• şənbə, 07 Noyabr, 06:15
  • Baku Bakı 14°C

Məktəblilərlə Zəfər söhbətləri - MƏKTƏBDƏ

07.11.26 03:17 38
Məktəblilərlə Zəfər söhbətləri - MƏKTƏBDƏ

Zaur Hüseynov: “Biz ön cəbhədə olsaq da, Azərbaycan xalqının bu savaşla nəfəs aldığını daim hiss edirdik. Məktəblilərin yazdığı məktublar, yaşlı nənə-babalarımızın təqaüdlərini cəbhəyə göndərməsi, insanların küçədən keçən hərbi maşınlara evlərindəki bir tikə çörəyi uzatması bizim üçün ən böyük stimul idi”.

“Zəfər xəbərini ilk kiminlə bölüşdünüz?” Vətən Müharibəsi Qəhrəmanına şagirdlərin ünvanladığı ilk sual bu idi. Bütün zalın cavabını maraqla gözlədiyi bu suala qəhrəman belə cavab verir: “Şuşada idik. Noyabrın 9-dan 10-na keçən gecə, təxminən saat 2 radələrində atəşkəs elan olunduğunu dedilər. Müharibə zamanı ərazilər azad edildikcə həmin ərazilərdə mobil şəbəkə də sürətlə qurulurdu. Gördük ki, hamı əlində telefon gəzir. Şuşanın azad edilməsi ilə bağlı döyüş əmrini alıb hərəkətə başladığımız gündən noyabrın 10-dək heç kimlə əlaqəmiz yox idi. Açığı, bütün diqqətimiz döyüşdə idi. Ailəmiz, yaxınlarımız, tanışlarımız heç yadımıza da düşmürdü. Noyabrın 10-da şəbəkə yarananda sanki özümüzə də bir siqnal gəldi: ailəmiz var, evimizlə danışmalıyıq. İlk atama zəng etdim və Böyük Zəfərin şad xəbərini ailəmlə bölüşdüm”.

Zəfər günü ərəfəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “Kaspi” qəzetinin birgə layihəsi olan “Məktəbdə...”nin qonağı Vətən Müharibəsi Qəhrəmanı, polkovnik-leytenant Zaur Hüseynov olub. Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyində keçirilən görüşdə şagirdlər qəhrəman hərbçinin döyüş yolunun hekayəsini dinləyib, onun həyat və gələcəklə bağlı tövsiyələrini eşitdilər. 

“Daş üzərinə yazılan “5”

Vətən Müharibəsi Qəhrəmanı Salyanda keçən məktəb illərindən söz açaraq, uğurun təməlində intizamın, dəqiqliyin və müəllim əməyinin dayandığını vurğuladı. İbtidai siniflərdən rəsmə böyük həvəsi olduğunu, bu bacarığının müəllimlərinin diqqətini çəkdiyini bildirdi. Dərslərinə məsuliyyətlə yanaşan Zaur Hüseynov 8-ci sinfi bitirdikdən sonra, 14 yaşında Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub. O, 18 yaşında Ali Hərbi Məktəbin birinci kursunda topoqrafiya fənni ilə tanışlığını və bu biliklərin həyatında yaratdığı dönüşü xüsusi həyəcanla xatırladı: “Məktəb illərində rəsm çəkməyi çox yaxşı bacarırdım. Ali Hərbi Məktəbdə topoqrafiya dərsinə girəndə müəllimimiz xəritədə profilin necə çəkildiyini, hərbçinin A nöqtəsindən B nöqtəsinə hərəkət edərkən ərazinin relyefini necə oxumalı olduğunu izah etdi. Sonra dedi ki, gəzib baxacaq, kim başa düşməyibsə, yerində öyrədəcək. Mən də tapşırığı dərhal və dəqiqliklə yerinə yetirdim. Ondan sonra hər dərsdə “5” alırdım. Bir neçə dərsdən sonra mənə dedi: “Sənin aldığın bu qiymət daş üzərinə yazılan “5” kimidir”. O vaxt 18 yaşım var idi, bu ifadənin mənasını anlamadım. Düşündüm ki, yəqin yaddaqalan olduğu üçün belə deyir”.

Bu ifadənin əsl mənasını Zaur Hüseynov Vətən müharibəsində anlayır. İşğal dövründə cəmi 5-6 yaşı olan, həmin əraziləri heç vaxt görməyən hərbçinin illər əvvəl mənimsədiyi topoqrafiya bilikləri döyüş meydanında mühüm üstünlüyə çevrilir: “Vətən müharibəsində Cəbrayıla, Füzuliyə, Hadruta və Şuşaya irəliləyəndə biz o torpaqları yalnız xəritələrdən tanıyır, gözümüzün qabağına gətirib xəyal edirdik. Döyüşlər zamanı bütün tapşırıqlarda topoqrafik xəritələrin oxunmasında, hərəkətdə iştirak edirdim. Yuxarı komandirlər xəritəni daha dəqiq bildiyimə görə harada olduğumuzu təyin etməyi, marşrutu cızmağı mənə həvalə edirdilər ki, dəqiq nöqtəni xəritədə göstərim. Biz ilk dəfə ayaq basdığımız o dərələri, meşələri, keçilməz dağları məhz həmin xəritələri dəqiq oxumaqla fəth etdik”.

Ağır tarixi yoldan şanlı zəfərə

Hərbçimiz Azərbaycanın keçdiyi çətin tarixi dövrləri, Birinci Qarabağ müharibəsinin acılarını və Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi ilə başlayan inkişaf yolunu xatırlatdı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun gücləndiyini deyən Qəhrəmanımız özünün də iştirak etdiyi Aprel döyüşlərini və Vətən Müharibəsini belə dəyərləndirdi: "2016-cı ildə Aprel döyüşlərində öz bölməmlə iştirak edirdim. Dörd gün sonra döyüşlər dayansa da, içimizdəki o savaş dayanmadı. 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayanda atılan ilk mərmini Aprel döyüşlərində atılan son mərminin davamı kimi hiss etdim”.

“Özümüzü Şuşaya sipər etdik”

Döyüşün ən dramatik və ağır anları Şuşa əməliyyatı zamanı yaşanmışdı. Ağır texnika və tank əleyhinə vasitələr hələ gəlib çatmadığı bir vaxtda düşmən tankları əks-hücuma keçmişdi: “Tanklar elə məsafədə idi ki, avtomatla onları vurmaq olmurdu, amma onların mərmisi bizə çatırdı. Bir komandir kimi anlıq qərar verdim. Şuşa qalasının divarları arxasına sığındıq. Tarixi qala divarları tank mərmilərinə sinə gərdi, özünü bizə sipər etdi, biz də özümüzü Şuşaya sipər etdik. Biz o mövqeləri sonadək qoruyub saxlaya bildik”.

Z.Hüseynov üçün Şuşaya gedən yolun mənası yalnız hərbi əməliyyatın çətinliyi və keçilməz relyeflə məhdudlaşmırdı. Bu yol həm də xalqın 30 illik həsrətini, şəhidlərin qanını, döyüşçülərin iradəsini və tarixi yaddaşımızı özündə birləşdirirdi: “Bu yol asfalt deyildi. Bu yolda şəhidlərimizin qanı, döyüşçülərimizin iradəsi, analarımızın duaları vardı. Bu, gecəsi-gündüzü olmayan döyüşlərin, ağır sınaqların yolu idi. Bu yolda Xudafərin körpüsü, Azıx mağarası, İsa bulağı, Şuşanın qayaları, Cıdır düzü, Şuşa qalası vardı. Ən əsası isə bu yol Azərbaycan xalqının 30 illik həsrətini daşıyırdı. Azərbaycan oğulları Ali Baş Komandanın rəhbərliyi ilə xalqımızın 30 illik həsrətinə son qoydular”.

“Arxa cəbhənin nəfəsini hiss edirdik”

Şagirdlərdən birinin “Arxa cəbhədə insanların həmrəyliyini, xalqın ordu ilə birliyini necə qiymətləndirirsiniz?” sualını cavablandırarkən hərbçimizin gözlərindəki qürur daha aydın hiss olunurdu: “Biz ön cəbhədə Azərbaycan xalqının bu savaşla nəfəs aldığını daim hiss edirdik. Məktəblilərin yazdığı məktublar, yaşlı nənə-babalarımızın təqaüdlərini cəbhəyə göndərməsi, insanların küçədən keçən hərbi maşınlara evlərindəki bir tikə çörəyi uzatması bizim üçün ən böyük stimul idi. Hiss edirdik ki, Azərbaycan xalqı daim arxamızdadır”.

Şagirdlərin "Müharibədən kənarda necə qəhrəman olmaq olar?" sualına Qəhrəmanımızın cavabı zalda böyük alqışla qarşılandı: "Qəhrəmanlıq təkcə əlinə silah alıb döyüşmək deyil. Qəhrəmanlıq doğru olan yolda sonadək mübarizə aparmaqdır. Sizin dərslərinizə yaxşı hazırlaşmağınız, bir-birinizlə möhkəm bağ qurmağınız, müəllimlərinizə hörmətiniz və gələcəkdə bu dövlət üçün sağlam bir vətəndaş kimi yetişməyiniz elə özü bir qəhrəmanlıqdır. Çünki sağlam cəmiyyət - güclü dövlətin təməlidir”.

Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər