Tarixin ən böyük mundialı
İyunun 11-dən iyulun 19-dək milyonlarla insanın gündəlik həyatı futbolun ritmi ilə döyünəcək. Bu dəfə də sevinc, göz yaşı, qəhrəmanlıq və məyusluq eyni səhnədə yer alacaq.
Futbol dünyası növbəti böyük bayrama hazırlaşır. Planetin ən populyar idman növünün zirvə yarışı hesab edilən dünya çempionatı tarixdə ilk dəfə üç ölkənin - ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi ilə keçiriləcək. Turnir yalnız təşkilatçılıq baxımından deyil, formatı, iştirakçı sayı və ümumi gözləntilər baxımından da əvvəlkilərdən fərqlənir. Hər bir halda, azarkeşləri bir aydan artıq davam edəcək möhtəşəm tamaşa gözləyir.
Daha çox ölkə mundial həyəcanını yaşayacaq
1930-cu ildə Uruqvayda keçirilən ilk dünya çempionatında cəmi 13 komanda iştirak etmişdi. 96 il sonra isə bu rəqəm 48-ə yüksəlir. FIFA-nın qərarına əsasən, mundialda 12 qrup olacaq və ümumilikdə 104 oyun keçiriləcək. Bu, əvvəlki turnirlərlə müqayisədə 40 əlavə matç deməkdir. Turnirin müddəti də uzanıb və futbol bayramı bir aydan artıq davam edəcək.
FIFA bu addımı futbolun qloballaşması ilə əsaslandırır. Daha çox ölkə mundial həyəcanını yaşayacaq, yeni bazarlar yaranacaq, futbolun inkişafı sürətlənəcək. Yeni format xüsusilə Afrika, Asiya və Şimali Amerika təmsilçilərinin sayının artmasına səbəb olub. Bu isə o deməkdir ki, indiyədək yalnız televiziyadan izlədikləri mundial atmosferini Özbəkistan, Kurasau kimi bir çox ölkə ilk dəfə meydanda hiss edəcək. Tənqidçilər isə hesab edirlər ki, iştirakçı sayının artırılması bəzi oyunların keyfiyyətinə mənfi təsir göstərə bilər. Xüsusilə, qrup mərhələsinin dünya çempionatı səviyyəsinə uyğun olmayacağı bildirilir. Hər halda, yeni formatın uğurlu olub-olmadığını yalnız turnir başa çatdıqdan sonra qiymətləndirmək mümkün olacaq.
Şimali Amerika üçün ciddi sınaq
ABŞ, Kanada və Meksika tarixdə ilk dəfə birlikdə dünya çempionatına ev sahibliyi edəcəklər. Turnirin 16 şəhərdə keçirilməsi planlaşdırılır. Açılış oyunu əfsanəvi “Azteka” stadionunda baş tutacaq, final isə Nyu-Cersi ştatındakı “MetLife”da keçiriləcək.
Turnir tarixdə ən böyük logistika sınaqlarından biri olacaq. Şəhərlər arasındakı məsafələr min kilometrlərlə ölçülür. Məsələn, Vankuverlə Mayami arasında təxminən 4500 kilometrlik məsafə var. Bu isə həm komandalar, həm azarkeşlər, həm də media nümayəndələri üçün ciddi planlaşdırma tələb edəcək. FIFA məhz bu səbəbdən qrupları regional prinsiplə formalaşdırmağa çalışıb ki, iştirakçılar mümkün qədər az səyahət etsinlər. Buna baxmayaraq, uzun uçuşlar, fərqli saat qurşaqları və müxtəlif iqlim şəraiti turnirin görünməyən, lakin nəticələrə təsir edə biləcək amillərindən biri olacaq.
Bu mundial həm də Şimali Amerika futbolunun inkişaf səviyyəsinin göstəricisinə çevriləcək. Xüsusilə, ABŞ son illərdə futbola böyük investisiyalar yatırıb. Lionel Messi və bir çox digər ulduzların MLS-ə gəlişi liqaya marağı daha da artırıb, stadionlara tamaşaçı axınını gücləndirib. Dünya çempionatı bu inkişaf prosesinin ən böyük vitrini olacaq.
Meksika üçün turnir xüsusi əhəmiyyət daşıyır. Ölkə tarixdə üçüncü dəfə dünya çempionatına ev sahibliyi edəcək və bu göstərici ilə rekord müəyyənləşdirəcək. Futbolun ölkədəki populyarlığını nəzərə alsaq, mundialın ən coşqulu atmosferlərindən birinin məhz Meksika şəhərlərində yaşanacağı gözlənilir. Kanada isə ilk dəfə belə böyük futbol hadisəsinin mərkəzinə çevriləcək.
Argentina taxtını qoruya biləcəkmi?
2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında Argentina futbolun zirvəsinə yüksəldi. Lionel Messi, nəhayət, çatışmayan kuboku qazandı. İndi isə argentinalılar uğurun təsadüfi olmadığını göstərməyə çalışacaqlar.
Tarix göstərir ki, dünya çempionu titulunu qorumaq son dərəcə çətindir. Sonuncu dəfə bunu 1962-ci ildə Braziliya bacarıb. Argentina yığmasında Messi yenə iş başındadır. O, karyerasında 6-cı mundialında iştirak edəcək. Düzdür, Messi 4 il öncəki deyil, lakin “gümüşülər” də tamamilə ondan asılı görünmürlər. Son illərdə formalaşan kollektiv dünya futbolunun ən sabit və ən xarakterli komandalarından biridir. Dünya çempionluğu və Amerika Kuboku zəfərləri argentinalı futbolçulara əlavə özünəinam qazandırıb. Buna görə də Cənubi Amerika təmsilçisinin yenidən final uğrunda mübarizə aparacağı gözlənilir.
Avropa nəhəngləri növbədədir
Son dörd dünya çempionatının üçündə kubok Avropaya gedib. Fransa, İspaniya, İngiltərə və Portuqaliya kimi komandalar bu dəfə də əsas favoritlər sırasındadır.
Xüsusilə Fransa yenə də ən zəngin heyətlərdən birinə malikdir. Kilian Mbappe artıq gənc ulduz deyil, komandanın əsas lideridir. İngiltərə illərdir gözlənilən uğuru əldə etməyə çalışır. Son Avropa çempionu İspaniya isə yeni nəslin hesabına yenidən dünya futbolunun zirvəsinə qayıtmaq arzusundadır.
Portuqaliya barədə xüsusi bəhs etməyə ehtiyac var. Əgər Lionel Messi artıq kubok kolleksiyasını tamamlayıbsa, onun ən böyük rəqibi Kriştiano Ronaldonun şəxsi uğurları arasında yalnız dünya çempionluğu yoxdur. O da Messi kimi karyerasında 6-cı mundialını keçirəcək. Portuqaliyanın bütün mövqelər üzrə çox güclü heyətə sahib olması Ronaldonun, nəhayət, arzusuna çatmasının heç də əlçatmaz xəyal olmadığını deməyə əsas verir.
Braziliyanın 24 illik həsrəti
Dünya çempionatları barədə danışarkən Braziliyanı ayrıca qeyd etməmək mümkün deyil. Beşqat dünya çempionu sonuncu dəfə 2002-ci ildə kuboku başı üzərinə qaldırıb. O vaxtdan bəri bir neçə nəsil dəyişsə də, nəticə ürəkaçan olmayıb.
Bu dəfə braziliyalıların ümidləri yeni baş məşqçi Karlo Ançelottiyə bağlanıb. Təcrübəli mütəxəssisin üzərində böyük təzyiq var. Çünki Braziliyada dünya çempionluğundan başqa nəticə uğur hesab edilmir. Vinisius Junior, Endrik, Rafinya kimi futbolçuların mövcudluğu sambanın vətəninə yenidən ümid verir. Eyni zamanda, Neymarın mundialdakı mümkün son çıxışı da turnirin ən maraqlı süjetlərindən biri olacaq.
Türkiyə sürpriz edə biləcək?
Türkiyə yığmasından da bəhs etməyə dəyər. 24 il sonra “ay-ulduzlu” yığma yenidən mundialda iştirak edəcək. Son illərdə formalaşan gənc və istedadlı nəsil azarkeşlərdə böyük ümid yaradıb. Arda Güler, Kenan Yıldız, Orkun Kökçü kimi futbolçular Vinçentso Montelanın rəhbərliyi altında artıq Avropa çempionatında potensialını nümayiş etdirib. Türkiyə futbol ictimaiyyəti hesab edir ki, bu nəsil 2002-ci ildə əldə olunan tarixi üçüncülükdən sonra ölkənin dünya arenasındakı ən iddialı kollektivlərindən biridir. Qardaş ölkənin turnirdə çıxış etməsi azərbaycanlı azarkeşlərin mundiala marağını bir qədər də artırır. Tarix göstərir ki, Türkiyə millisi böyük turnirlərdə gözlənilməz nəticələr əldə etməyi bacaran komandalar sırasındadır və 2026-cı ildə də sürprizlərdən birinə çevrilə bilər.
Yekunlaşdırsaq, iyunun 11-dən iyulun 19-dək milyonlarla insanın gündəlik həyatı futbolun ritmi ilə döyünəcək. Bu dəfə də sevinc, göz yaşı, qəhrəmanlıq və məyusluq eyni səhnədə yer alacaq. Çünki dünya çempionatı sadəcə futbol turniri deyil. Bu, futbolun özüdür.