• şənbə, 03 Oktyabr, 06:44
  • Baku Bakı 15°C

Turpaket alarkən nələrə diqqət etməli?

03.10.26 02:14 30
Turpaket alarkən nələrə diqqət etməli?

Bəzi vətəndaşlar xaricə səfər planlaşdırarkən turizm şirkətlərinin təqdim etdiyi hazır paketlərə üstünlük verirlər. Lakin bəzən səfər zamanı paketdə vəd edilən xidmətləri ala bilmirlər. 

Səyahət planlaşdıranların bəziləri daha rahat və sərfəli seçim kimi turizm şirkətlərinin təqdim etdiyi hazır paketlərə üstünlük verir. Adətən belə paketlər səyahəti daha rahat və sərfəli şəkildə planlamağın yollarından biri kimi təqdim olunur. Lakin bəzən turistlər səfərə gedərkən paketdə vəd edilən xidmətləri ala bilmirlər. Otelin səviyyəsi, transfer, qidalanma, ekskursiyalar və əlavə ödənişlər kimi məsələlərdə vəd olunanlarla reallığın fərqli olması narazılığa səbəb olur. Bəzən insanlar hətta ödəniş etdikləri halda səfərin baş tutmaması halı ilə üzləşirlər. Bütün bunlar cəlbedici təkliflərin hər zaman problemsiz səyahət zəmanəti vermədiyini göstərir. 

Bəs turpaket seçərkən aldanmamaq üçün nələrə diqqət etmək lazımdır?

Hər turşirkətə inanmaq olmaz

Turizmçi Anar Həsənov hesab edir ki, turpaket alarkən diqqətli olmaq lazımdır: “Səyahət zamanı yaranan problemlər adətən müştərilərin tur şirkəti və təqdim olunan xidmətlər barədə əvvəlcədən kifayət qədər araşdırma aparmaması ilə bağlı olur. Hazırda bazarda çox sayda turizm şirkəti fəaliyyət göstərir. Onların əksəriyyəti onlayn xidmət edir. Buna görə də müştəri turpaket almazdan əvvəl müraciət etdiyi şirkət haqqında ətraflı məlumat toplamalıdır. Şirkətin fəaliyyətini, bazardakı təcrübəsini, müştəri rəylərini araşdırmaq, mümkün olduğu halda ofisinə gedərək fəaliyyət şəraiti ilə tanış olmaq lazımdır. Şirkətdə neçə nəfərin çalışması, hansı xidmətlərin göstərilməsi kimi məsələlər istehlakçı üçün müəyyən təsəvvür yarada bilər”. 

Turizmçi bildirir ki, müştərilər turizm şirkətinin Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) üzvü olub-olmadığını da yoxlaya bilərlər: “Assosiasiyaya üzvlük üçün müəyyən tələblər mövcuddur. Məsələn, ofisi olmayan və fəaliyyətinə digər iki turizm şirkətinin zəmanəti verilməyən şirkətlərin Assosiasiyaya üzvlüyü mümkün deyil”. Turizmçinin fikrincə, turpaket əldə edərkən yalnız qiymətə diqqət yetirmək düzgün deyil: “Turun qiymətinə hansı xidmətlərin daxil olduğu - aviabilet, hotel, transfer, sığorta, ekskursiyalar və digər xidmətlər əvvəlcədən dəqiqləşdirilməlidir. Müştəri şirkətlə bağladığı müqavilənin şərtlərini diqqətlə oxumalı, ödənişin hansı qaydada həyata keçirildiyini və turun hər hansı səbəbdən baş tutmaması halında pulun geri qaytarılması şərtlərini əvvəlcədən öyrənməlidir”. A.Həsənov bildirir ki, istehlakçılar riskləri azaltmaq üçün uzun müddətdir bazarda fəaliyyət göstərən, haqqında kifayət qədər məlumat olan və müştərilər arasında nüfuza malik turizm şirkətlərinə üstünlük verməlidirlər. 

