• şənbə, 31 Oktyabr, 13:46
  • Baku Bakı 20°C

Kolleclərlə bağlı səs-küylü plan

31.10.26 02:26 59
Kolleclərlə bağlı səs-küylü plan

Bəzi kolleclərin profillərinə uyğun ali təhsil müəssisələrinin tərkibinə daxil edilməsi, digərlərinin isə ləğv olunması məsələsi gündəmə gəlib. Müzakirə edilən bu plan özü ilə bərabər suallar da gətirib. 

Azərbaycanda bəzi kolleclərin profillərinə uyğun ali təhsil müəssisələrinin tərkibinə daxil edilməsi, digərlərinin isə ləğv olunması məsələsi gündəmə gəlib. Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərovun açıqlamasına görə, bu istiqamətdə işlər aparılır. Məsələn, Tibb Kollecinin Azərbaycan Tibb Universitetinin, eləcə də Lənkəran Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Sosial və Aqrar-Texnoloji Kollecin Azərbaycan Dövlət Aqrar Universitetinin tərkibinə verilməsi kimi təkliflər səsləndirilib.

Məsələ təhsil ictimaiyyətində suallar yaradır. Kolleclərin universitetlərə birləşdirilməsi təhsilin keyfiyyətinə necə təsir edəcək? Bağlanması nəzərdə tutulan kolleclərdə təhsil alan tələbələrin, dərs deyən müəllimlərin aqibəti necə olacaq? Bu dəyişikliklər orta ixtisas təhsilinin gələcəyinə hansı təsirləri göstərə bilər?

“Kolleclərin əhəmiyyəti nəzərə alınmalıdır” 

F.Gözəlov adına 124 nömrəli tam orta məktəbin müəllimi, AGMA-ya tabe Gənc İbtidai Sinif Müəllimləri Birliyinin təsisçisi Ülviyyə Ələkbərova hesab edir ki, orta ixtisas təhsili müəssisələrinin yenidən təşkili məsələsinə yalnız kolleclərin sayının azaldılması və xərclərin optimallaşdırılması kimi yanaşmaq düzgün deyil. Əsas məqsəd təhsilin keyfiyyətinin yüksəldilməsi, müasir əmək bazarının tələblərinə uyğun kadr hazırlığının təmin edilməsi və təhsillə əmək bazarı arasında əlaqənin gücləndirilməsi olmalıdır: “Kolleclərin uyğun profilli universitetlərin tərkibinə verilməsi elmi, metodik və maddi-texniki imkanlardan daha səmərəli istifadəyə şərait yarada bilər. Lakin hər bir müəssisənin fəaliyyəti ayrıca qiymətləndirilməli, xüsusilə regionlarda kadr hazırlığında mühüm rol oynayan kolleclərin əhəmiyyəti nəzərə alınmalıdır. Belə müəssisələrin bağlanması bəzi ərazilərdə təhsilə əlçatanlığı azalda bilər”. Ü.Əkbərova hesab edir ki, struktur dəyişiklikləri zamanı müəllimlərin əmək hüquqları qorunmalı, onların peşəkar təcrübəsindən səmərəli istifadə olunmalı və tələbələrin təhsilini fasiləsiz davam etdirməsi təmin edilməlidir. 

Pərakəndə fəaliyyət göstərən çoxsaylı müəssisədənsə... 

Salyan rayon Kolanı kənd ümumi orta ümumtəhsil məktəbinin müəllimi Elvin Məmmədov hesab edir ki, əmək bazarında ixtisaslı mütəxəssislərə tələbatın artdığı bir şəraitdə bu cür struktur dəyişiklikləri gələcək kadrların daha keyfiyyətli hazırlanmasına, tədris imkanlarının genişləndirilməsinə və orta ixtisas təhsilinin nüfuzunun yüksəldilməsinə töhfə verə bilər: “Bu proses orta ixtisas təhsili müəssisələrinin sayının azalmasına səbəb olsa da, əsas diqqət müəssisələrin çoxluğuna deyil, təhsilin keyfiyyətinə və səmərəliliyinə yönəldilməlidir. Pərakəndə fəaliyyət göstərən çoxsaylı müəssisədənsə, müasir tələblərə uyğunlaşdırılmış, güclü tədris və maddi-texniki bazaya malik təhsil müəssisələrinin formalaşdırılması daha effektiv yanaşmadır. Bu, eyni zamanda, orta ixtisas təhsilinin cəmiyyətdə nüfuzunun artmasına da müsbət təsir göstərə bilər”.

E.Məmmədov hesab edir ki, struktur dəyişiklikləri zamanı tələbələrin və müəllimlərin hüquqlarının qorunması xüsusi əhəmiyyət daşıyır: “Yenidən təşkil olunan müəssisələrin tələbələrinin qəbul olunduqları ixtisaslara uyğun olaraq digər təhsil müəssisələrində təhsillərini davam etdirmələri, müəllimlərin isə müvafiq qaydada işlə təmin olunmaları üçün aydın və şəffaf mexanizmlər nəzərdə tutulmalıdır. Bu islahatların əsas məqsədi sadəcə təhsil müəssisələrinin sayını azaltmaq deyil, daha səmərəli təhsil mühiti yaratmaq, ixtisaslı kadr hazırlığını gücləndirmək və orta ixtisas təhsilinin keyfiyyətini yeni mərhələyə yüksəltmək olmalıdır”.

Keyfiyyətin yüksəldilməsi, maliyyədən səmərəli istifadə 

Təhsil eksperti Asif Cahangirov prosesi təhsilin keyfiyyətinin yüksəldilməsi, maliyyə resurslarından səmərəli istifadə və əmək bazarının tələblərinə uyğun ixtisaslı kadrların hazırlanması baxımından məqsədəuyğun hesab edir: “Beynəlxalq təcrübədə kolleclərin fəaliyyətinin müxtəlif modelləri mövcuddur. Məsələn, ABŞ-da kolleclər bakalavriat səviyyəsində təhsil verən müəssisələr kimi fəaliyyət göstərir. Eyni zamanda, universitetlərin nəzdində fəaliyyət göstərən kolleclər də mövcuddur. Bir sıra ölkələrdə isə müəssisələr, biznes birlikləri və bələdiyyələr əmək bazarında ehtiyac duyulan peşələr üzrə mütəxəssis hazırlamaq məqsədi ilə kolleclər yaradırlar”. 

Məzunların ali təhsil almaq imkanlarını genişləndirə bilər

A.Cahangirov hesab edir ki, universitetlərin nəzdində kolleclərin fəaliyyət göstərməsi məzunların gələcəkdə ali təhsil almaq imkanlarını da genişləndirə bilər: “Təhsil müəssisələrinin fəaliyyətinə dəyişməz struktur kimi yanaşmaq düzgün deyil. Əmək bazarındakı dəyişikliklər nəzərə alınaraq kolleclərdə tədris olunan ixtisaslar müəyyən müddətdən sonra yenilənə, tələbat olmayan istiqamətlər üzrə hazırlıq dayandırıla, əvəzində yeni və aktual ixtisaslar açıla bilər. Bunun üçün isə əvvəlcədən ciddi proqnozlaşdırma və əmək bazarının təhlili aparılmalıdır”. Ekspert hesab edir ki, orta ixtisas təhsili müəssisələrində tədris olunan ixtisaslar ölkənin sosial-iqtisadi inkişaf prioritetlərinə uyğun müəyyənləşdirilməlidir: “Əgər hər hansı kollecin hazırladığı mütəxəssislərə əmək bazarında tələbat yoxdursa, həmin müəssisənin fəaliyyətinin mövcud formada davam etdirilməsinin nə dərəcədə məqsədəuyğun olduğu sual doğurur”. Kolleclərin ləğvi və ya yenidən təşkili məsələsinə toxunan ekspert hesab edir ki, bu proses müəllimlərin gələcək məşğulluğu da nəzərə alınmaqla həyata keçirilməlidir: “Əgər hər hansı kollecin məzunlarına iş yeri və onlara tələbat yoxdursa, kimi aldadırıq? İxtisaslı müəllimlərə isə təhsil sistemində, o cümlədən universitetlərdə və ümumi təhsil müəssisələrində ehtiyac yarana bilər”.

Təranə Məhərrəmova

 

banner

Oxşar Xəbərlər