• şənbə, 10 Oktyabr, 02:39
  • Baku Bakı 20°C

Repetitorlar çətin sınaq qarşısında 

10.10.26 01:18 25
Repetitorlar çətin sınaq qarşısında 

Şagird sayının azalması və qəbul istiqamətlərinin dəyişməsi əsas gəlir mənbəyi repetitorluqdan olan müəllimlərin gələcəyi ilə bağlı suallar yaradır. Bu proseslər gələcəkdə uşaq hazırlayaraq dolanışığını təmin edən müəllimlərin qazanc imkanlarına təsir edə bilər. 

Ölkəmizdə demoqrafik mənzərə tədricən dəyişir. Son illərdə doğum göstəricilərinin azalması gələcəkdə təhsil bazarına da təsir göstərə biləcək amillərdən biri kimi diqqət çəkir. Artıq hər il orta məktəblərdəki uşaq sayında azalma müşahidə edilir. Ali təhsil almaq istəyən şagirdlərin bir qismi də YÖS və SAT kimi alternativ qəbul imtahanlarına maraq göstəririlər. Şagird sayının azalması və qəbul istiqamətlərinin dəyişməsi isə əsas gəlir mənbəyi repetitorluqdan olan müəllimlərin gələcəyi ilə bağlı suallar yaradır. 

Bəs bu iki proses - azalan şagird kontingenti və dəyişən qəbul seçimləri gələcəkdə uşaq hazırlayaraq dolanışığını təmin edən müəllimlərin qazanc imkanlarına necə təsir göstərə bilər? 

Nəticə və ehtiyac üzrə ixtisaslaşma

İsmayıllı şəhəri internat tipli “Talıstan” liseyinin direktor müavini Ülvi Osmanlı hesab edir ki, son illərdə Azərbaycanda doğum sayının azalması gələcəkdə təhsil bazarına, o cümlədən repetitorluğa da təsir göstərə bilər: “Çünki şagird kontingenti azaldıqca, eyni sayda müəllimin daha az şagird uğrunda rəqabət aparması mümkündür. Lakin mən bunu repetitorluğun zəifləməsindən daha çox, repetitorluq bazarının dəyişməsi kimi qiymətləndirirəm. Rəqabət artdıqca valideynlər müəllim seçimində nəticəyə, peşəkarlığa, metodikaya və fərdi yanaşmaya daha çox diqqət yetirəcəklər. Digər tərəfdən, təhsil xidmətlərinə tələbatın istiqaməti də dəyişir. YÖS, SAT, olimpiada hazırlığı, xarici dil, akademik yazı, nitq və kommunikasiya bacarıqları kimi istiqamətlər müəllimlər üçün yeni imkanlar yarada bilər”. Ü.Osmanovun fikrincə, onlayn təhsil də müəllimlər üçün əlavə imkan yaradır: “Müəllim artıq yalnız yaşadığı şəhər və ya rayonun şagirdləri ilə işləmək məcburiyyətində deyil. Keyfiyyətli onlayn tədris quran müəllim ölkənin müxtəlif bölgələrindən şagird cəlb edə bilər. Ona görə hesab edirəm ki, gələcəkdə ənənəvi “müəllim-şagird” münasibətindən əlavə, müəllimin konkret nəticə və ehtiyac üzrə ixtisaslaşması daha çox əhəmiyyət qazanacaq. Şagird sayı azalsa da, keyfiyyətli təhsilə ehtiyac aradan qalxmayacaq. Yəni qarşıdakı dövr müəllimlər üçün həm rəqabət, həm də yeni imkanlar dövrü olacaq. Öz üzərində işləyən, ixtisaslaşan və yeni tədris formatlarına uyğunlaşan müəllim dəyişən bazarda özünə yeni imkanlar yarada bilər”.

Fərdi və qrup hazırlığı keçən müəllimlər üçün təhlükə 

35 nömrəli tam orta ümumtəhsil məktəbinin ibtidai sinif müəllimi Təranə Nuriyevanın fikrincə, son illərdə ölkədə uşaqların sayında müşahidə olunan azalma, eyni zamanda, ali məktəblərə qəbul üçün YÖS və SAT kimi imtahanlara hazırlaşan şagirdlərin sayının artması gələcəkdə müəllimlərin fəaliyyətinə müəyyən qədər təsir göstərə bilər: “Xüsusilə fəaliyyətini əsasən fərdi və qrup hazırlığı üzərində quran müəllimlər üçün şagird sayının azalması müəyyən çətinliklər yarada bilər. Çünki belə müəllimlərin gəliri birbaşa şagird sayından asılıdır. Digər tərəfdən, şagirdlərin fərqli istiqamətlərə yönəlməsi hazırlıq anlayışının özünü də dəyişir. Əvvəllər əsasən məktəb proqramı üzrə hazırlıq ön planda idisə, indi beynəlxalq imtahanlar, xarici dil, rəqəmsal bacarıqlar və müxtəlif qəbul istiqamətləri də valideynlərin diqqətindədir”. T.Nuriyeva hesab edir ki, məktəbdə çalışan müəllim üçün də bu dəyişikliklər əhəmiyyətlidir: “Çünki qarşımızdakı şagird əvvəlki şagird deyil. Onun informasiya əldə etmək imkanları, maraqları, öyrənmə üsulları və gələcəklə bağlı seçimləri dəyişir. Müəllim də buna uyğun olaraq öz yanaşmasını yeniləməlidir. Təlimçilik, rəqəmsal bacarıqlar, layihələrin idarə olunması, süni intellekt alətlərindən istifadə, beynəlxalq proqramlar və yeni təlim metodları müəllim üçün əlavə imkanlar yaradır. Bu mənada gələcəkdə müəllimlər üçün müəyyən rəqabət və dəyişiklik qaçılmazdır”. 

“Yeni təhsil modelləri və fərqli qəbul yolları yeni ehtiyaclar formalaşdırır”

T.Nuriyevanın fikrincə, uşaq sayı azala, təhsil seçimləri dəyişə, hazırlıq istiqamətləri yenilənə bilər. Lakin uşağın öyrənməsinə, düşünməsinə və inkişafına düzgün istiqamət verən müəllimə həmişə ehtiyac olacaq: “Məncə, gələcəyin müəllimi üçün ən vacib məsələ də məhz budur: dəyişən şagirdə uyğunlaşmaq və öz peşəsini də bu dəyişikliklə birlikdə inkişaf etdirmək. Təhsil iqtisadiyyatı baxımından da bu məsələyə tələb və təklif münasibəti kimi yanaşmaq mümkündür: şagird sayı azaldıqca müəyyən sahələrdə müəllimlər arasında rəqabət arta bilər. Lakin təhsil bazarında tələbat tamamilə yox olmur, onun istiqaməti dəyişir. Yeni təhsil modelləri və fərqli qəbul yolları yeni ehtiyaclar formalaşdırır”. T.Nuriyeva bildirir ki, təhsildə dəyişən təkcə şagird sayı deyil, valideynin gözləntisi, şagirdin seçimi və müəllimdən tələb olunan bacarıqlardır: “Bu gün YÖS, SAT, xarici dil və beynəlxalq proqramlara maraq artırsa, müəllim də yeni istiqamətlər öyrənməli, rəqəmsal imkanlardan və süni intellektdən yararlanmalı, öz fəaliyyət dairəsini genişləndirməlidir. Düşünürəm ki, şagird sayının azalması müəllim üçün müəyyən çağırış yaradacaq. Amma peşəkar inkişaf edən müəllim üçün bu, yalnız risk deyil, yeni imkanlar da deməkdir”.

“Əsas olan dəyişən tələbata uyğunlaşmaqdır”

Fuad Mövludov adına 230 nömrəli tam orta ümumtəhsil məktəbinin riyaziyyat müəllim Zərif Şirəliyevanın fikrincə, uşaq sayının azalması gələcəkdə müəllimlərin işinə müəyyən qədər təsir edə bilər: “Çünki şagird sayı azaldıqca, təbii olaraq rəqabət də arta bilər. Xüsusilə yalnız ənənəvi formada hazırlıq keçən müəllimlər üçün bu, müəyyən çətinlik yaradacaq. Amma düşünürəm ki, bu, müəllimlərin işsiz qalacağı demək deyil. Sadəcə tələbat dəyişə bilər. Məsələn, YÖS, SAT, xarici dil, onlayn dərslər, fərdi yanaşma və müxtəlif yeni istiqamətlərə maraq artır. Özünü inkişaf etdirən və dəyişən tələblərə uyğunlaşan müəllimlər üçün yeni imkanlar yaranır. Məncə, əsas olan müəllimin dəyişən tələbatı nə qədər tez hiss edib özünü ona uyğunlaşdırmasıdır”.

Təranə Məhərrəmova

 

banner

Oxşar Xəbərlər