Tarixi uğurun bir addımlığında
Əsas rəqibləri “Molde” ilə görüşdən bir xalla ayrılmağı bacaran ağdamlılar daha bir tarix yazmağa çox yaxındırlar. Son turda "Molde"nin "Bayer"lə qarşılaşmada qələbə qazanmaq şansı çox olmadığından "Hekken"lə Bakıda əldə ediləcək heç-heçə də “Qarabağ”ın tarixində ilk dəfə Avropa Liqasının qrupundan ikinci yerin sahibi kimi çıxmasına yol aça bilər.
UEFA Avropa Liqasındakı təmsilçimiz “Qarabağ” tarixində ilk dəfə olaraq qrupdan çıxmaq istiqamətində yaxşı şans əldə edib. Ağdamlılar çətin Norveç səfərindən əsas rəqibləri “Molde” ilə görüşdən bir xalla qayıtmağı bacarıblar. Rəqiblər arasında gərgin keçən görüş 2:2 hesabı ilə başa çatıb. Nəticədə hər iki komanda xallarının sayını 7-yə çatdırıb. İndi H qrupunda "Qarabağ" 2-ci, "Molde" isə 3-cüdür. "Qarabağ" bu heç-heçə ilə Konfrans Liqasının pley-off mərhələsinə vəsiqəni təmin edib. Növbəti turda "Qarabağ" "Hekken"lə, "Molde" isə "Bayer"lə qarşılaşacaq.
"Molde"nin "Bayer"lə qarşılaşmada qələbə qazanmaq şansı çox olmadığından "Hekken"lə Bakıdakı heç-heçə də “Qarabağ”ın tarixində ilk dəfə Avropa Liqasının qrupundan çıxmasına yol aça bilər. Amma istənilən halda hansı komandanın mübarizəni Avropa Liqasında, hansının Konfrans Liqasının pley-offunda davam etdirəcəyi son turun oyunlarından sonra məlum olacaq. Beləliklə, ardıcıl 11 ildir bizi avrokubokların qrup mərhələsinə öyrədən komandamız üçüncü ildir dalbadal qrupdan çıxmağı da bacarır.
"Molde" (Norveç) - "Qarabağ" (Azərbaycan) - 2:2
Qollar: Olavio Juninyo, 11 (0:1), Kristian Eriksen, 83 (1:1), 88 (2:1), Bəhlul Mustafazadə, 90+5 (2:2)
Qurban Qurbanov: “Çox vacib xal qazandıq”
Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında çox uğurlu nəticə əldə etdiklərini bildirib: “Oyunun gedişatına baxsaq, belədir. Daha yaxşısını gözləyirdim. Fikirləşirdim ki, o qədər çətinliyimiz olmaz, meydanaçaya daha tez uyğunlaşarıq. Amma havaya, meydançaya tam uyğunlaşa bilmədik. Demişdim ki, çətinliklərə dözmək lazım olacaq. Futbolçular bunu bacardı. Sonda da gedişatı dəyişdilər, çox vacib xal qazandıq”. Q.Qurbanov qrupdakı son oyuna daha yaxşı hazırlaşacaqlarını deyib: “Şansımız varsa, bundan maksimum istifadə edəcəyik. Bir oyunumuz qalıb. Daha soyuqqanlı və daha da bacarıqlı olmağa çalışmalıyıq. "Hekken"in qələbəsi yoxdur, uduzub bütün oyunları. Çox istəkli gələcəklər. Buna hazır olmalıyıq. Onlar qələbə istəyəcək. Biz oyuna çox intizamlı hazırlaşmalıyıq. Sadəcə meydanda verilən tapşırıqları, oyunumuzu düzgün icra etməliyik”.
Təcrübəli mütəxəssis bərabərlik qolunu 90+5-ci dəqiqədə vurulmasına da münasibət bildirib: “Son dəqiqələrdə həm buraxılan, həm vurulan qollar komandanın böyüməsi üçün vasitədir. Belə oyunlarda son dəqiqələrdə bu cür qol vurmaq komandaya əlavə motivasiya, inam verir. Bakıda "Bayer"lə matçda son dəqiqə buraxılan qol futbolçulara çox təsir etmişdi. Amma həmin oyundan futbolçularım çox şey götürdülər. Belə qollar böyük oyunlara bənzəyir”.
“Qarabağ" çox güclü komandadır”
“Molde"ni baş məşqçisi Erlinq Moe isə sərfəli nəticə əldə edə bilməsələr də, oyun baxımından “Qarabağ”ı üstələdiklərini vurğulayıb: "Bakıdakı oyunda "Qarabağ" bizdən daha yaxşı perfromans göstərmişdi. Ona görə qalib gəldilər. Amma bu gün 90 dəqiqə daha yaxşı tərəf biz idik".
O, komandasının Ağdam təmsilçisindən daha yaxşı çıxış etdiyini söyləyib: "Komandamla fəxr edirəm. "Qarabağ" çox güclü komandadır. Bu komandanı udmaq çox çətindir. Onlara qarşı çox yaxşı performans göstərdik. Oyunçularıma təşəkkür edirəm. Bu performansı "Bayer"ə qarşı da göstərməyə çalışacağıq".
Mütəxəssis "Qarabağ"ın Avropa Liqasında uğurlu çıxışını istəyərdinizmi" sualını bu cür cavablandırıb: "Qarabağ"ı hələ təbrik etməyəcəyəm. Çünki şansımız var. "Bayer"lə matçımız olacaq. "Qarabağ" çox yaxşı komandadır".
Kevin Medina cəzalı duruma düşüb
"Qarabağ"ın futbolçusu Kevin Medina matçın 2-ci hissəsində sarı vərəqə alaraq cəzalı duruma düşüb. Təcrübəli müdafiəçi Bakıda "Hekken"lə keçiriləcək qarşılaşmanı buraxmalı olacaq. O, hakimin qərarından narazı olduğunu bildirib: "Hakimin həmin epizodda mənə sarı vərəqə göstərməyinə nə lüzum var idi? Mənə dedi ki, meydanı tez tərk et. Mən də bildirdim ki, ağrım var, necə sürətli çıxım? Bəzən hakimlər də aqressiv olurlar və baş rolda olmağa çalışırlar".
Medina Norveçdən yaxşı nəticə ilə döndüklərini də qeyd edib: "Yaxşı rəqibə qarşı oynadıq. "Molde", xüsusən də, evdə təhlükəli olur. Yenə də məlum şərtlər altında istəyimizə nail olduq. Əsas da budur. Rəqib çox güclü komanda idi. Ümumi şərtlər heç də bizim xeyrimizə deyildi. Məqsədimiz meydanı sərfəli nəticə ilə tərk etmək idi. Hesabda geridə olsaq da, sona qədər xarakter göstərdik".
Zədələnərək məcburi əvəzlənməli olan Medina ağrıları olduğunu bildirib: "MRT müayinəsindən sonra vəziyyətimə tam aydınlıq gələcək".
Eriksen həftənin ən yaxşısı adına namizəd olub
Qeyd edək ki, Avropa Liqasında qrup mərhələsinin 5-ci turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər məlum olub. "Molde"dən Kristian Eriksen də namizədlər siyahısındadır. Ondan başqa "Liverpul"da Kodi Qakpo, "Frayburq"dan Mixel Qreqoriş və "Marsel"dən Pyer-Emerik Obameyanq bu ada namizəddirlər.
Qalib UEFA-nın saytında keçirilən sorğudan sonra məlum olacaq.