• şənbə, 27 Iyul, 06:26
  • Baku Bakı 26°C

Türkiyə nəhəngləri “ulduz ovu”nda 

02.09.23 04:30 6272
Türkiyə nəhəngləri “ulduz ovu”nda 

Xeyli müddətdir transferlərə böyük maliyyə ayırmaqdan qaçan Türkiyə klubları bu il yenidən fəallaşıblar. İstanbulun üç böyük klubu - “Qalatasaray”, “Fənərbağça” və “Beşiktaş”ın bu yay reallaşdırdığı keçidlər xüsusilə diqqət çəkir. 

Türkiyə Super Liqası komandaları bu yay transfer pəncərəsində fəallıqları ilə seçilirlər. Bunu xüsusilə də İstanbulun üç böyük klubuna aid etmək olar. “Qalatasaray”, “Fənərbağça” və “Beşiktaş”ın bu yay reallaşdırdığı keçidlər Super Liqada çempionluq mübarizəsinin daha gərgin olacağının anonsu hesab edilməlidir.

Güclənən çempion

Son çempion “Qalatasaray” transferlərə ümumilikdə 19,8 milyon avro xərcləyib. “Sarı-qırmızılar”ın satışlardan qazancı isə 14,5 milyon avro olub. “Qalatasaray”ın reallaşdırdığı ən böyük keçid Mauro İkardinin PSJ-dən satın alınmasıdır. Düzdür, argentinalı forvard keçən mövsüm icarə əsasında İstanbul klubunun formasını geyinirdi, lakin artıq birdəfəlik transfer olunub. Bu keçid Türkiyə çempionuna 10 milyon avroya başa gəlib.

“Qalatasaray”ın səs-küylü transferləri İkardi ilə məhdudlaşmır. Komanda “Kristal Pelas”dan Uilfrid Zahanı, “Şaxtyor”dan Teteni azad agent kimi heyətinə cəlb edib. Hakim Ziyeş isə “Çelsi”dən icarəyə götürülüb. Daha bir icarə “Leypziq”dən cəlb olunan Anxelinonun adı ilə bağlıdır. Klub həmçinin Kerem Demirbayı (“Bayer”), Kaan Ayhanı (“Sassuolo”) və Sedrik Bakambunu (“Ən-Nəssr) müvafiq olaraq 3,7 milyon avro, 2,8 milyon avro və 700 min avroya transfer edib.

Komandanı tərk edənlərə gəlincə, burada Mustafa Məhəmməd (“Nant”, 5,75 milyon avro), Nikolo Zaniolo (“Aston Villa”, icarəyə, 5 milyon avro) və Olimpiu Morutanı (“Ankaragücü”, 3 milyon avro) qeyd etməliyik. Gedişlərdən Zaniolo diqqəti cəlb edir. Lakin onun mövqeyinə Ziyeş, Zaha, Tete kimi adların gəldiyini nəzərə alsaq, bu ayrılıq komandanı zəiflətməyib. Ümumiyyətlə, son çempionun yay transfer kampaniyasından daha güclü çıxdığını demək olar.

Ən aktiv “Fənərbağça”dır

“Fənərbağça” da bu yay transfer bazarında ən aktiv Türkiyə klublarındandır. Komandanın səs-küylü keçidləri Edin Ceko və Duşan Tadiçin adı ilə bağlıdır. Bosniya və herseqovinalı forvard Çempionlar Liqasının son finalçısı “İnter”dən, serbiyalı vinger isə “Ayaks”dan azad agent kimi cəlb olunub. Bundan başqa, “Marsel”dən 15 milyon avroya Cengiz Ünder, Moskva “Dinamo”sundan 9,75 milyon avroya Sebastyan Şimanski, “Mançester Yunayted”dən eyni qiymətə Fred, “Udineze”dən 9,3 milyon avroya Rodriqo Bekau, Zaqreb “Dinamo”sundan 6,65 milyon avroya Dominik Livakoviç, “Sassuolo”dan 2,8 milyon avroya Mert Müldür transfer olunub. “Reyncers”dən ayrılan Rayan Kentin pulsuz cəlb olunması da “bülbüllər” adına müsbət məqamdır.

Satışlara gəlincə, klub Arda Güleri “Real Madrid”ə, Atilla Salay “Hoffenhaym”a, Brumanı “Braqa”ya, Dieqo Rossi “Kolumbus”a, Mergim Berişanı “Auqsburq”a, Vilyan Araonu “Panatinaikos”a, Qustavo Henrikeni “Valyadolid”ə satıb. Enner Valensiya, Ali Samatta, Dmitrioe Pelkas izə azad agent kimi gediblər. Ümumilikdə “Fənərbağça”nın xərcləri 56,8 milyon avro, gəlirləri isə 51,15 milyon avro olub.

“Beşiktaş”ın pulsuz ulduzları

Çempionluğa digər iddialı “Beşiktaş” da ciddi keçidlər həyata keçirib. “Qara qartal” Milot Raşitsaya 5,25, Baxtiyor Zaynutdinova 4,5, Jan Onanaya 4, Artur Masuakya 2 milyon avro xərcləyib. Daha səs-küylü adlar isə azad agent kimi cəlb olunub. Burada “Liverpul”dan ayrılan Aleks Oksleyd-Çemberleyn və “Milan”ı tərk edən Ante Rebiçi xüsusi vurğulamaq lazımdır. Daha bir ciddi keçid isə “Lester”dən Daniel Amartinin gətirilməsidir.

Romeyn Saiss, Vellinton, Kevin Nkudu, Natan Redmond isə yola salınıblar. Ümumilikdə klub transferlərə 16 milyon avro xərcləyib. Gəlir isə cəmi 2,5 milyon avro olub.

Digər klublar arasında da transferdə müəyyən fəallıq müşahidə olunur. Lakin “Trabzonspor” və “Başakşehir” kimi iddialılar nisbətən geri qalırlar. Bu, yeni mövsümdə fərqli adların qabara biləcəyi anlamına gəlməlidir.

İstanbul nəhənglərinin bəzi oyunçuları azad agent kimi cəlb etməsi transferlərə yatırılan maliyyənin az olması anlamına gəlməməlidir. Məsələ ondadır ki, həmin futbolçuları Türkiyəyə gətirmək üçün onlara böyük məbləğdə məvaciblər və imza pulları ödənir. Bu isə xərclərin miqyasının yalnız transfer ödənişləri ilə məhdudlaşmadığı anlamına gəlir.

Xərclənən pullar qarşılığını verir

İstanbul nəhəngləri yeni mövsümə uğurlu start veriblər. Ümumiyyətlə, Türkiyə klubları uzun illər sonra avrokuboklarda uğurlu çıxış edirlər. 
Avropadakı uğurlu çıxış Türkiyənin UEFA sıralamasındakı mövqeyinə təsirsiz ötüşməyib. Mövsümə 12-ci başlayan qonşu ölkə hazırda doqquzuncudur. Mövcud vəziyyətdə Türkiyənin daha da irəliləmək şansı mövcuddur.

Düzdür, yeni ulduzlar hələ ən yaxşı oyunlarını göstərməyi bacarmayıblar, amma effektin tez bir zamanda hiss olunduğunu demək mümkündür. Zamanla bu, daha qabarıq hiss olunacaq. Əgər bu baş verməsə, o zaman indi xərclənən böyük vəsaitlər gələcəkdə klubların maliyyə problemləri ilə üzləşməsinə səbəb ola bilər. Hələlik gedişat pozitivdir.

Faiq Tahirov 

banner

Oxşar Xəbərlər