Ahılların cavanlaşdığı ünvan - REPORTAJ
Analarımız bəzənib-düzənir, güzgü qarşısında yaylıqlarını səliqəyə salırlar. Beynəlxalq Ahıllar Gününü qeyd etmək üçün həyəcanla restorana yollanırlar. Bir vaxtlar dörd divar arasında tənhalığa qapanan bu nurani xanımlar indi əl-ələ verib öz bayramlarını qeyd etməyə tələsirlər...
Beynəlxalq Ahıllar Günündə yolumuzu Binəqədi rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sosial sifarişi əsasında fəaliyyət göstərən Ahıllar üçün Günərzi Qayğı Mərkəzindən saldıq. Məqsədimiz ömrünün gümüş çağını yaşayan bu insanların dünyasına boylanmaq, gözlərindəki sükutu, üzlərindəki doğma təbəssümü hiss etmək idi.
Mərkəzdə əmək qabiliyyətli ailə üzvləri ilə birgə yaşamayan ahıl şəxslərə gündüz qayğısı, sosial-məişət, sosial-psixoloji, sosial-hüquqi və sosial-mədəni xidmətlər göstərilir. Otaqları analarımızın şirin söhbətləri, həzin gülüşləri və kövrək xatirələri bürüyür. Bir küncdə həvəslə mil dolayan, digər tərəfdə rəfiqəsi ilə dərdləşən bu anaların hər biri canlı bir hekayədir. Keçmişindən söz düşəndə kimisi göz yaşını saxlaya bilmir, kimisi də köhnə bir xatirəni yada salıb uşaq kimi sevinir.
Qeyd edək ki, bu diqqət və qayğı yalnız bir mərkəzlə məhdudlaşmır. ƏƏSMN-nin tabeliyində Sosial Xidmətlər Agentliyinin sosial sifarişləri çərçivəsində respublikanın altı şəhər və rayonunda – Bakı, Gəncə, Sumqayıt şəhərlərində, eləcə də Lənkəran, Qazax və Tovuz rayonlarında ahıllar üçün günərzi qayğı mərkəzləri fəaliyyət göstərir. Ümumilikdə 200-ə yaxın ahıl bu mərkəzlərin xidmətlərindən yararlanır.
“Biz burada 10 yaş cavanlaşmışıq”
Binəqədi rayonundakı mərkəzin yaradılış hekayəsi elə özü bir doğmalıqla başlayır. Mərkəzin rəhbəri Aynur Zülfüqarova deyir ki, bu fikir ilk dəfə ağlına gələndə gözünün önünə öz anası gəlib:
“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi sosial sifariş tenderini elan edəndə gözümün qabağına öz anam gəldi. Anam 70 yaşına qədər işləmişdi, dinamik həyatı vardı, lakin təqaüdə çıxdıqdan sonra evə qapandı. Bu insanlar üçün təklik çox çətindir. Onların sosiallaşması, yenidən həyata bağlanması üçün “Keçmişi Yaşadanları Bu Gün Yaşadaq” ideyası ilə müraciət etdik. İnanın, hər səhər ahıllarımızın qapıdan girəndə “Biz burada 10 yaş cavanlaşmışıq” deməsini duymaq bizim üçün zəhmətin ən şirin bəhrəsidir”.
“Balaca bir gülüşdən dünyalar qədər sevinirlər”
Günün rejimini sosial işçi Mehparə Hümbətova belə təsvir edir: “Günə saat 9.00-da səhər yeməyi ilə başlayırıq. Gün ərzində idman edir, kitab oxuyur, toxuma toxuyurlar. Hazırda 43 anamız var, amma gəlmək istəyənlərin sayı o qədər çoxdur ki... Onlar uşaq qəlblidirlər. Tez inciyirlər, amma balaca bir gülüşdən dünyalar qədər sevinirlər. Buradakı tək sirrimiz xoş üz və səmimiyyətdir. Analarımız deyir ki, “burada gördüyümüz bir şirin dil, bir xoş üz hər şeyə dəyər”.
Vətənə qəhrəmanlar bəxş edən müəllimə...
Mərkəzdə addımladıqca anlayırsan ki, burada oturan hər ağsaçlı ananın arxasında bütöv bir tarix yatır. O tarixin səhifələrində zəhmət də var, həsrət də, qürur da, itki də... Divanda əyləşən Emilya xanımın baxışlarındakı məğrurluq diqqətimizdən qaçmır. 55 ilini təhsilə həsr edən ana 1993-cü ildə Ağdamdan çıxmaq məcburiyyətində qalsa da, müəllimliyini, fədakarlığını əsirgəməyib. Təhsil Nazirliyinin köməyi ilə Ağdam rayonunun 32 saylı qaçqın məktəbini açıb və bir gündə 360 şagirdə qucaq açıb:
“Şagirdlərimin 15-i şəhidlik zirvəsinə ucalıb. Mən 15 şəhid, 2 Milli Qəhrəman yetişdirmişəm. Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun, əfsanəvi “Fred Asif”in müəllimi olmuşam. Asif hələ uşaq ikən dərin düşüncəsi, zəkası ilə seçilirdi. Ona Ağdamda “Marks” deyirdilər. Mən onlara təkcə dərs keçmədim, ana oldum. O qəhrəmanların hər birində bir zərrəm, bir ana nəfəsim var. Torpaqlarımız azad olunanda elə bildim o şəhid şagirdlərimin ruhu şad oldu, mənim də çiynimdəki illərin ağır yükü yüngülləşdi. Qızım rəhmətə gedəndən sonra həyatdan əlimi üzmüşdüm, evdən çölə çıxmırdım. İnsan övlad acısı çəkəndə dörd divar ona zindan kimi gəlir. Bura gəldim, başım qarışdı, sanki yenidən həyata qayıtdım. Tək bir arzum qalıb - qalan ömrümü doğma Ağdamımda yaşayıb, orada da dünyamı dəyişmək...”
“Qocalıq elə bir şeydir ki, insan günbəgün unudulduğunu hiss edir”
Emilya müəllimənin bu kövrək xatirələri zalda əyləşən digər pedaqoqu, 55 illik staja malik Şəfiqə Quliyevanı da dilləndirir. Ömrünün yarım əsrindən çoxunu gənc nəslin tərbiyəsinə, maariflənməsinə həsr edən Şəfiqə xanım təqaüdə çıxdıqdan sonra təkliyin insanı necə unutdurduğunu və bu mərkəzin onlara necə yeni bir nəfəs verdiyini həyəcanla dilə gətirir: “55 il məktəbdə, uşaqların, cəmiyyətin içində olmuşam. İnsan təqaüdə çıxıb evə qapananda elə bilir ki, həyat onun üçün artıq bitdi. Qocalıq elə bir şeydir ki, insan günbəgün unudulduğunu, kənarda qaldığını hiss edir. Amma bu mərkəzə gələndə gördük ki, biz unudulmamışıq, dövlətimiz bizə sahib çıxır. Bizi gəzintilərə aparırlar, ad günlərimizi təntənə ilə qeyd edirlər, səhhətimizlə maraqlanırlar. Bizə dəyər verən insanları görəndə elə bil dünyanı bizə verirlər”.
Böyüklərin “bağça”sı
O, bu mərkəzi böyüklərin uşaq bağçası adlandırır: “Hər səhər eyni həvəslə yollanırıq. Bir müəllim kimi gənclərimizə demək istəyirəm ki, milli-mənəvi dəyərlərimizi, ağsaqqal-ağbirçək ehtiramını qorusunlar. Qocaya, ahıla hörmət bizim qanımızda, genimizdə var və bu dəyərlərimizi yaşatmalıyıq”.
“Məni doğma Ağdamda danışdırın...”
Söhbətimizə Vətən haqqında həzin bir şeirlə başlayan Süriyə xanım ixtisasca ədəbiyyat müəlliməsidir. Sözün, şeirin sehrinə bələd olan bu nurani müəllimə Azərbaycanda ahıllara göstərilən diqqətdən qürurla söz açır və təqaüdə çıxıb evə qapanan həmyaşıdlarına çağırış edir:
“İnsan müəyyən bir yaşa çatanda evdə yalnız qalmaq, sükutun içində oturmaq çox ağır gəlir. Hər gün dörd divara baxmaqdan, təkbaşına xatirələrə qapanmaqdan insan yorulur. Bura gələndən sonra sanki dünyam dəyişdi. Hər səhər həvəslə oyanıram ki, gəlib bacılarımla, rəfiqələrimlə dərdimi, sevincimi bölüşəcəyəm. Bura bizə təkcə qayğı göstərmirlər, həm də tənhalığımızı əlimizdən alırlar. Buradakı hər gülüş, hər şirin dil insanı yaşadır. Bizim yaşda olan çox insan var ki, təqaüdə çıxandan sonra nə edəcəyini bilmir, evdə özünə qapanır. Onlara məsləhət görürəm ki, evdə oturmasınlar, bu mərkəzlərə müraciət edib dövlətimizin yaratdığı şəraitdən yararlansınlar. Mərkəzdən bizi tez-tez gəzməyə aparırlar. Bir dəfə restorana aparmışdılar, birdən gördüm ki, səhnədə oxuyan müğənni mənim öz şagirdim Ayaz Qasımovdur. Ayaz oxuya-oxuya gəlib məni qucaqladı. İnanın, elə bil ömrüm uzandı, bütün dünyanı mənə verdilər”.
Ömrünü ədəbiyyata, sözün hikmətinə həsr edən Süriyə ananın gözlərindəki həsrət tamam başqa bir mənzərədən xəbər verir. O, köks ötürərək ən böyük arzusunu bölüşür: “Bütün bu gözəlliklərə görə minnnətdaram, amma mənim ürəyimdə bir arzunun da yeri var. Ən böyük arzum odur ki, günlərin bir günü məni doğma, azad Ağdamımda danışdırasınız. İstəyirəm növbəti müsahibəmi o müqəddəs torpaqda, doğma kəndimin havasını udaraq verim”.
Qarabağ şikəstəsindən qəmdən-dəmə uzanan 90 illik ömür
Söhbətimizin ən şirin, ən kövrək yerində gözümüz mərkəzin ruhu sayılan 90 yaşlı Xavər Nuriyevaya sataşır. Vaxtilə Ağdamın Abdal-Gülablı kəndində "Nənə qızlar" folklor ansamblını yaradan, yüzdən çox gənc qıza analıq edib onları səhnədən el-oba qaydası ilə ər evinə yola salan Xavər nənə mərkəzin ən əziz simasıdır. 1987-ci ildə Moskvadakı böyük səhnədə "Qarabağ toyu" kompozisiyasında Ana rolunda çıxış edib fəğanla "Qarabağ şikəstəsi" oxuyanda bütün zalı ayağa qaldıran, xüsusi medallarla mükafatlandırılan, əlində tarı ilə Moskvadan İsrailə qədər səhnələri fəth edən Xavər nənə indi səsini itirsə də, nikbinliyini itirməyib:
“Qızım, mənim ömrümdə dəmim də çox olub, qəmim də... Anamın vəfatının yeddinci günü idi, ansamblın müdiri gəlib xahiş etdi ki, səhnəyə çıxmalıyam. Gözüyaşlı çıxıb “Qarabağ şikəstəsi” oxudum. Allah o səsi mənə vermişdi ki, insanlara şadlıq bəxş edim, sonra da aldı. Verən də odur, alan da... Evdə oturanda kədər məni boğurdu, bura gələndə dərdlərimi unuduram. Gənclərə də məsləhətim odur ki, həyatda saf olsunlar, hər gördüklərinə su kimi axmasınlar, namusla, mərifətlə yaşasınlar”.
“Əvvəl biz onları bağçaya aparırdıq, indi onlar bizi”
Xavər nənənin bu nikbinliyi mərkəzdəki digər xanımlara da sirayət edir. Keçmiş tibb bacısı Sayalı Şükürova oğlunun onunla etdiyi şirin zarafatı gülərək xatırlayır: “Oğlum deyir ki, “mama, vaxtında sən bizi bağçaya aparırdın, indi mən səni aparıram”. İnanın, hər gün bura işə tələsən kimi həvəslə gəlirəm. İllərlə insanlara xidmət etmişəm, insan içində olmağa öyrəşmişəm. Təqaüdə çıxanda elə bilirdim hər şey bitdi. Amma bura gələndən sonra sanki ikinci gəncliyimi yaşayıram. Buradakı mühit, şirin dil, göstərilən diqqət insanı yenidən həyata bağlayır”.
“Burada özümə o qədər bacı tapmışam ki...”
Mərkəzin idman və yoqa sevdalısı, 52 il stajı olan Əmək veteranı Safura Qurbanova isə gənc qalmağın sirrini hərəkətdə görür. 17 ildir təqaüddə olmasına baxmayaraq, evdə oturmağı özünə rəva görməyib:
“Əmək veteranıyam, 52 il işləmişəm. Evdə oturanda insan özünə məşğuliyyət axtarır. Mən də idmana, yoqaya üz tutdum. İndi hər səhər saat 6-da durub tay-çiyə (Tai Chi) gedirəm. Elə bil anadan təzə doğuluram. Mərkəzdə də xanımlarla arada yoqa edirik. Bizim yaşda insan oturduqca daxili orqanları da, sümükləri də yatır, passivləşir. Hərəkət etmək lazımdır ki, orqanizm oyansın. Gənclərə də, yaşlılara da məsləhətim budur ki, yeyib oturmaq olmaz! Özüm üç qardaşın tək bacısı olmuşam. Amma bura gələndən sonra özümə o qədər bacı tapmışam ki. Səkkiz nəvəm, dörd nəticəm var. Çox şadam ki, bu gözəl xanımların arasındayam. Necə ki mən bu yaşa çatmışam, bütün cavanlara da ahıl olmağı, nəvə-nəticə sahibi olmağı arzulayıram”.
Tənhalıqdan dostluğa...
Mərkəzdə xüsusi bir həyəcan başlayır. Analarımız bəzənib-düzənir, güzgü qarşısında yaylıqlarını səliqəyə salırlar. Beynəlxalq Ahıllar Gününü qeyd etmək üçün restorana yollanırlar. Bir vaxtlar dörd divar arasında tənhalığa qapanan bu nurani xanımlar indi əl-ələ verib öz bayramlarını qeyd etməyə tələsirlər. Onların bu uşaqca sevinclə avtobusa minməsini izlədikcə anlayırsan ki, bir xoş söz, bir ilıq təbəssüm insanın dünyasını dəyişə bilər.
Onlar bizim keçmişimiz, evlərimizin bərəkətidir. Sevginizi və diqqətinizi onlardan əsirgəməyin...
Aygün Əziz