• bazar ertəsi, 03 mart, 19:23
  • Baku Bakı 4°C

Soyqırımının muzeylərdəki əks-sədası - BƏLƏDÇİ

25.02.25 14:22 0
Soyqırımının muzeylərdəki əks-sədası - BƏLƏDÇİ

Sarayevoda Bosniya və Herseqovinanın tarixini sərgiləyən onlarla muzey var. Onların əksəriyyəti müharibə, soyqırımı ilə bağlıdır.

Ölkələrin tarixini öyrənmək üçün ən yaxşı yer muzeylərdir. Çətinliklə toplanan və qorunan əşyalar keçmiş haqqında hər hansı bir dərslikdən qat-qat yaxşı məlumat verir. 

Sarayevoda Bosniya və Herseqovinanın tarixini sərgiləyən onlarla muzey var. Onların əksəriyyəti müharibə, soyqırımı ilə bağlıdır. Sarayevo Avropa tarixində bir çox mühüm hadisələrin baş verdiyi yerdir. 

“İnsanlığa qarşı cinayətlər və soyqırımı muzeyi”, “Milli Tarix Muzeyi”, “Sarayevo Tarix Muzeyi”, “Müharibə Muzeyi”, “Müharibə Uşaqlığı Muzeyi” və s. muzeylər Bosniya və Herseqovinanın təlatümlü tarixi haqqında çox şeyi deyir.

İnsanlar üçün qorxulu və ağrılı

Muzeylərin hər birinin geniş salonlarında ölkə tarixinin müxtəlif dövrlərinə aid fotoşəkillər, sənədlər, kitablar və digər materialların zəngin kolleksiyası ilə tanış olmaq mümkündür. Osmanlı İmperiyası, Avstriya-Macarıstanın hökmranlığı və Yuqoslaviya dövrü, Birinci və İkinci Dünya müharibələri, Bosniya münaqişəsi... Eksponatların hər biri ölkənin maraqlı və mürəkkəb tarixi ilə birbaşa bağlıdır. “Bu eksponatlar insanlar üçün qorxulu və ağrılıdır. Ancaq hamı müharibənin nə olduğunu xatırlamalı və bilməlidir. İnsanlar belə muzeylərə getməlidir ki, bu səhvləri təkrarlamamaq üçün müharibənin, soyqırımının dəhşətlərini görüb anlasınlar”, - deyə ziyarət etdiyimiz muzeylərin bələdçiləri qeyd etdilər.

Bosniya və Herseqovinanın təsirli, təlatümlü tarixi

Milli Muzeyin əsas bölümlərindən olan Tarix Muzeyində yerli sakinlər üçün ən böyük dəyər və qürur müharibə dövrünə həsr olunmuş zaldır. Burada əsasən İkinci Dünya müharibəsi və Bosniya münaqişəsinə aid əşyalar toplanıb: əsgər və zabit geyimləri, silahlar, bayraqlar, plakatlar, təbliğat vərəqələri və qəzetlər, humanitar yardım qutuları... 

Bu muzeydə Bosniya və Herseqovinanın təsirli və təlatümlü tarixini öyrənmək olur. Muzey əşyaları xalqın İkinci Dünya müharibəsinin təsirindən və sosialist Yuqoslaviya dövründən Bosniya müharibəsinə və Sarayevonın müasir həyatına qədər keçdiyi yoldan bəhs edir. Eksponatları seyr edərkən dəhşətli müharibə hekayələrini öyrənir, Sarayevonun mühasirə zamanı dözümlülüyünün şahidi olursan.

Xatirələr mozaikası

Müharibə Uşaqlığı Muzeyi - Sarayevo şəhərində 2017-ci ilin yanvarında açılıb. Muzeydə Bosniyada müharibədən sağ çıxan uşaqların xatirələrini əks etdirən eksponatlar nümayiş etdirilir. Sərgidə əşyalar, oyuncaqlar, fotoşəkillər, geyimlər, video sübutlar və s. yer alıb. Muzey Avropa Şurasının ən nüfuzlu mükafatlarından olan “2018-ci ilin Avropa Muzeyi” adına layiq görülüb. Layihəyə 2010-cu ildə, yerli sahibkar, fəal və “müharibə uşağı” Jasminko Halilovic start verib.

O, Bosniya müharibəsi zamanı uşaq olan gənclərin qısa xatirələrini toplamaq üçün onlayn platformada elan verdikdən sonra 1000-dən çox gənc öz xatirələrini təqdim edib. Halilovic bu xatirələri 2013-cü ildə kitab formatında nəşr etdirib. Unikal kitab yüzlərlə qısa hekayədən yaradılmış xatirələr mozaikasını təqdim edir. Əsər sonradan alman və yapon dillərinə tərcümə edilib. “Halilovic xatirələrini təqdim edən gənclərlə yazışmağa başlayanda anlayıb ki, keçmiş “müharibə uşaqlarının” bir çoxunda hələ də xatirələri ilə əlaqəli müəyyən sənədlər var. O, muzeyin kolleksiyasını yaratmaq üçün digər gənc peşəkarlardan ibarət komanda ilə işləməyə başlayıb, nəticədə 3000-dən çox əşya və 60-dan çox şifahi material toplanıb. Muzeydə hər bir eksponatın yanında həmin əşyanın sahibinin qısa hekayəsi-xatirəsi var. Hekayələr ziyarətçilərə təsir edir”, - deyə muzey əməkdaşı bildirdi. 

Muzeydə bir neçə dildə danışan audio bələdçi var, ekranda sənədli filmlər göstərilir. “Təəssüf ki, dünyada daim silahlı münaqişələr baş verir. Müharibə Uşaqlığı Muzeyi təkcə Bosniya müharibəsi uşaqlarının əşyalarını təqdim etmir. Dünyanın digər yerlərindəki hərbi uşaqlığa həsr olunmuş əlavə sərgi hər il dəyişir. İndi burada Suriyadan olan uşaqların eksponatları və hekayələri nümayiş olunur”. Bundan əlavə, Vaşinqtonda Müharibə Uşaqlığı Muzeyinin filialı fəaliyyət göstərir. ABŞ sərgisində sağ qalan uşaqların əşyaları da nümayiş etdirilir.

Soyqırımına məruz qalmış insanların xatirəsi

Sarayevoda ən mühüm muzeylərdən biri Bəşəriyyətə qarşı Cinayətlər və Soyqırımı Muzeyidir. Bu muzey 1992-95-cı illərdə Bosniya və Herseqovinadakı müharibə qurbanlarının xatirəsini əbədiləşdirmək üçün yaradılıb. Muzeydə müharibə zamanı baş vermiş faciəli hadisələr, bu dövrə aid eksponatlarla tanış olmaq mümkündür. Müharibə illərində ölkənin müxtəlif şəhərlərində yaradılmış əsir düşərgələrində ağır işgəncələrə məruz qalmış mülki şəxslərin şəxsi əşyaları, törədilmiş cinayətlərdən bəhs edən materiallar, bu barədəki acı xatirələr, dəhşətli hekayələr insanı sarsıdır.

Sarayevoya gələn turistlərin diqqətini çəkən muzey ziyarətçilərinə təkcə Srebrenitsada baş verən soyqırımından deyil, həm də ölkənin digər şəhərlərində törədilən qırğınlardan, hərbi cinayətlərdən bəhs edir. “Muzeyimizdə ziyarətçilərin mesaj yaza biləcəyi otaq da var. Biz fəxr edirik ki, muzeyimiz insanları soyqırımına son qoymağa, sülhün zəruriliyini dərk etməyə ruhlandırır. Dünya dinc sakinlərin müdafiəsinə real ehtiyac olduğunu dərk etməlidir. Ziyarətçilər bu otaqda Qəzza zolağına həsr olunmuş çoxlu mesajları da görə bilərlər”, - deyə kurator bildirir.

“Dünyanı silkələyən gün”

Sarayevo Muzeyinin sərgisi isə Bosniya və Herseqovinanın tarixində Avstriya-Macarıstan İmperiyasının hakimiyyəti altında olan dövrü əks etdirir. Muzey kiçikdir, yalnız bir geniş otaqdan ibarətdir. Taxt-tac varisi Frans Ferdinand və həyat yoldaşı Sofiyaya sui-qəsd cəhdi muzeyin əsas eksponatlarıdır. Muzeyin Latın körpüsündən bir neçə metr aralıda, qarşısında sui-qəsdin baş verdiyi binada yerləşməsi simvolikdir.
Muzeydə ziyarətçilərə 1975-ci ildə çəkilmiş “Sarayevo sui-qəsdi” (“Dünyanı silkələyən gün”) filmindən fraqmentlər nümayiş etdirilir. 

Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər