• cümə, 29 Mart, 18:18
  • Baku Bakı 14°C

Tələbələrin dizayn layihələri Bakının fərqli məkanlarında reallaşa bilər 

30.09.22 19:51 463
Tələbələrin dizayn layihələri Bakının fərqli məkanlarında reallaşa bilər 

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Memarlıq fakültəsinin dizayn ixtisası üzrə təhsil alan tələbələrinin Dənizkənarı Bulvar İdarəsi, Azərbaycan Milli Xalça Muzeyi və “Sandıqca” mağazalar şəbəkəsi üçün hazırladığı dizayn nümunələrinin təqdimatı keçirilib. “İctimai məkanda müvəqqəti, pərakəndə ticarət məqsədli kiçik memarlıq həcminin interyerinin yaradılması” layihəsi çərçivəsində hazırlanan işlərə ilkin baxış keçirilib və tövsiyyələr verilib. 
İtaliya – Azərbaycan Dizayn Mərkəzinin təşkilatçılığı ilə reallaşan təqdimatda AzMİU-nun rəhbərliyi, professor-müəllim heyəti, tələbələr, Dənizkənarı Bulvar İdarəsi və Azərbaycan Milli Xalça Muzeyindən olan qonaqlar da iştirak ediblər.
İtaliya – Azərbaycan Dizayn Mərkəzinin rəhbəri Fərid Kərimov çıxış edərək layihə haqqında məlumat verib və qeyd edib ki, bu cür layihələrin həyata keçirilməsi tələbələr üçün çox müsbət haldır və real işlər üzərində çalışmaq onlara daha çox təcrübə yığmağa imkan verir.
AzMİU-nun prorektoru, professor Nərgiz Abdullayeva tələbələrə təşəkkür edib və universitetdə dizayn ixtisası üzrə mütəxəssis hazırlığı ilə bağlı görülən işlərdən danışıb. Prorektor qeyd edib ki, AzMİU-da digər ixtisaslarla yanaşı, dizayn ixtisası üzrə də mütəmadi olaraq qabaqcıl dünya universitetlərinin təcrübələri öyrənilir və tədrisdə tətbiq edilir.
Dənizkənarı Bulvar İdarəsinin aparat rəhbəri Çingiz Məmmədov və Azərbaycan Milli Xalça Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova çıxışlarında layihənin önəminə toxunaraq bu istiqamətdə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyinə toxunublar. Qonaqlar tələbələrin təklif etdikləri layihələrlə yaxından tanış olaraq onları heyrətamiz adlandırıblar.
Sonda tələbələrə layihədə iştiraklarına görə sertifikatlar təqdim olunub. Qaliblər xüsusi həvəsləndirici hədiyyələrlə mükafatlandırılıblar.
Məlumat üçün bildirək ki, layihə çərçivəsində hazırlanan uğurlu dizayn nümunələrinin gələcəkdə Azərbaycan Milli Xalça Muzeyində və  Dənizkənarı Bulvar ərazisində reallaşdırılması da istisna olunmur.

banner

Oxşar Xəbərlər