• şənbə, 08 Avqust, 08:11
  • Baku Bakı 28°C

İki il təhsil, yoxsa iş təcrübəsi?

08.08.26 03:27 55
İki il təhsil, yoxsa iş təcrübəsi?

Magistr pilləsi üzrə dörd minə yaxın qəbul planı yerinin boş qalması müzakirələrə yol açıb. Ekspertlər bunu gənclərin təhsil və iş baxışlarının dəyişməsi, həm də klassik magistratura modelinə marağın azalması ilə izah edirlər. 

Dövlət İmtahan Mərkəzinin (DİM) elan etdiyi magistraturaya qəbul nəticələrinə görə dörd minə yaxın plan yeri boş qalıb. Rəqəmlər magistratura təhsilinə marağın səviyyəsini və əmək bazarındakı dəyərinin yenidən qiymətləndirilməsinə ehtiyac olduğunu göstərir.

Ekspertlər də hesab edirlər ki, hazırkı vəziyyət təkcə abituriyentlərin seçimləri ilə deyil, həm də qəbul sistemi və əmək bazarının magistr dərəcəsinə münasibəti ilə əlaqədardır. 

“Magistratura təhsili bir ilə endirilməlidir”

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədovun fikrincə, plan yerlərinin boş qalmasında bir çox amillərin rolu var: “Keçən il də plan yerləri çox boş qalmışdı. Hesab edirəm ki, getdikcə magistratura təhsili alanların sayında ciddi azalmanı müşahidə edəcəyik. Səbəblərdən biri magistraturanın 2 il olması ilə bağlıdır. Bu, gənclərdə magistraturaya marağı azaldır. Ona görə biz bu müddəti azaltmalıyıq. Magistratura təhsili bir ilə endirilməlidir. Digər tərəfdən, magistratura gənclər üçün hansısa üstünlük verməlidir. Əgər magistratura təhsili hər hansı üstünlük qazandırmırsa, onlar üçün mənasızdır. Bu sahədə ciddi islahatlara ehtiyac var”. Millət vəkilinin fikrincə, bu məsələ daha ciddi problem kimi özünü göstərməyə başlayacaq: “Yəni biz ciddi formada müəyyən addımların atılmasına başlamalı və gənclərin marağının artırılması üçün işlər görməliyik. Əks halda, problem daha da dərinləşəcək”. 

“Bu təhsil mənə gələcəkdə nə qazandıracaq?”

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Günay Əkbərova hesab edir ki, təkcə boş qalan plan yerlərinin sayına baxaraq “maraq azalıb” demək düzgün olmaz: “Burada həm demoqrafik amillər, həm əmək bazarındakı dəyişikliklər, həm də gənclərin təhsilə baxışının dəyişməsi rol oynayır. Bununla belə, təxminən dörd min plan yerinin boş qalması onu göstərir ki, magistratura proqramlarının əmək bazarının tələbləri və gənclərin gözləntiləri ilə nə dərəcədə uzlaşdığı yenidən qiymətləndirilməlidir. Əgər bu tendensiya növbəti illərdə də davam edərsə, artıq daha sistemli addımların atılması vacib olacaq”. G.Əkbərovanın fikrincə, son illər gənclər təhsil seçimlərinə daha praqmatik yanaşırlar və ilk növbədə bu sualı verirlər: ”Bu təhsil mənə gələcəkdə nə qazandıracaq?” Əgər magistr təhsili daha yaxşı iş imkanı, yüksək əməkhaqqı və ya karyera inkişafı vəd etmirsə, onlar birbaşa əmək bazarına daxil olmağa üstünlük verirlər. Digər tərəfdən, beynəlxalq sertifikat proqramları, qısamüddətli peşə kursları və onlayn təhsil platformaları da alternativ seçimlərə çevrilib. Dünyanın bir çox ölkəsində də klassik magistr proqramlarına marağın müəyyən qədər azalması və daha çevik təhsil modellərinə üstünlük verilməsi müşahidə olunur”. Günay Əkbərovanın fikrincə, əvvəllər magistr təhsili bakalavr pilləsinin məntiqi davamı hesab olunurdusa, indi bu yanaşma dəyişib. Gənclər daha çox əmək bazarının tələblərinə uyğun qərarlar verirlər və yalnız ehtiyac gördükləri halda magistratura təhsilini seçirlər: “Xüsusilə xaricdə təhsil almaq, beynəlxalq sertifikatlar əldə etmək və ya iş təcrübəsi qazanmaq istəyənlərin sayı artıb. Bu da magistraturaya müraciət edənlərin sayına və seçimlərinə təsir göstərən əsas amillərdəndir”. 

İş həyatına daha tez başlamaq istəyi

G.Əkbərova hesab edir ki, gənclərin magistraturadan imtina etməsinin əsas səbəblərindən biri iş həyatına daha tez başlamaq istəkləridir: “Gənclər düşünürlər ki, iki il əlavə təhsil almaqdansa, həmin müddətdə iş təcrübəsi toplamaq onlara daha çox üstünlük qazandıra bilər. Digər tərəfdən, bəzi sahələrdə magistr diplomunun əməkhaqqına və ya vəzifə yüksəlişinə ciddi təsir etməməsi də onların qərarına təsir edir. Xaricdə təhsil planları, maliyyə imkanları və bəzi magistr proqramlarının məzmununun əmək bazarının tələblərinə tam uyğun olmaması da bu seçimdə rol oynayan amillərdəndir”. Ekspert deyir ki, hazırda informasiya texnologiyaları, süni intellekt, kibertəhlükəsizlik, data analitikası, biznesin idarə olunması, maliyyə və təhsilin idarə olunması kimi istiqamətlərə maraq daha yüksəkdir. Çünki bu sahələr əmək bazarında daha çox tələb olunur və məzunların iş tapmaq imkanları daha genişdir: “Ənənəvi ixtisasların bir qismində isə marağın əvvəlki illərlə müqayisədə azalması müşahidə olunur. Bu da gənclərin artıq daha çox məşğulluq perspektivlərini nəzərə alaraq seçim etmələri ilə bağlıdır”.

G.Əkbərova hesab edir ki, mövcud magistratura modeli müəyyən üstünlüklərə malik olsa da, onun təkmilləşdirilməsinə ehtiyac var: “Magistratura ixtisaslaşma mərhələsi olduğuna görə, namizədin ümumi məntiqi və analitik bacarıqları ilə yanaşı, seçdiyi ixtisas üzrə baza biliklərinin də qiymətləndirilməsi məqsədəuyğun olardı. Dünyanın bir çox universitetlərində qəbul zamanı həm ümumi akademik bacarıqlar, həm də ixtisas üzrə hazırlıq birlikdə nəzərə alınır. Bu yanaşma həm proqramların keyfiyyətini artırır, həm də tələbələrin daha şüurlu seçim etməsinə kömək edir. Məncə, gələcəkdə qəbul modeli hazırlanarkən bu təcrübələr də nəzərə alına bilər”. G.Əkbərovanın sözlərinə görə, ümumilikdə bugünkü vəziyyəti böhran kimi deyil, dəyişən təhsil və əmək bazarının təbii nəticəsi kimi qiymətləndirmək daha doğru olar: “Əsas məqsəd magistratura proqramlarını müasir dövrün tələblərinə uyğunlaşdırmaq, onların praktik dəyərini artırmaq və gənclərə bu təhsilin karyera inkişafında yaradacağı real üstünlükləri daha aydın göstərmək olmalıdır. Bu halda həm magistratura təhsilinə maraq artacaq, həm də ayrılan plan yerlərindən daha səmərəli istifadə olunacaq”.

Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər