Xaricdə təhsil, ölkədə karyera
Dövlət Proqramı əsasında xaricdə təhsil alan gənclərin ölkəyə qayıtması, əmək bazarına uyğunlaşması və ixtisaslarına uyğun iş tapması müxtəlif amillərdən asılıdır. Son illər onların məşğulluğu və peşəkar potensiallarından səmərəli istifadə olunması ətrafında müzakirələr aktuallaşıb.
Xaricdə təhsil almaq gənclərə beynəlxalq təcrübə qazanmaq, peşəkar bilik və bacarıqlarını inkişaf etdirmək üçün geniş imkanlar yaradır. Xaricdə təhsillə bağlı Dövlət Proqramının əsas məqsədlərindən biri də nüfuzlu universitetlərdə təhsil alan gənclərin qazandıqları bilik və təcrübəni ölkəmizin inkişafına yönəltməsidir. Bununla belə, məzunların ölkəyə qayıtması, əmək bazarına uyğunlaşması və ixtisaslarına uyğun iş tapması müxtəlif amillərdən asılıdır. Son illər onların məşğulluğu və peşəkar potensiallarından səmərəli istifadə olunması ətrafında müzakirələr də aktuallaşıb.
Bəs Dövlət Proqramı məzunları ölkəyə qayıtdıqdan sonra hansı imkanlarla qarşılaşırlar? Xaricdə qazandıqları bilik və təcrübəni yerli əmək bazarında nə dərəcədə reallaşdıra bilirlər?
“Məzunların böyük əksəriyyəti ölkəyə qayıdıb”
Dövlət Proqramı İdarəetmə Qrupundan (DPİQ) “Kaspi” qəzetinə bildirilib ki, indiyədək Dövlət Proqramı çərçivəsində təhsilini başa vuran məzunların ümumi sayı 738 nəfərdir. Təhsilini növbəti pillədə davam etdirənlər istisna olmaqla, digər məzunların hamısı Azərbaycana qayıdıb.
Məlumata görə, məzunların təxminən 70 faizi artıq işlə təmin olunub. Onlar dövlət qurumlarında, özəl sektorda və Azərbaycanda fəaliyyət göstərən beynəlxalq şirkətlərdə çalışırlar. Əsas fəaliyyət sahələri maliyyə, enerji, təhsil, informasiya texnologiyaları, dövlət idarəçiliyi, audit və konsaltinqdir. İşlə təmin olunmayan məzunların bir qismi müddətli həqiqi hərbi xidmətdədir, digərləri isə təhsilini yenicə başa vuraraq iş axtarır.
DPİQ-in məlumatına əsasən, məzunların əksəriyyəti öz ixtisası üzrə fəaliyyət göstərir. Qurumdan bildirilib ki, Dövlət Proqramı çərçivəsində ixtisas seçimi ölkənin prioritet inkişaf istiqamətləri və əmək bazarının tələbləri nəzərə alınmaqla aparılır. Bəzi məzunlar isə təhsil aldıqları ixtisasdan fərqli, lakin əlaqəli sahələrdə çalışırlar. DPİQ bunu onların analitik düşüncə, idarəetmə və digər transferolunan bacarıqlarından fərqli istiqamətlərdə istifadə etməsi və əmək bazarına çevik uyğunlaşması ilə əlaqələndirir. Məzunların məşğulluğuna dəstək məqsədilə karyera sərgiləri təşkil olunur, işəgötürənlərlə əlaqələr qurulur, vakansiyalar barədə məlumat verilir və CV-ləri uyğun qurumlara təqdim edilir.
“Xaricdə təhsil almaq yüksək əməkhaqqı ilə təmin olunmaq demək deyil”
Təhsil eksperti Elvin Bədirli hesab edir ki, xaricdə təhsil üzrə Dövlət Proqramının əsas məqsədi yüksək ixtisaslı milli kadr potensialının formalaşdırılmasıdır. Onun sözlərinə görə, xaricdə təhsil almış gənclərin dövlət idarəçiliyində, özəl sektorda, maliyyə, informasiya texnologiyaları, mühəndislik və təhsil sahələrində fəaliyyət göstərməsi bu siyasətin müsbət nəticələrindəndir: “Əmək bazarına inteqrasiya hər bir məzun üçün eyni sürətlə baş vermir. Burada ixtisasın xüsusiyyətləri, əmək bazarının tələbləri, namizədin fərdi bacarıqları və peşəkar hazırlığı mühüm rol oynayır. Ayrı-ayrı çətinlikləri ümumilikdə proqramın nəticələrinə şamil etmək doğru olmazdı. Azərbaycanda formalaşan yeni iqtisadi və texnoloji mühit beynəlxalq təcrübəyə malik gənclər üçün əlavə imkanlar yaradır. Xüsusilə rəqəmsal transformasiya, innovasiya, maliyyə və müasir idarəetmə sahələrində belə mütəxəssislərin bilik və bacarıqlarına ehtiyac artır. Qarşıdakı dövrdə əsas diqqət məzunların əmək bazarına keçidinin sürətləndirilməsinə və potensiallarından maksimum istifadə olunmasına yönəldilməlidir”.
Ekspert narazılıqların səbəblərini yalnız bir tərəflə əlaqələndirməyin düzgün olmadığını düşünür. Onun fikrincə, həm məzunların gözləntiləri, həm işəgötürənlərin yanaşması, həm də əmək bazarının imkanları nəzərə alınmalıdır: “Xaricdə nüfuzlu universitetdə təhsil almaq mühüm üstünlük olsa da, bu, avtomatik olaraq yüksək vəzifə və əməkhaqqı ilə təmin olunmaq demək deyil. Bəzən gənclərin karyera gözləntiləri ilə praktiki təcrübələri arasında fərq yaranır. Digər tərəfdən, bəzi müəssisələrdə namizədlərin potensialının düzgün qiymətləndirilməməsi və seçim meyarlarının kifayət qədər şəffaf olmaması da narazılıqlara səbəb ola bilər. Dar ixtisaslaşma tələb edən sahələrdə uyğun vakansiyaların məhdudluğu da bəzi məzunların fərqli istiqamətlərdə çalışmasına gətirib çıxarır. Əsas məsələ onlara xüsusi imtiyazlar verilməsi deyil, potensiallarının ədalətli qiymətləndirilməsi və peşəkar imkanlarına uyğun sahələrdə fəaliyyət göstərmələrinə şərait yaradılmasıdır”.
Beynəlxalq təcrübənin Azərbaycana transferi
E. Bədirli beynəlxalq təhsil və təcrübənin əmək bazarında mühüm üstünlüklər yaratdığını bildirir. Onun sözlərinə görə, xaricdə təhsil alan gənclər yalnız diplom və xarici dil bilikləri qazanmır, həm də fərqli elmi yanaşmalar, müasir idarəetmə modelləri və yeni texnologiyalarla tanış olurlar. Bu təcrübə onların problemlərin həllinə alternativ yanaşmasına və yeniliklərə daha çevik uyğunlaşmasına kömək edir: “Bankçılıq, informasiya texnologiyaları, enerji, mühəndislik və idarəetmə sahələrində beynəlxalq təcrübəyə malik mütəxəssislərin biliklərindən istifadə üçün geniş imkanlar var. Belə mütəxəssislər çalışdıqları təşkilatlara yeni iş üsulları, müasir yanaşmalar və beynəlxalq əməkdaşlıq imkanları qazandıra bilirlər. Bu baxımdan onların ölkəyə qayıtması beynəlxalq bilik və təcrübənin Azərbaycana transferi deməkdir”.
Xaricdə qalmaq istəyinin səbəbləri
Ekspert bildirir ki, məzunların karyera seçimlərinə əməkhaqqı, peşəkar inkişaf imkanları, elmi-tədqiqat mühiti, texnoloji infrastruktur və beynəlxalq layihələrdə iştirak perspektivləri təsir göstərir. Xüsusilə yüksək texnologiyalar, fundamental elmlər və innovativ tədqiqatlar sahəsində ixtisaslaşan gənclər üçün müasir laboratoriyalar, tədqiqat mərkəzləri və beynəlxalq elmi şəbəkələr mühüm əhəmiyyət daşıyır: “Dövlət Proqramı ilə xaricdə təhsil alan bəzi gənclərin karyeralarını orada qurmaq istəməsinin səbəblərindən biri əmək bazarına ilk addımlarını təhsil aldıqları ölkədə atmalarıdır. Universitetdə oxuduqları müddətdə təcrübə proqramlarına qatılır, şirkətlərin layihələrində iştirak edir, öz sahələri üzrə əlaqələr qururlar. Bəzən həmin şirkətlər onlara məzun olmamış iş təklif edirlər. Artıq tanıdıqları komandada işləmək imkanı bu qərara təsir göstərir. Əməkhaqqı da önəmli amildir, lakin məsələni yalnız maaş fərqi ilə izah etmək doğru olmaz. Gənclər çalışacaqları komandanı, işin məzmununu və gələcək inkişaf imkanlarını da nəzərə alırlar. Xaricdə bir müddət işləyib təcrübə qazanmaq istəyini Azərbaycana qayıtmaq niyyətinin olmaması kimi qiymətləndirməzdim. Gənc beynəlxalq komandada çalışaraq layihələrin necə qurulduğunu, işin necə təşkil edildiyini öyrənə və sonradan həmin təcrübəni Azərbaycanda tətbiq edə bilər”.
Aygün Əziz