• şənbə, 14 Noyabr, 03:57
  • Baku Bakı 13°C

500 məktəb yeni mexanizmlə maliyyələşir 

14.11.26 00:13 46
500 məktəb yeni mexanizmlə maliyyələşir 

Həyata keçirilən proqramlar nəticəsində 3600-dən çox məktəb ya tikilib, ya əsaslı təmir edilib. Görülən işlər nəticəsində 1,3 milyondan çox şagirdimizin təhsil və təlim şəraiti yaxşılaşdırılıb.

Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi müzakirə olunub. Müzakirələr zamanı təhsil məsələlərinə xüsusi diqqət ayrılıb. 

İnfrastrukturu yararsız olan məktəblərin sayı açıqlandı

Elm və təhsil nazirinin müavini Kənan Kərimzadə bildirib ki, Azərbaycanda 2030-cu ilə qədər ümumi təhsildə infrastruktur problemləri qalmayacaq. O qeyd edib ki, Milli Məclisdə dövlət qurumları ilə ən çox müzakirə olunan məsələlərdən biri məktəb tikintisi və infrastrukturudur: "Son illərdə Prezidentin birbaşa diqqət və qayğısı ilə həyata keçirilən proqramlar nəticəsində 3600-dən çox məktəb ya tikilib, ya əsaslı təmir edilib. Görülən bu işlərin nəticəsində 1,3 milyondan çox şagirdimizin təhsil və təlim şəraiti yaxşılaşdırılıb. Eyni zamanda, qeyd etmək istərdim ki, mövcud infrastrukturu yararsız olan məktəblərin sayı 900-dən 400-ə qədər azaldılıb. Planımız var, 2030-cu ilə qədər bizim ümumi təhsildə infrastruktur problemləri yəqin ki qalmayacaq".

Nazir müavini bildirib ki, 2026-2027-ci tədris ilində 53 təhsil müəssisəsində tikinti-quraşdırma işləri aparılacaq və bu çərçivədə 11 müəssisə artıq istifadəyə verilib.

Gələn il 100 məktəb yeni maliyyələşmə sisteminə keçəcək

Kənan Kərimzadə bildirib ki, 2027-ci ildə əlavə olaraq 100 məktəbin adambaşı maliyyələşmə mexanizminə keçidi üçün 223,8 milyon manat vəsait nəzərdə tutulub. Onun sözlərinə görə, hazırda 500 məktəbdə bu mexanizm tətbiq olunur:
"Valideyn-dövlət-özəl tərəfdaşlığı çərçivəsində artıq 8 min uşaq məktəbəqədər təhsilə cəlb edilib. Gələn il isə özəl sektorun imkanlarından istifadə etməklə bu göstəricinin 12 min uşağa çatdırılması planlaşdırılır. Bu mexanizm çərçivəsində dövlət hər bir uşağın özəl məktəbəqədər təhsil müəssisəsindəki təhsil haqqının 70 faizini ödəyir. Növbəti il bu təşəbbüsün həyata keçirilməsi üçün 37,5 milyon manat vəsait ayrılması nəzərdə tutulub".

K.Kərimzadə həmçinin bildirib ki, 2030-cu ilədək layihənin 30 min uşağı əhatə etməsi planlaşdırılır: "İslahat nəticəsində ayrılan vəsaitlərin əhəmiyyətli hissəsi vergi və sosial sığorta ödənişləri şəklində yenidən dövlət büdcəsinə və müvafiq fondlara qayıdacaq. Əgər bu islahatı tam həyata keçirsək, 18 milyon manat Dövlət Sosial Müdafiə Fonduna, 12 milyon manat isə vergi gəlirləri şəklində Dövlət Vergi Xidmətinə daxil olacaq".

Müəllimlərin orta aylıq əməkhaqqı 770 manatdır

Kənan Kərimzadə  qeyd edib ki, Azərbaycanda sertifikatlaşdırma prosesinin birinci mərhələsi yekunlaşıb, prosesdə iştirak edən 104 min müəllimdən 91 400 nəfərinin əməkhaqqına əlavələr edilib. O bildirib ki, sertifikatlaşdırmada iştirak edən müəllimlərin 60 min nəfəri 30 baldan 51 bala qədər nəticə göstərərək əməkhaqqına 10 faiz əlavə qazanıb:
"Təxminən 31 min müəllim isə 35 faizlik əməkhaqqı əlavəsi əldə edib. Sertifikatlaşdırmada iştirak etməyən və ya prosesə cəlb olunmayan müəllimlərin bu il orta aylıq əməkhaqqı 770 manat təşkil edir. Sertifikatlaşdırmadan uğurla keçərək 10 faiz əlavə alan müəllimlərin orta aylıq əməkhaqqı vergilər daxil olmaqla (gross) 1 010 manat, 51 baldan yuxarı nəticə göstərən müəllimlərin isə 1 320 manatdır. Bu islahatın həyata keçirilməsi üçün növbəti il dövlət büdcəsindən 286.4 milyon manat vəsait ayrılması nəzərdə tutulub. 2014-cü illə müqayisədə müəllimlərin orta aylıq əməkhaqqı üç dəfədən çox artıb. 2026-cı ilin sentyabrına olan məlumata əsasən, Azərbaycanda müəllimlərin orta aylıq əməkhaqqı vergilər daxil olmaqla (gross) 1 030 manat təşkil edir".

“Hesabatlar təqdim edilməlidir”

Deputat Elnarə Akimova bildirib ki, dərsliklərin hazırlanmasına və nəşrinə ayrılan büdcə vəsaitlərinin xərclənməsi ilə bağlı ətraflı və şəffaf hesabatlar təqdim edilməlidir. Onun fikrincə, bu məsələ ilə bağlı ekspertiza komissiyasının yaradılmasına ehtiyac var: "Dərsliklərin qiymətləndirilməsi prosesinə ictimaiyyətin, tanınmış alimlərin, mütəxəssislərin, ziyalıların real təsiri təmin edilməlidir ki, məzmun keyfiyyətinə nəzarət güclənsin. Bizdən gözlənilənlər büdcəni rəqəmlər olaraq təsdiqləmək deyil, dövlətin pulunun hara və necə xərcləndiyinə, xüsusilə, uşaqların təhsil keyfiyyətinə və milli uğuruna necə xidmət etdiyinə nəzarətin təşkilidir".

banner

Oxşar Xəbərlər