• cümə axşamı, 04 iyun, 03:13
  • Baku Bakı 19°C

“Sanki məni gözəgörünməz bir qüvvə qoruyurdu” - MƏKTƏBDƏ

11.04.26 04:18 753
“Sanki məni gözəgörünməz bir qüvvə qoruyurdu” - MƏKTƏBDƏ

Milli Qəhrəman İbad Hüseynov: “Biz xoşbəxt adamlar idik ki, işğal altında olan torpaqlara qələbə ilə qədəm qoyduq. Sülh yolu ilə qədəm qoysaydıq, ürəyimizdə qisas hissi qalardı. Torpaqlarımızı döyüşərək işğaldan azad etməklə döyüş dostlarımızın, şəhidlərimizin də qisasını aldıq”. 

“Gənclərlə ünsiyyətdə olanda sevinirəm. Onlarda vətənpərvərlik hisslərini müşahidə etmək mənim üçün böyük sevincdir. Qəhrəmanlıq yalnız o deyil ki, əlində silah vuruşub şəhid olasan. Layiqli vətəndaş olmaq, çalışdığın sahədə öz töhfələrini vermək də qəhrəmanlıqdır. Vətəni sevirsənsə, qəhrəmansan”. Birinci Qarabağ müharibəsi iştirakçısı, Milli Qəhrəman İbad Hüseynovun şagirdlərlə görüşündə söylədiyi bu fikirlər məktəblilər üçün vətənpərvərlik dərsi kimi səsləndi.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə “Kaspi” qəzetinin birgə reallaşdırdığı “Məktəbdə...” layihəsinin növbəti görüşü Əhmədli qəsəbəsindəki Milli Qəhrəman İlqar Mirzəyev adına 98 saylı məktəbdə baş tutdu.

Dünyada görünməmiş qələbə

Qonaq məktəblilərdə vətənpərvərlik hissinin tərbiyə olunmasının vacibliyindən danışaraq əlavə etdi ki, bu, valideynlərdən gələn hiss olmalıdır: “Vətənpərvərlik hissi ailədə tərbiyə olunur. 5-6-cı sinifdə oxuyanda başımı anamın dizinə qoyurdum, o, mənə layla çalırdı. Daha çox ailədə tərbiyə olunurduq. SSRİ dövründə məktəblərdə vətənpərvərlik ümumi təbliğ olunurdu. Amma biz indi müstəqil ölkənin vətəndaşlarıyıq. Müstəqil olandan sonra bu hissin nə qədər dərin və böyük olduğunu hiss etmişik”.  

Qarabağ müharibəsindəki zəfərimizdən söz açan İ.Hüseynov dedi ki, vətənpərvər gənclər yetişməsəydi, müharibədə qələbə qazanmaq çətin olardı: “44 günlük müharibədə arxada dövlət, birləşmiş xalq, vahid komandanlıq vardı. Ordu ilə xalq Ali Baş Komandanın ətrafında birləşdi. Bütün xalq orduya dəstək oldu. Biz vətənpərvər gənclər yetişdirdik və onlar torpaqlarımızı xilas etdilər. Xalq “Dəmir yumruq” ətrafında birləşdi. Bizə qələbəni ordumuzun şücaəti ilə xalqın qəhrəman ruhu qazandırdı. Bu, dünyada görünməmiş bir qələbə idi”.

“İllərlə qoltuq ağacları ilə gəzməli oldum”

Milli Qəhrəman Birinci Qarabağ müharibəsi ilə İkinci Qarabağ müharibəsi arasındakı fərqi belə izah etdi: “Birinci Qarabağ müharibəsində daha çox könüllülər vuruşurdu. Yemək, geyim, ən əsası - nizami ordu yox idi. Ağır dövr idi. Nizamsızlıq, pərakəndəlik vardı. Dağın o tərəfində nə baş verirdisə, bu tərəfin xəbəri yox idi. Həm də biz o zaman bütün dünyaya qarşı savaşırdıq. Əlimiz yalın idi. Amma torpaqlarımızı düşməndən azad etmək istəyirdik. Bütün Qarabağ əhalisində olduğu kimi Xocavənd rayonu əhalisinin də müdafiə üçün silah-sursatının olmadığını nəzərə alaraq, kəşfiyyat-diversiya dəstəsi yaratdım. Bu dəstə ilə erməni tərəfə keçərək, onları məhv edirdim. Ermənilərin çoxlu sayda silahını və təchizatını ələ keçirməyə başladım. 26 dekabr 1993-cü ildə tank əleyhinə minaya düşərək ağır yaralandım. Qəlpələr başıma, əlimə və ayaqlarıma girdi. 28 gün komada qaldım. Xilasıma heç bir ümid qalmamışdı. Moskvadan gəlmiş məşhur cərrah çıxılmaz vəziyyətimi görüb, heç nəyə zəmanət vermədiyini demişdi. Həkimlər beynimdə daxili qanaxmanı aşkar etdilər. İllərlə qoltuq ağacları ilə gəzməli oldum və xəstəxanalarda müalicə aldım. Uşaqlıqdan idmanla məşğul olduğum üçün sağlamlığım tezliklə qayıtdı. 9 oktyabr 1994-cü ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən “Azərbaycan Bayrağı Ordeni” ilə təltif edildim”. 

“Hərdən özümü qınayırdım ki, axı niyə mənə güllə dəymir” 

Qonaq dedi ki, indi həmin günlər haqqında düşünəndə edilənlər özünə də möcüzə kimi görünür: “Hərdən keçmişə baxanda inanmıram ki, o insan həqiqətən mən idim. Döyüşdə ani qərarlar verirdim və bütün qərarlarım doğru olurdu. Məndən arxada gələn yoldaşlarım şəhid olurdu, amma mənə heç nə olmurdu. Hərdən özümü qınayırdım ki, axı niyə mənə güllə dəymir? Bizim hərbi hissəmizdə şəhidlərin şəkillərindən ibarət böyük lövhə vardı, öz şəklimi də böyüdüb ora vurdum. Hərbi geyimim güllədən deşik-deşik idi, amma güllə oradan keçib bədənimə dəymirdi. Sanki məni gözəgörünməz bir qüvvə qoruyurdu. Elə döyüşlərdən çıxırdım, heç kim inanmazdı ki, oradan sağ qayıtmaq olar. Məsələn, bir dəfə dağda döyüşdə idik. Hər kəs çıxdı, mən qaldım. Yoldaşlarım gəlib deyiblər ki, İbadı öldürdülər. Bir neçə saatdan sonra isə mən çıxıb gəlmişdim. Bütün bunlar mənə də möcüzəvi görünür”.

“Hər zaman əsgər olmuşam, bu gün də əsgərəm” 

İ.Hüseynov “Milli Qəhrəman” adına layiq görülməsindən qürurla danışdı: “Mənə müharibədən sonra “Türk dünyasının qəhrəmanı” adı verilmişdi. Türkiyənin ayrı-ayrı şəhərlərində adıma park salınmışdı, Adanada abidəm ucaldılmışdı. Məni Azərbaycanın qəhrəmanı kimi tanıyır və görüşlərə dəvət edirdilər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mənimlə görüşdü, “mənim qəhrəmanım” dedi. 2020-ci ildə “Azərbaycanın Milli Qəhrəmanı” adını Prezident İlham Əliyevin sərəncamı ilə alanda sevincim sonsuz idi. Bu adın verilməsini çoxdan gözləyirdim. Bu sərəncam mənim, general Polad Həşimovun və polkovnik İlqar Mirzəyevin haqqında eyni gündə verildi. Onlar ölümlərindən sonra, mən isə baş çavuş kimi aldım. Cənab Prezident sağ olsun ki, məni qiymətləndirdi. Mən hər zaman əsgər olmuşam, bu gün də əsgərəm. 20 yaşım olanda qəhrəman olacağımı düşünmürdüm. Sonra xalq məni qəhrəman kimi qəbul etdi. Düşmənin canını ala-ala bu adı qazandım”. 

Milli Qəhrəman döyüşlərdə əsgər yoldaşlarının itkisindən doğan kədərə də toxundu: “Müharibədə sağalmaz yara çoxdur. Amma döyüş meydanında itirdiyin dostlarından böyük yara yoxdur.  Bu, sağalmaz yaradır. Biz müharibədə döyüş dostlarımızı itirdik, amma 30 il işğalda olan torpaqlarımızı düşməndən geri aldıq. Biz xoşbəxt adamlar idik ki, işğal altında olan torpaqlara qələbə ilə qədəm qoyduq. Sülh yolu ilə qədəm qoysaydıq, ürəyimizdə qisas hissi qalardı. Torpaqlarmızı döyüşərək işğaldan azad etməklə döyüş dostlarımızın, şəhidlərimizin də qisasını aldıq”. 

Təranə Məhərrəmova

 

banner

Oxşar Xəbərlər