyahət edir, hotellərdə daha uzun müddət qalır və xidmət sektoruna daha çox gəlir qazandırırlar. Son illərdə qlobal turizm bazarında rəqabət artdığı üçün Azərbaycan da ənənəvi və gəlirli bazarlardakı mövqeyini yenidən gücləndirməyə çalışır. Eyni zamanda, yay aylarında Yaxın Şərq ölkələrində isti hava şəraiti Azərbaycanın sərin iqlimini onlar üçün cəlbedici alternativə çevirir. Buna görə də bu bazarın yenidən aktivləşdirilməsi həm turizm gəlirlərinin, həm də ölkəyə gələn xarici turist sayının artırılması baxımından məntiqli addım hesab oluna bilər”.

R.Quliyevin sözlərinə görə, turist axınının azalmasına təsir edən əsas amillərdən biri geosiyasi vəziyyət və coğrafiyası genişlənən iqtisadi böhrandır. Digər tərəfdən, bir sıra istiqamətlər üzrə aviareyslərin sayının azalması və bilet qiymətlərinin bahalaşması da səyahət qərarlarına mənfi təsir göstərib. Turizmçinin fikrincə, aviaşirkətlər və turizm operatorları ilə əməkdaşlıq turist axınının artırılması üçün vacib vasitədir, lakin bununla yanaşı, hədəf bazarlarda davamlı reklam kampaniyaları aparılmalı, rəqəmsal platformalarda Azərbaycanın turizm potensialı daha effektiv tanıdılmalıdır: “Yeni turizm məhsullarının yaradılması da prioritet olmalıdır. Vizaların əlçatanlığı, birbaşa uçuşların artırılması və mövsümi kampaniyaların təşkili də qərarvermə prosesinə ciddi təsir edən amillərdir. Yalnız kompleks yanaşma tətbiq olunarsa, körfəz ölkələri bazarında Azərbaycanın əvvəlki mövqeyini bərpa etməsi və turist sayını davamlı şəkildə artırması mümkün olacaq”.

Xidmət keyfiyyətinin yüksəldilməsinə də ehtiyac var 

Turizmçi Günel Şıxıyeva bildirir ki, pandemiyadan sonra və xüsusilə son geosiyasi proseslər fonunda Yaxın Şərqdən Azərbaycana turist axınında azalma baş verib: “Yaxın Şərq  bazarı həm coğrafi yaxınlığı, həm də yüksək alıcılıq qabiliyyəti ilə seçilir. Körfəz ölkələrindən gələn turistlər adətən ailəvi səyahət edir, beşulduzlu hotellərdə qalır, alış-veriş, restoran və əyləncəyə daha çox vəsait xərcləyirlər. Buna görə də bir turistdən əldə olunan iqtisadi gəlir bir çox digər bazarlarla müqayisədə daha yüksək olur”. G.Şıxıyeva hesab edir ki, son illər Yaxın Şərqdə baş verən münaqişələr və regiondakı qeyri-sabitlik insanların səyahət qərarlarına birbaşa təsir edib: “Aviabiletlərin bahalaşması və bəzi istiqamətlər üzrə uçuş tezliyinin azalması Azərbaycana səfərləri əvvəlki illərlə müqayisədə daha bahalı edib. Həmçinin rəqabət xeyli güclənib: Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər və Küveyt vətəndaşları üçün Türkiyə, Gürcüstan, Bosniya, Monteneqro, Malayziya və Avropanın bəzi ölkələri daha aqressiv marketinq aparır, daha sərfəli paketlər və yeni marşrutlar təqdim edirlər. Nəhayət,  Azərbaycanın tanıtım kampaniyalarının davamlılığı, yeni turizm məhsullarının yaradılması və xidmət keyfiyyəti də rəqabət qabiliyyətinə təsir edən amillər sırasındadır”.

Turizmçi hesab edir ki, aviaşirkətlər və turizm şirkətləri ilə əməkdaşlıq vacib addımdır, lakin tək bununla uğur qazanmaq mümkün olmayacaq: “Ərəb turistləri qaytarmaq üçün kompleks tədbirlər görülməlidir. Bunlara Yaxın Şərq ölkələrində intensiv reklam kampaniyalarının aparılması, tanınmış influenser və media nümayəndələrinin Azərbaycana dəvət olunması, ərəbdilli xidmətlərin genişləndirilməsi, ailə və halal turizm məhsullarının inkişaf etdirilməsi, mövsümdənkənar dövrlər üçün xüsusi kampaniyalar və xidmət keyfiyyətinin yüksəldilməsi daxildir”. 

“Yaxın Şərq bazarına fokuslanmaq məntiqli addımdır”

Turizmçi Telman Hacıyevin fikrincə, qeyri-neft sektorunun, xüsusilə də turizmin iqtisadiyyatda payını daha da artırmaq lazımdır. Bu baxımdan, Yaxın Şərq bazarı bizim üçün həm yaxın, həm də yüksək xərcləmə potensialına malik bazardır: “Bundan əlavə, ölkədə turizmi inkişaf etdirəcək yeni layihələr - azad olunmuş Qarabağ ərazilərinin mərhələli şəkildə turizmə açılması, Bakıya çox yaxın yerləşən və xüsusilə yay mövsümündə böyük maraq doğuran “Sea Breeze” kimi layihələrin genişlənməsi, eləcə də yaxın illərdə kazino fəaliyyətinin başlaması Azərbaycanın regionda daha cəlbedici turizm istiqamətinə çevrilməsi məqsədinə xidmət edir. Belə olan halda, bu məhsulları satmaq üçün yenidən Yaxın Şərq bazarına fokuslanmaq məntiqli addımdır”.

T.Hacıyev son illərdə Yaxın Şərq bazarından Azərbaycana gələnlərin sayının azalmasını turizm bazarında rəqabətin artması, Türkiyə, Gürcüstan və digər ölkələrin Yaxın Şərq turistləri üçün çox aktiv şəkildə yeni imkanlar və məhsullar təqdim etməsi ilə əlaqələndirir: “Digər tərəfdən, birbaşa uçuşların sayı və əlçatanlığı da turist qərarlarına təsir edən amillərdəndir. Son aylarda regionda baş verən geosiyasi gərginliklərin də öz təsiri var”. 

Təranə Məhərrəmova

 

banner

Oxşar Xəbərlər