• şənbə, 25 Iyul, 02:40
  • Baku Bakı 30°C

Məktəblilər yay tətilini necə keçirirlər?

25.07.26 01:36 20
Məktəblilər yay tətilini necə keçirirlər?

Əvvəllər uşaqlar üçün mövcud olan yay düşərgələri, məktəbdənkənar məşğələlər və yay mütaliəsi kimi ənənələr hazırda yoxdur. Nəticədə uşaqlar yayda nəzarətsiz boş vaxt keçirir, valideynlər isə onların həm istirahətini, həm də inkişafını təmin etmək üçün alternativ imkanlar axtarırlar. 

 Yay tətili dövründə şagirdlərin asudə vaxtlarının səmərəli təşkili məsələsi hələ də açıq qalır. Əvvəllər mövcud olan yay düşərgələri, məktəbdənkənar məşğələlər və yay mütaliəsi kimi ənənələr bu gün geniş şəkildə tətbiq olunmur. Nəticədə bir çox uşaq aylarla nəzarətsiz boş vaxt keçirir, valideynlər isə onların həm istirahətini, həm də inkişafını təmin etmək üçün alternativ imkanlar axtarırlar. 

Planlı və balanslı dövr

İki ildir Çində müəllim kimi çalışan Rüfət Əsədzadə yaşadığı ölkənin təcrübəsindən danışır: “Çində yay tətili təxminən iki ay davam edir. Məktəblər bağlanır, amma bu, uşaqların tamamilə sərbəst olması demək deyil. Xüsusilə şəhərlərdə valideynlər işlədikləri üçün uşaqların gününü əvvəlcədən planlaşdırırlar. Yay aylarında uşaqların çoxunu məktəbdə deyil, müxtəlif özəl kurslarda və məşğələlərdə görmək olur. Üzgüçülük, basketbol, badminton, piano, rəsm, robototexnika və ingilis dili ən çox seçilən fəaliyyətlərdəndir. Dövlət bütün uşaqlar üçün yay düşərgələri təşkil etmir. Bələdiyyələrin, kitabxanaların və ictimai mərkəzlərin müəyyən pulsuz tədbirləri olsa da, uşaqların böyük əksəriyyəti valideynlərin seçdiyi ödənişli proqramlara qatılır. Bu da uşağın inkişafına edilən investisiyanın bir hissəsi kimi qəbul olunur”. R.Əsədzadə Çində müşahidə etdiyi başqa bir maraqlı məqamı da qeyd edir: “Azərbaycandakı kimi məhəllələrdə səhərdən axşama qədər küçədə oynayan uşaq mənzərəsi burada demək olar ki, yoxdur. Bunun səbəbi uşaqların evdə olması deyil, sadəcə onların günləri planlı keçir: kurs, idman, ailə ilə gəzinti və ya evdə müxtəlif fəaliyyətlərlə məşğul olurlar. Çində yay tətili nə tam istirahətdən, nə də yalnız dərs oxumaqdan ibarətdir. Bu, daha çox planlı və balanslı keçirilən bir dövrdür”.

“Təhsillə yanaşı, keyfiyyətli və səmərəli istirahət də vacibdir” 

Bəs bizim ölkəmizdə uşaqlar üçün yay tətilinin təşkili necə qurulub?

Bakı şəhəri 263 nömrəli tam orta ümumtəhsil məktəbin ibtidai sinif müəllimi Ayşən Bəxtiyarova bildirir ki, ölkəmizdə bu istiqamətdə ayrı-ayrı məktəblər, təşkilatlar, ictimai birliklər və s. səviyyəsində müxtəlif tədbirlər həyata keçirilir: “Hazırda əsas məsələ bu işi kütləvi hala gətirməkdir. Hesab edirəm ki, məktəb müddəti şagirdlərin təhsil alması üçün kifayətdir. Məktəblilərin təhsillə yanaşı, keyfiyyətli və səmərəli istirahət etmələri də vacibdir. Bu istirahət isə təhsillə balanslaşdırılmış formada daha effektli ola bilər. Bunun üçün ən yaxşı variant isə bütün şagirdlər uçun əlçatan olan yay düşərgələrinin təşkil edilməsidir. Bu düşərgələrdə məktəblilər sosial, fiziki, intellektual və digər istiqamətlərdə daha yaxşı inkişaf edə bilərlər”. 

“Yay tətili yalnız istirahətlə məhdudlaşmamalıdır” 

Bakı şəhər 10 nömrəli internat tipli sanator ümumtəhsil məktəbinin psixoloqu Lətafət Novruzovanın fikrincə, uşaqların yay tətili yalnız istirahətlə məhdudlaşmamalıdır: “Bu aylar uşaqların sosial, emosional, fiziki və intellektual inkişafı üçün mühüm imkanlar yaradır. Son illər diqqət çəkən məqamlardan biri odur ki, məktəblərdə yay tətilinin məzmunlu təşkili istiqamətində sistemli fəaliyyətlər kifayət qədər geniş deyil. Əvvəllər şagirdlərə yay oxusu üçün kitab siyahıları təqdim olunur, müxtəlif oxu gündəlikləri hazırlanırdı. Uşaq düşərgələri və sinifdənkənar fəaliyyətlər də daha geniş yayılmışdı. Bu gün isə bir çox uşaq yay aylarını əsasən telefon, planşet və kompüter qarşısında keçirir. Nəticədə fiziki aktivlik azalır, sosial münasibətlər zəifləyir, öyrənmə motivasiyasında geriləmə müşahidə oluna bilir”. Psixoloqun fikrincə, yay ayları formal təhsildən qeyri-formal öyrənməyə keçid üçün əlverişli zamandır:

“Bu dövrdə uşaqlar yeni bacarıqlar qazana, maraqlarını kəşf edə, yaradıcı fəaliyyətlərdə iştirak edə, məktəblər isə könüllülük prinsipi əsasında müxtəlif inkişaf proqramları həyata keçirə bilərlər”. L.Novruzovanın sözlərinə görə, yay düşərgələrinə ehtiyac da artır: “Bir vaxtlar yay düşərgələri uşaqların həyatında xüsusi yer tuturdu. Onlar burada dostluq edir, kollektivdə yaşamağı öyrənir, idmanla məşğul olur, müxtəlif yaradıcılıq fəaliyyətlərinə qoşulurdular. Bu gün isə belə imkanlardan istifadə edən uşaqların sayı məhduddur. Dövlət, yerli icra strukturları, bələdiyyələr, məktəblər, universitetlər, qeyri-hökumət təşkilatları və özəl sektorun əməkdaşlığı ilə əlçatan yay düşərgələri yaratmaq mümkündür. Xüsusilə aztəminatlı ailələrin uşaqları, kənd məktəblərinin şagirdləri və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün sosial yönümlü proqramların təşkili böyük əhəmiyyət daşıyar”. 

“Uşaqlar vaxtlarını telefonda oyun oynamaqla keçirirlər” 

Şəmkir rayonu Düyərli kənd 2 nömrəli tam orta məktəbin müəllimi Validə Məmmədli hazırda uşaqların yay tətilləri günləri ilə bağlı böyük boşluqların olduğunu qeyd edir: “Kimlərsə yay tətilində özəl düşərgələr təşkil etməyə çalışırlar. Valideynlər bunu çox istəyir, amma təhlükəsizliyin təmin olunması baxımından narahat olurlar. Əgər valideyn bilsə ki, bu, dövlət tərəfindən və ya xüsusi vətəndaş cəmiyyəti tərəfindən təşkil olunur, onda övladlarını daha ürəkdən göndərərlər. Ancaq şəxsi təşəbbüslərə çox da etibar etmirlər”. V.Məmmədli hesab edir ki, uşaqların tətili dövründə məktəblərdə müxtəlif fəaliyyət proqramları təşkil olunmalıdır: “Resurs baxımından regional, məktəb, sektor və ya nazirlik tərəfindən dəstək olsa, belə fəaliyyətləri təşkil etmək olar. Bu, bacarığa yönəlmiş öyrənmə olar”. V.Məmmədli hazırda yaşadığı kənddə uşaqların yay tətili ilə bağlı mənzərəni belə təsvir edir: “Hazırda uşaqlar evdə oturur. Kimin imkanı varsa, uşağını özü ilə istirahətə aparır. Maddi imkanı olmayan ailələrin uşaqları isə vaxtlarını telefonda oyun oynamaqla keçirirlər. Valideynin təzyiqi varsa, hansısa uşaq oturub bir kitabı vərəqləyir”. 

Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər