• şənbə, 02 Mart, 14:02
  • Baku Bakı 9°C

Xankəndidə futbol bayramı 

23.12.23 00:03 3528
Xankəndidə futbol bayramı 

Nəhayət, futbol da işğaldan azad olunan ərazilərimizə qayıdıb. Futbol azarkeşlərinin ilk günlərdən Xankəndi şəhər stadionunda matç keçirilməsi arzusu dekabrın 21-də reallaşıb. Azərbaycan Kubokunun 1/8 final mərhələsinin “Qarabağ” –MOİK qarşılaşması Xankəndi şəhər stadionunda təşkil olunub.

2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan ordusu erməni işğalında olan torpaqlarımızı azad etdi. Ölkəmizin ərazi bütövlüyünün bərpasından dərhal sonra tarixi Azərbaycan torpaqlarında bərpa-quruculuq işlərinə start verildi və proses sürətlə həyata keçirilməyə başladı. Böyük Qayıdış planı əsasında artıq bir çox ailələr uzun həsrətdən sonra doğma yurd-yuvalarına qayıdıblar. Hazırda da proses davam edir və dədə-baba torpaqlarına qayıdan insanların sayı sürətlə artmaqdadır.

İşğaldan azad edilmiş ərazilərə sözün həqiqi mənasında həyat qayıdır. İnfrastruktur qurulur, sosial-iqtisadi, mədəni tədbirlər həyata keçirilir, evlər tikilir, iş yerləri açılır, erməni vandalları tərəfindən məhv edilmiş tarixi abidələrimiz bərpa edilir və s. Bərpa-quruculuq işlərinin belə sürətlə aparılması, şübhəsiz, Azərbaycan dövlətinin gücünün göstəricisidir.

İdman da prosesdən kənar deyil

Dövlət siyasətinin vacib elementi kimi idman da Böyük Qayıdış prosesinin tərkib hissəsidir. Artıq azad edilən ərazilərdə bir sıra idman tədbirləri həyata keçirilib. İlk olaraq Suqovuşanda avarçəkmə yarışı keçirilib və avarçəkmə işğaldan azad edilmiş ərazilərə “ayaq açan” ilk idman növü olub. Keçən ilin sentyabrında Şuşada ilk dəfə beynəlxalq şahmat turniri təşkil olunub. “Shusha Chess 2022” turnirinə dünya şahmat elitasında yer alan bir çox məşhur “iti zəka sahibi” qatılıb. Bu il isə Şuşa daha bir beynəlxalq turnirə - 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının mərhələ oyunlarına ev sahibliyi edib.

Xankəndidə ilk futbol oyunu

Nəhayət, futbol da işğaldan azad olunan ərazilərimizə qayıdıb. Bu ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində 24 saat ərzində bir sıra ərazilərimiz separatçılardan təmizlənib. Futbol azarkeşlərinin ilk günlərdən Xankəndi şəhər stadionunda matç keçirilməsi arzusu isə dekabrın 21-də reallaşıb. Azərbaycan Kubokunun 1/8 final mərhələsinin “Qarabağ” - Mərkəzi Ordu İdman Klubu (MOİK) qarşılaşması məhz Xankəndi şəhər stadionunda təşkil olunub.

Sözügedən arena təxminən iki ay ərzində görülən işlər nəticəsində demək olar ki, yenidən qurularaq tam hazır vəziyyətə gətirilib. Stadionun meydançası yenilənib, tribuna və digər yerlərdə separatçılara məxsus tör-töküntülər təmizlənib. Arenanın tribunalarına “Xankəndi” sözünün və “Qarabağ Azərbaycandır” ifadələrinin yazılması isə hər bir azərbaycanlını fərəhləndirib.

“Qarabağ” - MOİK qarşılaşmasının təşkilatçılığı ən yüksək səviyyədə həyata keçirilib. Matça Bakıdan fəxri qonaqlar, şəhid ailələri, azarkeşlər yola düşüb, medianın geniş miqyasda təmsil olunması, qarşılaşmanın yüksək səviyyədə işıqlandırılması təmin olunub.

Qalib Azərbaycan xalqı, Azərbaycan dövlətidir

Son Azərbaycan çempionu, ölkəmizi beynəlxalq miqyasda uğurla təmsil edən “Qarabağ” I Liqa klubu MOİK üzərində minimal hesablı qələbə qazanaraq ölkə kubokunun ¼ finalına vəsiqə qazanıb. “Hərbçilər” güclü rəqibinə layiqli müqavimət göstəriblər və yalnız əsas vaxta əlavə edilmiş dəqiqələrdə qol buraxaraq 0:1 hesabı ilə yeniliblər. Ancaq bu, tək məsələnin idman tərəfidir.

Xankəndidəki futbol matçının mənəvi tərəfləri isə daha böyükdür. İlk növbədə iştirakçı komandalar olduqca simvolik idi. “Qarabağ” uzun illər işğalda olan ərazilərimizi təmsil edən klub, MOİK isə həmin əraziləri işğaldan azad edən şanlı Ordunun komandasıdır. Məhz bu kollektivlərin tarixi Azərbaycan torpağı Xankəndidə üz-üzə gəlməsi çox böyük simvolik məna daşıyır.

Qarşılaşmanın böyük əhəmiyyətini göstərən ən əhəmiyyətli məqam Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın oyunu stadiondan izləməsidir. Dövlət başçısı stadionda çıxışı zamanı matçın nəticəsindən asılı olmayaraq, qalibin Azərbaycan xalqı, Azərbaycan dövləti olduğunu bildirib. Elə bunun da nəticəsində dostluq ab-havasında keçən qarşılaşmadan sonra nə meydanda, nə də meydandan kənarda üzülən yox idi. Əksinə, hər kəs sevinir, hər kəs fərəh hissi keçirirdi. Arenanın tribunalarında klubların azarkeşləri öz komandalarını dəstəkləməkdən çox “Qarabağ Azərbaycandır!”, “Yaşasın Azərbaycan!” və buna bənzər müxtəlif birlik şüarları səsləndiriblər.

Obrazlı ifadə etsək, bu dəfə Xankəndidə eşidilən top səsləri kədər yox, sevinc bəxş edib.

Azərbaycanlılar doğma yurd-yuvalarına qayıdırlar və oraları gözəlləşdirirlər. 30 ilə yaxın müddət ərzində hər cür mədəni, idman, sosial və digər xarakterli tədbirlərdən kənar qalan, məhv edilən tarixi torpaqlarımıza yeni nəfəs gəlməkdədir. Bu, hələ başlanğıcdır.

banner

Oxşar Xəbərlər