• şənbə, 10 Oktyabr, 03:37
  • Baku Bakı 20°C

Xarici turizmə maraq azalır

10.10.26 02:03 35
Xarici turizmə maraq azalır

Xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı beş faizdən çox azalıb. Səbəb aviabiletlərin, hotel xidmətlərinin və ümumilikdə beynəlxalq turizm xidmətlərinin bahalaşmasıdır. 

Ölkəmizə gələn turistlərin sayındakı dəyişikliklər tez-tez diqqət mərkəzində olsa da, son rəsmi statistika başqa bir tendensiyanı da üzə çıxarıb: xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı da beş faizdən çox azalıb. 
Bu göstərici “Xaricə səyahətə maraq zəifləyib, yoxsa insanlar artan xərclər səbəbindən səyahət planlarını təxirə salırlar?” və ya “Aviabiletlərin, yerləşdirmə və digər turizm xidmətlərinin bahalaşması bu statistikaya nə dərəcədə təsir edib?” kimi suallar doğurur… 

Daha ehtiyatlı xərcləmə siyasəti 

İqtisadçı-ekspert Elşən Bağırzadənin fikrincə, Azərbaycan vətəndaşlarının xaricə səfərlərinin azalmasını bir neçə iqtisadi amillə izah etmək olar: “İlk növbədə, aviabiletlərin, hotel xidmətlərinin və ümumilikdə beynəlxalq turizm xidmətlərinin bahalaşması xarici səfərlərin ümumi dəyərini əhəmiyyətli dərəcədə artırıb. Bununla yanaşı, ölkədə iqtisadi artım tempinin nisbətən aşağı olması ev təsərrüfatlarının gəlirlərinin artım sürətinə və istehlak imkanlarına təsir göstərərək daha bahalı xərclərə münasibətdə ehtiyatlı davranışı gücləndirə bilər. Bu şəraitdə insanlar böyük məbləğ tələb edən və təxirə salına bilən xərcləri, o cümlədən xarici turizm xərclərini azaltmağa meyilli olurlar. Digər tərəfdən, bəzi vətəndaşların xaricdə istirahət əvəzinə ölkədaxili turizmə üstünlük verməsi də bu göstəriciyə təsir edir”. Ekspert xaricə gedənlərin sayındakı azalmada aviabiletlərin və turizm xidmətlərinin qiymət artımını ən mühüm amillərdən hesab edir: “Lakin onu yeganə və ya həlledici səbəb kimi qiymətləndirmək düzgün olmaz. Turizmə tələbat qiymət dəyişikliklərinə kifayət qədər həssasdır. Xarici səfərlərin ümumi dəyəri artdıqca, xüsusilə orta gəlirli ailələr səyahətlərini təxirə sala, müddətini qısalda və ya daha ucuz istiqamətlərə üstünlük verə bilərlər. Bununla yanaşı, ölkədaxili iqtisadi artımın tempi, əhalinin gəlirlərinin dinamikası, istehlak davranışı və ümumi iqtisadi qeyri-müəyyənlik də insanların səyahət qərarlarına təsir göstərən amillərdir”. 

“İnsanlar daha çox yaxın, büdcəyə uyğun istiqamətləri seçirlər” 

“2026-cı ilin ilk aylarında həm gələn, həm də gedən turistlərdə həqiqətən də azalma müşahidə olunur”, - deyə turizmçi Əfsun Əhmədov bildirir: “Bunu Dövlət Statistika Komitəsinin məlumatları da təsdiq edir. Xaricə səyahətlərdə azalma var və insanlar daha çox yaxın, büdcəyə uyğun istiqamətləri seçirlər”. Ekspert məlumat üçün qeyd edir ki, keçən il ilə müqayisədə 2026-cı ilin yanvar-may aylarında xaricə gedən Azərbaycan vətəndaşlarının sayı 6,3% azalaraq 756,6 min nəfər olub. Yəni ilin əvvəlindən etibarən xaricə səyahətə tələbat həqiqətən azalıb: “Səbəb regiondakı geosiyasi vəziyyət, bəzi ölkələrin müharibə şəraitində olması, viza prosedurlarının çətinləşdirilməsi və imtina hallarının çoxalması, habelə qiymətlərin artması (aviabilet, hotel və s.) ilə bağlıdır. Lakin keçən il ilə müqayisədə bu ilin yanvar-aprel aylarında Türkiyə və Gürcüstana səfərlər artıb. Bunun əsas səbəbi Türkiyə və Gürcüstanın həm yaxın, həm də büdcə baxımından daha əlçatan olmalarıdır. Bundan başqa, qatarla səfərlərin bərpası Gürcüstan istiqamətinə gedən yerli turistlərin sayının artmasına böyük təkan verib”.

Turizm şirkətləri azalmanı praktiki olaraq müşahidə edir 

Turizmçi Əziz Şiriyevin sözlərinə görə, turizm şirkətləri bu azalmanı praktiki olaraq müşahidə edir: “Daha çox Türkiyə istiqamətinə - Antalya, Bodrum, Marmarıs, Quşadası, İzmir istiqamətinə paketlər satılırdı. Amma son dönəmlərdə Türkiyə daha çox gəlir qazanmağa - kəmiyyətə deyil, keyfiyyətə üstünlük verməyə başladı. Onlar “az adam, daha çox qazanmaq” prinsipi ilə işləməyə keçdilər. Həmçinin digər turizm növlərinə daha çox şərait yaratdılar. Məsələn, onların sağlamlıq turizmindən qazancları standart turizmdən gələn gəlirdən daha çoxdur”. 

“Keçən il 2000 dollar olan tur hazırda 4000-4500 dollar civarındadır”

Turizmçi bildirir ki, hazırda vətəndaşlarımızdan yalnız yaxşı maddi imkanı olanlar səyahətə gedirlər: “Maddi imkanı olmayanlar da ən azı Antalya istiqamətinə səfər edirlər. Antalya turları hazırda Türkiyədə nisbətən ucuzdur. Amma Antalya qiymətlərini də keçən illə müqayisə edəndə görürük ki, kifayət qədər artım var. Məsələn, keçən il 2 min dollar olan tur hazırda 4000-4500 dollar civarındadır. Vətəndaşlar da artıq bu pulu vermək istəmirlər. Onlar daha ucuz istiqamətləri seçirlər. Bu siyahıda da Şarm əl Şeyx üstünlük təşkil edir”. Turizmçi azalmada aviabiletlərin qiymətinin baha olmasını da əsas səbəb kimi qeyd edir: “Bildiyiniz kimi, quru sərhədlər bağlıdır. Turistlərin paketinin 70 faizini aviabiletlərin qiyməti təşkil edir. Bu da baha olduğundan insanlar səyahət etmək istəmirlər”. Turizmçi qeyd edir ki, regionlarımızdakı hava limanlarını inkişaf etdirmək lazımdır: “Ölkəmizdə doqquz hava limanı var: ikisi Bakıda, yeddisi regionlarda. Elə etmək lazımdır ki, regionlardakı insanlar əlavə xərc çəkərək gəlib Bakıdan uçuş etməsinlər. Həm də regionlarla Bakıdakı qiymət fərqi elə tənzimlənməlidir ki, oradan uçmaq daha sərfəli olsun. Bu, həmçinin regionların iqtisadiyyatına da töhfə vermiş olar. Bundan əlavə, aşağı büdcəli hava yolları ilə əməkdaşlıq genişləndirilməlidir”. Ekspert xaricə səyahətin azalmasını insanların qənaətcilliyi ilə də əlaqələndirir: “Artıq insanlar bir az ehtiyat da saxlayırlar: “Bu gün bunu xərcləsək, sabah nə edərik?” qorxusu insanları ehtiyatlı davranmağa sövq edir. Buna görə də vətəndaşlarımız daha çox öz regionlarımızda təbiətin qoynunda dincəlməyə üstünlük verirlər və qənaət etmək haqda düşünürlər”. 

Təranə Məhərrəmova

 

banner

Oxşar Xəbərlər