“Şirkəti məhkəməyə verib pullarını geri ala bilərlər”

Turizm bələdçisi Aytac Nəzərlinin fikrincə, turpaket alınan şirkətin etibarlılığını öyrənmək üçün internetdə axtarış edilməlidir: “Şirkətin sosial media hesablarını diqqətlə izləmək lazımdır. Göstərilən xidmət haqqında insanların rəyləri də müəyyən ilkin rəy formalşdırır. Əgər fəaliyyəti ilə bağlı cəmi 2-3 rəy varsa, o şirkətə inanmaq olmaz. Nümayəndə ilə onlayn əlaqə saxlamaq yox, birbaşa ofisə getmək lazımdır. Əgər ofis yoxdursa, yalnız onlayn xidmət göstərirlərsə, demək şirkət etibarlı deyil. Bu yaxınlarda dini tur adı ilə zəvvarların pulunu onlayn qaydada yığıb aradan çıxan turizm şirkəti buna əyani misaldır. Mənə bələdçi kimi iş təklif olunanda da turu götürməmiş ofisə gedirəm”.

Turizmçi bildirir ki, turpaketlər müqavilə əsasında alınmalıdır: “Şirkətlə turist arasında müqavilə bağlanmalıdır. Sənəddə göstəriləcək bütün xidmətlər aydın qeyd olunmalıdır. Səyahət zamanı müqavilədə qeyd olunan xidmətlər olmazsa, əlavə xərclər çıxarsa, vətəndaşlar şirkəti məhkəməyə verib pullarını geri ala bilərlər”. A.Nəzərli bildirir ki, turizm şirkəti lisenziyalı olmalı, ATAA-nın üzvlüyünü daşımalıdır: “Hər qarşıya çıxan şirkətə pul verib “məni Fransaya və ya başqa  ölkəyə göndər” demək olmaz”.

Vətəndaşı qoruyan müqavilə

Hüquqşünas Ruslan Vəliyev hesab edir ki, vətəndaş turpaket alarkən ilk növbədə müraciət etdiyi turizm şirkətinin ATAA-nın üzvü olub-olmadığnı yoxlamalıdır: “Düzdür, bu da hüquqi baxımdan tam təminat deyil. Əgər aldatmaq istəyəcəksə, bunu assosiasiyanın üzvü olan şirkət də edə bilər. Sadəcə, təcrübə göstərir ki, bu təşkilata üzv olan şirkətlər müştəri ilə münasibətə daha məsuliyyətli olurlar”. Hüquqşünasın sözlərinə görə, hüquqi baxımdan ən önəmlisi turizm şirkəti ilə vətəndaş arasında olan müqavilədir: “Bizim vətəndaşlar çox vaxt o müqaviləyə önəm vermirlər, hətta oxumurlar. Bir çox hallarda vətəndaş “ucuz, sərfəli paket qazanmışam” deyə, o qədər sevincli olur ki, müqavilənin şərtlərini oxumur. Təbii ki, müqavilə bağlanandan sonra da heç kim başına gələcək hadisələrdən qorunmur. Vətəndaş xaricdə müxtəlif hadisələrlə qarşılaşa, müəyyən xərclərə düşə bilər. Amma müqavilə olarsa, şəxsin çəkdiyi xərcləri tələb etmək hüququ yaranır. Vətəndaşı qoruyan onun müqaviləsidir. Vətəndaş sənədi oxuyarkən hansı şərtlə razı deyilsə, onun dəyişdirilməsini tələb edə bilər”. 

Hadisələr videoya çəkilməli, əlavə ödənişlərin qəbzləri saxlanılmalıdır

Hüquqşünas bildirir ki, vətəndaş başına gələn hadisəni videoya çəkməli, əlavə ödənişlərin qəbzlərini saxlamalıdır: “Ölkəyə qayıdandan sonra məhkəmə qaydası ilə həm maddi, həm mənəvi zərəri tələb edib pulunu geri ala bilər. Belə vəziyyətdə məhkəmələr 99 faiz vətəndaşın xeyrinə qərar çıxarır”. R.Vəliyev bildirir ki, sosial platformalarda reklam olunun turşirkətlərin də hamısına etibarsızdır demək olmaz: “Elə şirkətlər var ki, özlərini reklam edirlər və vədlərini də yerinə yetirirlər. “Reklam haqqında qanun”da yalan xidmət, aldadıcı reklam qadağandır. Vətəndaş reklamda göstərilən xidməti ala bilməsə, şikayət edə bilər. Bu, artıq istehlakçının aldadılmasıdır. Buna görə həm İnzibati Xətalar Məcəlləsində, həm də Cinayət Məcəlləsində məsuliyyət nəzərdə tutulur”.

Təranə Məhərrəmova

 

banner

Oxşar Xəbərlər