• şənbə, 11 Yanvar, 06:49
  • Baku Bakı 8°C

Super Liqa nəhəngləri “ulduz ovunda” 

11.01.25 00:58 87
Super Liqa nəhəngləri “ulduz ovunda” 

Bu qış transfer pəncərəsinin Super Liqada çox hərəkətli keçəcəyi ehtimal edilir. Klubların mövsümün qalan hissəsindəki performansı məhz edilən transferlərdən asılı olacaq.

Dünya futbolunda qış transfer pəncərəsi açılıb. Artıq klublar heyəti gücləndirmək istiqamətində əməli addımlara başlayıblar. Son illər Avropada səs-küylü keçidlərlə gündəmə gələn Türkiyə Super Liqası təmsilçiləri də aktivlikləri ilə seçilirlər. Bu qış da Türkiyə nəhənglərinin bir neçə iddialı transfer həyata keçirəcəyi gözlənilir. 

“Fənərbağça” uğur axtarışında

Transfer xəbərlərinin ən çox yayıldığı klub “Fənərbağça”dır. 17 turdan sonra 39 xal toplayan və Super Liqanın lideri “Qalatasaray”dan səkkiz xal geri qalan “bülbüllər” mövsümün qalan hissəsində bu fərqi aradan qaldırmaq istəyirlər. Bu səbəbdən heyətin gücləndirilməsi istiqamətində addımlar atılır. Baş məşqçi Joze Mourinyo müdafiə, yarımmüdafiə və hücum mövqelərinin gücləndirilməsini istəyib. Əsas axtarışlar da məhz bu istiqamətlərdədir. Şaiyələrə inansaq, müdafiənin mərkəzi üçün Dieqo Karlos (“Aston Villa”), Yaka Biyol (“Udineze”), Kevin Danso (“Lans”), Aymerik Laport (“Əl-Nəsr”), Mario Hermoso (“Roma”) kimi ulduz oyunçulardan ibarət siyahı üzərində iş gedir. “Fənər” tezliklə bu keçidlərdən birini yekunlaşdırmaq istəyir. Eyni zamanda, müdafiənin sol cinahının da gücləndirilməsi nəzərdə tutulur.

Əsas hədəf Anderson Taliskadır 

Joze Mourinyo orta xətdə yaradıcılığın artırılması üçün də transfer istəyir. Hazırda bu mövqeyə əsas namizəd Anderson Taliskadır. Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən braziliyalı türkiyəli azarkeşlərə “Beşiktaş”dakı oyunundan tanışdır. O, hazırda yaxşı formadadır. Taliska “Əl-Nəsr”də bu mövsüm səkkiz qol vurmağı bacarıb. Mütəxəssislər 30 yaşlı futbolçunun “Fənərbağça”nın hücumlarına rəngarənglik qatacağı fikrindədirlər. Futbolçu özü də Türkiyəyə qayıtmağa isti yanaşır.

“Fənərbağça” hücum xəttini gücləndirmək üçün də çalışmaları davam etdirir. Burada əsas namizəd “Mançester Yunayted”in forvardı Markus Reşforddur. Lakin ingilis hücumçunun müştəriləri çoxdur. Son xəbərlərə görə, “Milan”ın yeni baş məşqçisi Serxio Konseysan da onu sərəncamında görmək istəyir. “Fənərbağça”nın bu rəqabətdən qalib ayrılacağı asan görünmür. Lakin klub nəyin bahasına olursa-olsun, hücumçu transfer etmək istəyir. Yussef En-Nesiri və Edin Cekonun performansı pis deyil, lakin bosniyalının yaşının çox olması klubu axtarışlara vadar edir. Hazırda Aleksandr Mitroviç və Conatan Devid variantları müzakirə olunur. Eyni zamanda, Cengiz Ünder, Alan San-Maksimin, Samet Akaydın kimi oyunçulara yaxşı təkliflər var. Onların gedişi halında klub yaranacaq boşluqları doldurmaq üçün əlavə addımlar atmalı olacaq.

“Qalatasaray” “ulduz ovu”nda

Super Liqanın lideri “Qalatasaray” yenidən “nöqtə transfer”lər etməyi hədəfləyir. Əslində, komanda Türkiyədə ən kompakt heyətə malik kollektivdir. Bu səbəbdən “sarı-qırmızılılar” xüsusi canfəşanlıq göstərmirlər. Hazırda klubda əsas prioritet Viktor Osimhenin qalmasıdır. Klub böyük ölçüdə bu məsələni həll edib. “Napoli”dən icarəyə götürülən nigeriyalı forvardın “Mançester Yunayted”ə keçid variantı olsa da, bu, alınmayıb. Osimhen açıqlamalarının birində “Qalatasaray”da xoşbəxt olduğunu və qalıb çempionluq mübarizəsində komandasına kömək etmək istədiyini bildirib.

Bununla belə, klubun gündəmində bir neçə ulduz var. Buraya Milan Şkrinyar və Paulo Dibalanı aid etmək olar. Hər iki oyunçu ilə bağlı fərqli situasiya mövcuddur. Şkrinyar PSJ-də oynamaq şansı qazanmır. O, bu vəziyyətdən narazıdır və tezliklə komandasını dəyişmək istəyir. Slovakiyalı mərkəz müdafiəçisinin İngiltərə və İtaliyadan da müştəriləri var. İstanbul nəhəngi oyunçunu yaya qədər icarəyə götürmək, daha sonra birdəfəlik almaq variantını nəzərdən keçirir. Dibala isə “Roma”nın əsas fiqurlarındandır. Komandanın yeni baş məşqçisi Klaudio Ranyeri argentinalı oyunçu olmadan komandasını düşünə bilmədiyini açıqlayıb. Bu, “canavarlar”ın oyunçunu buraxmaq niyyətində olmadığı anlamına gəlməlidir. Lakin “Qalatasaray” da gedişi gündəmdə olan Hakim Ziyeşin boşluğunu məhz Dibala ilə doldurmaqda maraqlıdır. Bundan başqa, hücum xəttinə “Fənərbağça”nın da maraq göstərdiyi Markus Reşford və “Lion”da uğurlu çıxışı ilə diqqət çəkən Jorj Mikautadzenin cəlb olunması gündəmdədir. Lakin sadalanan bütün transferlər böyük maliyyə tələb etdiyindən “Qalatasaray”ın alternativlərə yönəlməsi də istisna deyil.

Digər klubların fəaliyyəti

Mövsümün uğursuzlarından olan “Trabzonspor” da vəziyyəti dəyişmək üçün qollarını çırmalayıb. Bir neçə ulduz futbolçu ilə danışıqlar aparan Qara dəniz təmsilçisi xüsusilə hücum xəttini gücləndirmək niyyətindədir. Əsas hədəf “Fənərbağça”dan Cengiz Ünderi heyətə qatmaqdır. Eyni zamanda klub “Milan”dan Samuel Çukvueze və “Şaxtyor”un cinah oyunçusu Aleksandr Zubkovla danışıq aparır.
“Başakşəhər”, “Göztəpə” kimi klubların aktivliyi fonunda ilk yarıda istədiyi performansı sərgiləyə bilməyən “Beşiktaş” da susqunlardandır. 

Böyük transferlər gözlənilir

Ümumən bu qış transfer pəncərəsinin Super Liqada çox hərəkətli keçəcəyi ehtimal edilir. Klubların mövsümün qalan hissəsindəki performansı məhz edilən transferlərdən asılı olacaq. Hələlik tamamlanan keçid olmasa da, yanvarın sonuna qədər bir neçə böyük transferin həyata keçməsi istisna edilmir. Düzdür, qonşu ölkə klublarının maliyyə vəziyyətləri ilə bağlı heç də xoş xəbərlər gəlmir. Məsələ ondadır ki, Super Liqa komandalarının borcları çox böyükdür. Bununla belə, onlar transferlərə böyük pullar xərcləməyə çəkinmir, ulduz oyunçulara ciddi məvacib ödəyirlər.

banner

Oxşar Xəbərlər