• şənbə, 11 Iyul, 21:51
  • Baku Bakı 30°C

Tələb çox, yer isə yenə də az

11.07.26 02:29 38
Tələb çox, yer isə yenə də az

Məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul başlayıb. Bu il də valideynləri ən çox düşündürən məsələlər dövlət bağçalarında yer təminatı, yeni məktəbəqədər təhsil müəssisələrinin istifadəyə verilməsi və özəl bağçalarda tətbiq olunan qiymətlərdir.

Bu həftə məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul başlayıb. Hər il olduğu kimi, minlərlə valideyn övladını bağçaya yerləşdirmək üçün mübarizə aparır. Bu il də valideynləri ən çox düşündürən məsələlər dövlət bağçalarında yer təminatı, yeni məktəbəqədər təhsil müəssisələrinin istifadəyə verilməsi və özəl bağçalarda tətbiq olunan qiymətlərdir.
Bu ili əvvəlki illərdən fərqləndirən əsas yenilik məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqidir. 

“Təhsil haqqının bir hissəsini dövlət ödəyəcək”

Elm və Təhsil Nazirliyindən bildirilir ki, yeni model çərçivəsində müəyyən ediləcək qaydalara əsasən, övladını özəl məktəbəqədər təhsil müəssisəsinə yerləşdirən valideynlərə dövlət tərəfindən maliyyə dəstəyi göstəriləcək. Başqa sözlə, aylıq təhsil haqqının müəyyən hissəsi dövlət büdcəsi hesabına qarşılanacaq. Nazirlik qeyd edir ki, bu yanaşma daha çox uşağın məktəbəqədər təhsilə cəlb olunmasına, valideynlərin seçim imkanlarının genişlənməsinə və özəl məktəbəqədər təhsil müəssisələrinin inkişafına töhfə verəcək. 

“13 məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib”

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) qəzetimizə verilən məlumata görə, 2025-2026-cı tədris ilində ümumi tutumu 1384 nəfər olan 13 məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib. Bu tədris ili üçün dövlət məktəbəqədər təhsil müəssisələrinin qəbul imkanlarına gəldikdə isə, Agentlikdən bildirildi ki, məktəbəqədər təhsilə cəlb olunmuş uşaqların 1-5 yaşlılara nisbətinin 50 faizə çatdırılması nəzərdə tutulub: “Ümumilikdə 6605 qrup olmaqla, 1671 məktəbəqədər təhsil müəssisəsi üzrə qəbulun aparılması planlaşdırılır”. 

MÜTDA-nın məlumatına görə, Bakı və Abşeron rayonu Xırdalan şəhərində əhalinin məskunlaşma səviyyəsi yüksək olduğundan bağçalara qəbul zamanı müəyyən sıxlıq müşahidə olunur: “Bunu aradan qaldırmaq üçün alternativ təhsil modellərindən uğurla istifadə olunur (icma əsaslı məktəbəqədər təhsil qrupları, özəl-dövlət tərəfdaşlığı ilə bağlı qrant layihəsi, ailə tipli təlim qrupları). Alternativ modellərlə yanaşı bağça infrastrukturunun genişləndirilməsi də diqqət mərkəzində saxlanılır. Növbəlilik və prioritetlik prinsipi əsasında məktəbəqədər təhsil müəssisələri inşa edilir”.

İnfrastruktur və tələbat arasında uyğunsuzluq

Təhsil eksperti İlqar Orucov deyir ki, məktəbəqədər təhsil sistemində elektron qəbulun tətbiqi şəffaflığın artırılmasına xidmət etsə də, infrastrukturla tələbat arasındakı uyğunsuzluq hələ də əsas problem olaraq qalır: “Ölkədə məktəbəqədər yaşda təxminən 600 min uşaq olduğu halda, dövlət bağçalarında mövcud yerlər bu rəqəmin çox kiçik hissəsini əhatə edir. Yer çatışmazlığı xüsusilə regionlar üzrə qeyri-bərabər şəkildə özünü göstərir. Bakı, Sumqayıt və Gəncə kimi böyük şəhərlərdə, eləcə də əhalinin sıx məskunlaşdığı yeni yaşayış massivlərində dövlət uşaq bağçalarında yer çatışmazlığı ciddi problemdir”.

“Valideynlər sistemə uyğunlaşa bilmir”

İ.Orucovun fikrincə, elektron qəbul sisteminin tam səmərəli işləməsinə mane olan problemlər hələ də qalır: “Sistem aktivləşən kimi bəzi bağçalarda yerlər bir neçə dəqiqə, hətta bəzən saniyələr ərzində dolur. Bu da valideynlərin narazılığına səbəb olur və uzun növbələr yaradır. Valideynlərə maksimum üç bağça seçmək imkanı verilsə də, daha çox tələbat olan bağçalarda növbəyə yazılan uşaqlar aylarla gözləməli olur. Digər tərəfdən, yaşayış yerini dəyişən və ya elektron xidmətlərdən istifadə bacarıqları zəif olan valideynlər üçün sistemə uyğunlaşmaq da çətinliklər yaradır”.

Həmsöhbətimizin sözlərinə görə, dövlət uşaq bağçalarında yer çatışmazlığının əsas səbəbləri infrastruktur problemləri və kadr çatışmazlığıdır: “Paytaxtda və iri şəhərlərdə yeni yaşayış kompleksləri tikilsə də, paralel olaraq kifayət qədər uşaq bağçası və məktəb inşa edilmir. Bəzi yaşayış massivlərində hətta yeni təhsil müəssisələrinin tikintisi üçün torpaq sahəsi tapmaq çətinləşir. Bu problem xüsusilə Binə, Masazır və oxşar ərazilərdə daha qabarıq hiss olunur. Digər tərəfdən, mövcud məktəbəqədər təhsil müəssisələrinin bir hissəsi köhnəlib. Müstəqilliyin ilk illərində isə bir sıra bağçalar özəlləşdirilərək və ya təyinatı dəyişdirilərək başqa məqsədlər üçün istifadə olunub”.

“Dövlət uşaq bağçaları tələbatı qarşılaya bilmir”

Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti Xalidə Həmidova bildirir ki, məktəbəqədər təhsil müəssisələrində qrupların komplektləşdirilməsi “Məktəbəqədər təhsil haqqında” qanunla tənzimlənir: “Qanuna əsasən, 3-6 yaş qruplarında maksimum 20, 1-3 yaş qruplarında isə 15 uşaq ola bilər. Qarışıq yaş qruplarında bu rəqəm müvafiq olaraq 15 və 10 nəfərdir. Elektron qəbul sistemi də məhz bu normalara uyğun işləyir və müəyyən edilmiş limitdən artıq qəbul aparılmasına imkan vermir. Əvvəllər bəzi bağçalarda bir qrupda 40-50 uşağın olması halları müşahidə olunurdu, lakin hazırda sistem buna imkan vermir”.

X.Həmidovanın sözlərinə görə, dövlət uşaq bağçaları tələbatı qarşılamır: “Hesablamalara əsasən, dövlət bağçaları məktəbəqədər yaşlı uşaqların təxminən 16 faizini qəbul edə bilir. Yerdə qalan uşaqların məktəbəqədər təhsilə cəlb edilməsi üçün məktəbəhazırlıq qrupları, icma əsaslı qruplar və digər alternativ modellər tətbiq olunur. Hazırda valideyn-dövlət-özəl əməkdaşlığı modeli də bu istiqamətdə nəzərdə tutulan mexanizmlərdəndir. Bu modellər hesabına məktəbəqədər təhsilin əhatə dairəsi təxminən 36 faizə çatır”.

X.Həmidova hesab edir ki, bu il də əvvəlki illərlə müqayisədə əsas problemlər dəyişməyib: “Bağçalarda yerlərin sayı əvvəlki səviyyədə qalır. Bir neçə yeni bağçanın istifadəyə verilməsi tələbatı qarşılamaq üçün kifayət etmir. Yer çatışmazlığı əsasən Bakı və digər iri şəhərlərdə müşahidə olunur. Bir çox rayon və kəndlərdə isə əksinə, qruplar uşaq azlığı səbəbindən bağlanır. Qeydiyyatda olmayan, kirayədə yaşayan və ya müvəqqəti olaraq paytaxta köçən ailələrin övladlarının bağçaya yerləşdirilməsi də əlavə çətinlik yaradır”.

“Ailələrin əksəriyyəti üçün özəl bağçalar əlçatan deyil”

Dövlət bağçalarında yer çatışmazlığı səbəbindən bir çox valideyn alternativ kimi özəl məktəbəqədər təhsil müəssisələrinə üz tutur. Lakin özəl bağçalarda tətbiq olunan aylıq ödənişlər hər ailənin büdcəsinə uyğun gəlmir. Burada aylıq ödənişlər müəssisənin yerləşdiyi əraziyə, təqdim olunan xidmətlərə və tədris proqramına görə dəyişir. Hazırda Bakıda özəl uşaq bağçalarında aylıq ödənişlər, əsasən, 350-400 manatdan başlayır. Tədris proqramı, xarici dil tədrisi, iş saatları və əlavə xidmətlərdən asılı olaraq qiymətlər 700-1000 manat, bəzi premium müəssisələrdə isə 1000 manatdan yuxarı dəyişə bilir.
Təhsil eksperti İlqar Orucov hesab ki, özəl bağçalarda yüksək təhsil haqları da dövlət bağçalarına tələbatı artıran əsas amillərdəndir: “Orta aylıq əməkhaqqını nəzərə alsaq, iki uşağı olan ailələrin əksəriyyəti üçün özəl bağçalar əlçatan deyil. Nəticədə valideynlər dövlət bağçalarını yeganə münasib alternativ kimi görürlər ki, bu da müraciətlərin sayını artırır”.

Aygün Əziz

banner

Oxşar Xəbərlər