Avropanın yaşıl paytaxtı
Lyublyana ölçüsünə görə “Cib mədəniyyət mərkəzi” adlandırılır. Burada əzəmətli Roma arenası və ya romantik fransız qülləsi yoxdur, lakin Alp dağlarının heyrətamiz mənzərələri hər kəsi məftun edir.
Lyublyana Avropa həftəsonu üçün mükəmməl istiqamət sayılır: tarixi memarlıq, orta əsr qalası, ləzzətli yeməklər, daş döşənmiş küçələri olan köhnə şəhər, mənzərəli körpülər, çay sahilləri və rahat həyat tempi…
Buraya gələndən sonra anlayırsan ki, Sloveniyanın bu yaşıl paytaxtı heyrətamiz təbii gözəlliyinə görə mütləq səyahətə dəyər. Təsadüfi deyil, 2014-cü ildə Lyublyana nüfuzlu “Avropa Yaşıl Paytaxtı 2016” titulunu alıb. 5300 illik tarixi olan dünyanın ən qədim çarxı Lyublyanada kəşf edilib.
Ancaq Lyublyana hər şeyə malik olmasına baxmayaraq, turistlərin diqqətindən yayınan Avropa paytaxtlarından biridir.
“Cib mədəniyyət mərkəzi”
Lyublyana - kompakt və çox canlı şəhərdir. Paytaxt Avropanın ən ekoloji cəhətdən təmiz 30 şəhəri arasında yer alır. Bu da ilin istənilən vaxtında şəhərin küçə və meydanlarında gəzməyi cəlbedici edir.
Şəhər rahat Mərkəzi Avropa atmosferini müasir tələbə həyatı və bol yaşıl məkanlarla birləşdirir. Ölçüsünə görə “Cib mədəniyyət mərkəzi” adlandırılıb, cəmi 163 kvadrat kilometr ərazini əhatə edir. Burada əzəmətli Roma arenası və ya romantik fransız qülləsi yoxdur, lakin Alp dağlarının heyrətamiz mənzərələri hər kəsi məftun edir.
Hər küçənin öz hekayəsi
Lyublyana çayı şəhərin ortasından axır və tarixi mərkəzi iki yerə bölür. Çay üzərindəki Üçlü Körpü bütün turistlərin marağına səbəb olur. Bu körpülərin hər birinin öz hekayəsi var. Memar Joze Plecnik tərəfindən dizayn edilmiş körpü və şəhərin simvolları olan dörd bürünc əjdaha ilə qorunan əfsanəvi İlan Körpüsü turistlərin maraqla seyr etdiyi yerlərdir. Mərkəz tarixi binalarını yaxşı qoruyub saxlayıb. Kafelər Lyublyana çayının sahilində yerləşir, küçə musiqiçiləri axşamlar çıxış edir və yerli sakinlər velosiped yollarından, piyada zonalarından fəal şəkildə istifadə edirlər. Şəhərdə metro və ya tramvay olmasa da, müasir və ekoloji cəhətdən təmiz şəhər avtobusları əsas nəqliyyat ehtiyaclarını ödəyir. Transferlərlə 90 dəqiqəlik tək bir gediş adətən təxminən 1.30 avroya başa gəlir.
Bələdçimiz Tin Hrastnik məlumat verir ki, şəhər genişləndikcə əhalisi artıb və çay üzərindən daha böyük bir keçid lazım olub: “Hakimiyyət orqanları köhnə körpünü dəyişdirməmək qərarına gəldi və 1930-cu illərin əvvəllərində daha iki körpü əlavə edildi. Nəticədə, körpü Üçlü Körpü kimi tanındı və hətta UNESCO-nun Dünya İrsi Siyahısına daxil edildi”.
Körpüdən adlayıb məşhur Mərkəzi Bazarla tanış oluruq. Burada bir çox ləzzətli yerli məhsullar - pendirlər, kolbasalar, bal və meyvələr satılır.
Şəhərin ən yaxşı mənzərəsi Lyublyana qalasındandır ki, bura yalnız funikulyorla çatmaq mümkündür. 10 avro ödəməklə bu qüdrətli orta əsr qalasını əhatə edən panoramik mənzərəni seyr edən turistlərə qarışırıq.
Paytaxtın Köhnə şəhəri sakit atmosferi ilə valeh edir. Burada Habsburq dövrünə aid evlər, daş döşənmiş küçələr və rahat kafelər var: ”Sloveniya paytaxtının digər bir üstünlüyü onun yüksək təhlükəsizliyidir. Kiçik oğurluq nadir hallarda baş verir və zorakı cinayətlər demək olar ki, yoxdur. Lyublyana Səyahət Təhlükəsizliyi İndeksində 87 bal toplayıb”.
Lyublyananın yemək mədəniyyəti müxtəlifdir. Müşahidə edirik ki, yerli sakinlər orijinal Sloveniya mətbəxini təklif edən ənənəvi meyxanalarda yeməkdən zövq alırlar. Şəhər mərkəzindəki çoxsaylı restoranlar yerli və beynəlxalq səviyyədə hər zövqə uyğun yeməklər təklif edir.
Slovenlər müstəqillikləri və unikal mədəniyyətləri ilə fəxr edirlər. İctimai nəqliyyatda yüksək səsli mobil telefon danışıqlarını sevmirlər.
Bled nağılı
Sloveniyanı tanımaq üçün təkcə paytaxt Lyublyananın küçələrini gəzmək kifayət deyil. Ölkənin əsl təbii gözəlliklərini, tarixi zənginliyini və turizm potensialını görmək üçün paytaxtdan 55 kilometr məsafədə yerləşən Bled gölü və onun sahilindəki qədim Bled qalasını mütləq görmək lazımdır. Paytaxt Lyublyanadan Bledə birgünlük səfərlər təklif olunur. Sloveniyanın əsl nağıllarından biri məhz Bleddə başlayır.
Julian Alp dağlarının əhatəsində yerləşən gölün sakit su səthi, ətrafdakı yaşıl meşələr, dağ mənzərələri və gölün ortasındakı kiçik ada buranı Avropanın ən fərqli turizm məkanlarından birinə çevirir.
Bledin ən diqqətçəkən xüsusiyyəti gölün ortasında yerləşən adadır. Adada ucalan Müqəddəs Məryəm kilsəsi Sloveniyanın ən tanınan memarlıq və dini abidələrindəndir. Turistlər adaya ənənəvi taxta qayıqlarla - pletnalarla gedirlər. Ada ilə bağlı maraqlı inanclardan biri də kilsənin zəngi ilə əlaqədardır. Rəvayətə görə, zəngi çalan insanın arzusu həyata keçir. Kilsəyə aparan 99 daş pilləni qalxmaq isə bu kiçik adanın ziyarətini daha da yaddaqalan edir. Xüsusən yay aylarında burada turist əlindən tərpənmək olmur. Dünyanın hər yerindən buraya gecələməyə gəlirlər. Bled gölü ətrafında yerləşən hotellər sırasında keçmiş Yuqoslaviya lideri İosip Broz Titonun yay iqamətgahı da yer alır.
Minillik tarixə malik qala
Bled gölünün mənzərəsini tamamlayan digər möhtəşəm tikili isə hündür qayalıq üzərində yerləşən Bled qalasıdır. Bu, təkcə Sloveniyanın deyil, Avropanın ən qədim qalalarından biri hesab olunur. Onun tarixi 1004-cü ilə gedib çıxır. Bled qalası min ildən artıqdır ki, bu ərazinin tarixi yaddaşını özündə yaşadır. Əsrlər ərzində müxtəlif hakimiyyətlərin idarəçiliyində olmuş qala bu gün muzey və turizm kompleksi kimi fəaliyyət göstərir. Burada orta əsrlərin memarlıq izləri, tarixi ekspozisiyalar və qədim həyat tərzini əks etdirən interyerlər qorunub saxlanılır. Qədim çap emalatxanası və şərab zirzəmisi də ziyarətçilərin marağına səbəb olur.
Lakin qalanın ən böyük cazibəsi, şübhəsiz ki, onun müşahidə meydançasından açılan mənzərədir. Buradan Bled gölünü, adanı, kilsəni və uzaqda ucalan Alp zirvələrini bir panoramada seyr etmək mümkündür. Bu mənzərə həm turistlərin, həm də foto həvəskarlarının diqqətini çəkir.
Təranə Məhərrəmova
Lyublyana-Bakı