• cümə, 29 Mart, 12:26
  • Baku Bakı 14°C

Türkiyədəki turizm vergisi qorxudur 

05.11.22 04:30 1623
Türkiyədəki turizm vergisi qorxudur 

İnsanlar qardaş ölkədə turizm qiymətlərinin bahalaşacağından ehtiyatlanırlar. Ekspertlər isə deyirlər ki, bu cür vergilər əksər turizm ölkələrində tətbiq edilir. Türkiyədə də yük turistin deyil, turizmçilərin üzərinə düşəcək. 

Türkiyədə 2023-cü il yanvarın 1-dən yeni qanun qüvvəyə minəcək. Qanuna əsasən, hotellər, qonaq evləri, termal istirahət mərkəzləri və turistlərin yerləşdiyi digər məkanlarda gecələməyə görə, bütün xidmətlərin dəyərinin 2 faizi məbləğində rüsum alınacaq.

Məlumdur ki, hər il, xüsusilə yay aylarında ölkəmizdə ən çox turistik səfərlər qardaş Türkiyəyə edilir. Buna səbəb isə qiymətlərin nisbətən sərfəli olmasıdır. Bundan əlavə, minlərlə azərbaycanlı tələbə Türkiyədə təhsil alır, bəzi vətəndaşlar müalicə məqsədilə gedir, bəziləri işləyir... Yəni bir ayağımız qardaş ölkədədir. Bəs yeni qanun bu axına necə təsir edəcək? Ümumiyyətlə, 2 faizlik rüsum Türkiyə turizmini bahalaşdıracaqmı?

“Dövlət vergi tətbiq etməklə xərcləri artırır”

Turizmçi Ceyhun Aşurov deyir ki, bu qanun Türkiyədə də geniş müzakirələrə səbəb olub və qiymət artımı ilə bağlı ciddi narahatlıq doğurub: “Əslində, bu məsələ 2019-cu ildə gündəmə gəlmişdi. Sonra COVID-19 pandemiyası ilə əlaqədar olaraq, ertələndi. Bu, Türkiyədə turizm nümayəndələri arasında xeyli müzakirələrə səbəb oldu. Çünki onlar daha çox turist cəlb etmək istəyirlər və qiymətin qalxmağına təsir edən hər hansı faktor isə buna əngəl ola bilər. Hətta Türkiyədə turizmçilər iddia edirlər ki, onlar qiymətləri aşağı salmaq istəyir, dövlət vergi tətbiq etməklə xərcləri artırır”.

“Artımı yerli turistlər hiss edəcək”

Mütəxəssis bildirir ki, belə vergilər turizm potensialı olan bir çox ölkələrdə var: “Xüsusən, turizmin mənfi təsirləri, ərazinin aşınması və digər ekoloji vəziyyətlərlə bağlı əlavə xərclər yarandığına görə, bəzi Avropa ölkələrində turistlərin daha çox ziyarət etdiyi məkanlarda bu və ya buna oxşar vergilər var. Region, sahə, bələdiyyə, şəhər vergisi kimi müxtəlif vergilər tətbiq olunur. Təbii ki, bu vergilər Avropada adambaşı qiymətlərdə və turizm paketlərində cüzi də olsa, qiymət artımına səbəb olur. Amma konkret olaraq, Türkiyə misalından danışsaq, hazırda Türkiyə lirəsi dəyər itirib və alıcılıq qabiliyyəti aşağı düşüb. Xaricdən gələn turistlər üçün bu maddə ciddi dəyişikliyə səbəb olmayacaq. Daha çox yerli turistlər və Türkiyə vətəndaşları xərclərin artmasını hiss edəcəklər”.

“Dünyada səyahət xərcləri artıb”

Mütəxəssis vurğulayır ki, COVID-dən sonrakı dövrdə dünyada səyahət xərcləri təxminən 50 faiz artıb: “Dünyada 2019-cu ilə qədər bir turistin ortalama səyahət xərcləri şərti olaraq 1000 dollara bərabər idisə, 2021-2022-ci illərdə 1500-2000 dollara qədər artdı. Türkiyə üçün isə bu artım 20-30 faiz oldu. Ümid edirik ki, bu maddə Türkiyəyə gələn turistlərin sayına və xərclərinə ciddi təsir etməyəcək”.

Ən yüksək turizm vergisi

Azərbaycan Ekoturizm Assosiasiyasının İcraçı direktoru Samir Dübəndi deyir ki, turizm vergisi ilə bağlı ən yüksək rəqəm Yaponiyadadır: “Yaponiyada turistlərdən sutkalıq 9 dollar vergi tələb olunur. Bəzi ölkələrdə isə turistdən alınan vergi turizm agentlikləri vasitəsilə yerləşmə qiymətlərinin içinə əlavə olunur. Yəni turist artıq ölkəyə gələrkən biletindən vergi tutulur. Bu yığımlar turizm infrastrukturunun normal vəziyyətdə saxlanılmasına və inkişaf etməsinə, eyni zamanda yerli əhalinin güzəranı, sosial-iqtisadi durumlarının bərpa olunmasına və bu sahədə olan müxtəlif xərclərə sərf edilir. Ümumdünya Turizm  Təşkilatı da bu haqda bəyanatlar verir və bunu dəstəkləyir”.

Türkiyədəki yeniliyin azərbaycanlılar üçün bahalaşmaya səbəb olub-olmayacağına gəldikdə isə mütəxəssis bildirir ki, bu məbləğ turistlərin hiss edəcəyi qədər çox deyil: “Bu səbəbdən düşünmürəm ki, Azərbaycandan gedən turistlər ciddi bahalaşma ilə qarşılaşalar. Amma bu məbləğlər toplandıqda, ciddi rəqəmlərə çevrilir”.

“Çətinlik turistin deyil, turizmçilərin üzərinə düşəcək”

“Haberglobal”ın apardığı araşdırmaya əsasən isə 2 faizlik vergi turist üçün əlavə xərclərə səbəb olacaq. Məsələn, 5 min TL-lik (təxmini 450 manatlıq) yerləşmə haqqı üçün 400 TL (təxmini 36 manat) ƏDV ödəyəcək müştəri, bundan əlavə 100 TL (9.14) də yerləşdirmə vergisi ödəyəcək. Alanya Turizm Müəssisələri Dərnəyi Başçısı Burhan Sili vurğulayıb ki, sabit vergi olsaydı, bu, tələbata təsir edə bilərdi. Bu halda ciddi dəyişiklik olmayacaq. Çətinlik turistin deyil, turizmçilərin üzərinə düşəcək”.

Dünyada turizm vergisi

Almaniyanın müxtəlif şəhərlərində turizm şəhərlərinin saxlanmasında istifadə edilmək üçün turizm vergisi alınır. Məsələn, Berlin və Hamburq kimi şəhərlərdə adambaşına gündə 5 avro və ya müştərinin otel hesabından 5 faiz tutulur. Romada turizm vergisi gündə 3-7 avro arasında dəyişə bilər. Venesiya isə illərlə turistlərdən şəhərə girmək üçün 10 avro alınması ilə bağlı müzakirələr aparır. Kiçik Asiya ölkəsi Butanı ziyarət etmək istəyənlər gündə 200-250 dollarından keçməli olurlar. Lakin bu vergiyə yuxarıda qeyd olunan nümunələrdən fərqli olaraq yaşayış, nəqliyyat, tur xidmətləri və yemək də daxildir. Tayvan giriş üçün 8 avro vergi alır. Bu gün Şengen vizası əldə edib Avstriyaya səfər etməyi bacarsanız, otel hesabında 3,02 avro məbləğində artıq miqdar görəcəksiniz. Bolqarıstan gündə 1,50 avro alarkən, zəngin turistlərin ünvanı olan Karib dənizində gündəlik turizm vergisi 13 avro ilə 45 avro arasında dəyişir.

Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər