• şənbə, 14 Noyabr, 03:57
  • Baku Bakı 13°C

Tibbi təhsildə yeni mərhələ

14.11.26 02:30 29
Tibbi təhsildə yeni mərhələ

Qarabağ Universitetində tibb təhsilinin təşkili, eləcə də Sumqayıt Dövlət Universitetinin tibb fakültəsi açmaq təşəbbüsü bu sahədə yeni imkanların yaranmasını gündəmə gətirir.

Azərbaycanda ali tibbi təhsil sistemində yeni mərhələnin başlanması gözlənilir. Uzun illər ərzində ölkədə həkim hazırlığının əsas mərkəzi Azərbaycan Tibb Universiteti olub. Qarabağ Universitetində tibb təhsilinin təşkili, eləcə də Sumqayıt Dövlət Universitetinin tibb fakültəsi açmaq təşəbbüsü bu sahədə yeni imkanların yaranmasını gündəmə gətirir.

Sual yaranır: tibbi təhsil müəssisələrinin sayının artması ölkədə həkim çatışmazlığının aradan qaldırılmasına nə dərəcədə təsir göstərəcək? Yeni universitetlər tibbi kadr hazırlığında rəqabəti və təhsilin keyfiyyətini necə dəyişəcək? 

Səhiyyənin gələcəyi baxımından mühüm addım 

Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Pərvanə Vəliyeva bildirir ki, ölkəmizdə tibb kadrlarının hazırlanmasının genişləndirilməsi səhiyyə sisteminin gələcəyi baxımından mühüm əhəmiyyət daşıyır: “Uzun illər ərzində ölkəmizdə ali tibb təhsilinin əsas yükü Azərbaycan Tibb Universitetinin üzərinə düşüb. İndi isə Qarabağ Universitetində Tibb və Sağlamlıq fakültəsinin fəaliyyətə başlaması, Sumqayıt Dövlət Universitetində də tibb fakültəsinin yaradılması təşəbbüsü yeni mərhələnin başlanğıcıdır. Aparılan təhlillər göstərir ki, ölkəmizdə müəyyən tibbi ixtisaslar və regionlar üzrə həkim çatışmazlığı mövcuddur. Xüsusilə ilkin səhiyyə xidməti, ailə həkimliyi, psixiatriya, ftiziatriya, narkologiya və digər ixtisaslar üzrə kadr təminatının gücləndirilməsinə ehtiyac var. Bu problemin həlli yollarından biri tibb təhsilinin coğrafiyasını genişləndirmək, daha çox gəncə ali tibb təhsili almaq imkanı yaratmaqdır. Sumqayıt və Xankəndi kimi şəhərlərdə tibb fakültələrinin yaradılması regionlarda təhsil imkanlarının artırılması ilə yanaşı, gələcəkdə həmin ərazilərin yerli tibbi kadrlarla təmin olunmasına da töhfə verə bilər”. Deputatın sözlərinə görə, bu prosesdə yüksəkixtisaslı müəllim və klinik mütəxəssislərin təminatı, tələbələrin keyfiyyətli praktiki hazırlığı xüsusi əhəmiyyət daşıyır: “Bunun üçün təcrübəli həkimlərin tədrisə cəlb edilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi vacibdir”. P.Vəliyeva qeyd edir ki, yeni fakültələrin məzunları əmək bazarına ən tez altı ildən sonra daxil olacaqlar. Buna görə də mövcud həkim çatışmazlığının aradan qaldırılması üçün yeni kadrların hazırlanması ilə yanaşı, hazırda çalışan və təqaüddə olan təcrübəli mütəxəssislərin potensialından da səmərəli istifadə edilməlidir: “Əsas məqsəd sadəcə yeni tibb fakültələri açmaq deyil, keyfiyyətli həkimlər yetişdirmək və ölkə üzrə tibbi xidmətlərin əlçatanlığını artırmaqdır”.

“O qədər də asan iş deyil...”   

Professor Adil Qeybulla isə məsələyə bir qədər başqa prizmadan yanaşır: “Tibb fakültəsini açmağı elan etmək çox asandır, ancaq onun infrastrukturunu yaratmaq, müasir standartlara cavab verən tibb kadrları hazırlamaq elə də asan məsələ deyil. Tibb Universiteti Azərbaycan reallığı üçün qocaman təhsil müəssisəsidir. Keçən əsrin əvvəllərində formalaşan bir ali məktəbdir və kifayət qədər genişlənmiş tibbi bazalara malikdir. Bununla belə, bu təhsil müəssisəsinin özünün də problemləri var. Məsələn, onun tibbi bazalarına sığortalı xəstələr gəlmir, rezidentləri hazırlamaq çətindir və s. Bütün bunlara baxmayaraq, Tibb Universiteti bu gün Azərbaycanda tibb kadrları hazırlamağa qadir olan yeganə tibb müəssisəsidir. Açığı, qalan heç bir yerdə belə bir bazanı görmürəm”.

Professor bildirir ki, İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı da tibb kadrları hazırlayır: “Onlar da Tibb Universitetinin bazalarından istifadə edirlər. Amma Qarabağ Universitetində, Sumqayıtda və s. yerlərdə tibb kadrları hazırlamaq üçün lazımı infrastruktur əvvəlcədən qurulmalıdır. Bütün bunları həyata keçirmək o qədər də asan iş deyil”.   

“Xüsusi Dövlət Proqramına ehtiyac var”

Sosial məsələlər üzrə ekspert İlqar Hüseynli hesab edir ki, ali tibb təhsilinin coğrafiyasının genişləndirilməsi ölkədə həkim çatışmazlığının aradan qaldırılmasına töhfə verə bilər: “Türkiyədə ölkənin demək olar ki, hər bir əyalətində universitetlərin nəzdində tibb fakültələri fəaliyyət göstərir. Bu baxımdan, Azərbaycanda da tibb təhsilinin müxtəlif universitetlərdə təşkili və regionlara yayılması əhəmiyyətlidir”. İ.Hüseynli hesab edir ki, yeni fakültələrin yaradılması ilə bağlı əsas məsələlərdən biri yüksəkixtisaslı müəllim-professor heyətinin formalaşdırılmasıdır:

“Ölkənin əsas müəllim-professor heyəti Azərbaycan Tibb Universitetində cəmləşib. Nəzərə almalıyıq ki, tibb təhsilində yalnız ixtisas fənləri deyil, anatomiya, biokimya, fiziologiya kimi fundamental elmlər də tədris olunur. Yeni universitetlərdə bu fənləri tədris edəcək, eyni zamanda klinik təcrübəyə malik kifayət qədər mütəxəssisimiz varmı? Bu, ciddi sualdır”. Ekspert Qarabağ Universitetində yaradılan klinikanı mühüm üstünlük hesab edir: “Qarabağ Universitetinin üstünlüyü ondan ibarətdir ki, burada kifayət qədər çarpayı fondu və təcili tibbi yardım imkanları olan klinika yaradılıb. Əsas hədəf həmin klinikaya yüksəkixtisaslı kadrların cəlb edilməsidir”. Ekspertin fikrincə, yeni tibb fakültələrinin uğurlu fəaliyyəti üçün güclü elmi və texniki baza ilə yanaşı, rezidentura təhsilinin təkmilləşdirilməsi, tələbələrin regionlarda işləməsini stimullaşdıran sosial imkanların yaradılması da vacibdir: “Regionlardakı problemlərin aradan qaldırılması üçün də çalışmaq lazımdır. Bunun üçün dövlətin xüsusi proqramı olmalıdır”. Ekspert hesab edir ki, ATU, Naxçıvan və Qarabağ universitetlərində tibb təhsili alan gənclər hərbi xidmətə çağırılmamalıdır: “Bu yanaşma həm ölkənin tibbi kadr potensialının qorunmasına, həm də xaricdə tibb təhsili alan gənclərin Azərbaycana qayıtmasının təşviqinə xidmət edə bilər”.

Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər