• şənbə, 25 Iyul, 23:45
  • Baku Bakı 32°C

Pirallahı: Bakının kəşf edilməmiş turizm ünvanı

25.07.26 02:30 54
Pirallahı: Bakının kəşf edilməmiş turizm ünvanı

Pirallahı ilk baxışdan sakitliyi və təbii gözəlliyi ilə diqqət çəkir. Təmiz küçələr, sovet dövründən qalan səliqəli yaşayış binaları, yol kənarındakı hasarlar üzərindəki rəsmlər nostalji hislər yaradır. Dəniz sahilinə yaxınlaşdıqca adanın turizm üçün nə qədər əlverişli imkanlara malik olduğu hiss edilir. 

Dünyanın bir çox şəhərlərində dəniz və ya göllərdəki adalara gəmi, yaxud qayıq turları turistlər üçün ən populyar marşrutlardan sayılır. İstanbulda Şahzadə adaları, Torontoda Toronto adaları həm yerli sakinlərin, həm də xarici qonaqların ən çox üz tutduğu məkanlardandır. 

Xəzər dənizinin sahilində yerləşən Bakı yaxınlığında da adalar olsa da, onlar turizm marşrutlarına daxil edilmir və əlçatan deyil. Xəzərin ən böyük adası olan Pirallahıya səfərim zamanı “Bakı ətrafındakı adalar niyə turizm marşrutuna çevrilmir?” sualına cavab axtarmağa çalışdım.

İlk baxışdan sakitliyi və təbii gözəlliyi ilə diqqət çəkir

Pirallahı rayonu ilk baxışdan sakitliyi və təbii gözəlliyi ilə diqqət çəkir. Təmiz küçələr, sovet dövründən qalan səliqəli yaşayış binaları, yol kənarındakı hasarlar üzərində adanın tanıtımını əks etdirən rəsmlər adamda bir az nostalji hisslər də yaradır. Dəniz sahilinə yaxınlaşdıqca rayonun turizm üçün nə qədər əlverişli imkanlara malik olduğu hiss edilir. 

Pirallahı vaxtilə “Artyom adası” kimi tanınıb. Sonradan adanın tarixi adı özünə qaytarılıb. Mənbələrə görə, ada qədim ziyarət yeri olub. Bura Nobel qardaşlarının ilk dəniz quyusunda neft çıxardıqları vaxtlardan məşhurlaşıb. Bu gün də ada ölkəmizin neft tarixində xüsusi yer tutur. Adanın zəngin təbii sərvəti, insan yaşayışı üçün lazımi iqlim şəraiti imkan verib ki, ərazidə yeni obyektlərin tikintisi aparılsın, yeni qəsəbə salınsın. Vaxtilə ölkənin neft sənayesinin inkişafında mühüm rol oynamış ərazi bu gün də həmin dövrün izlərini qoruyub saxlayır. Hazırda da dənizdə gecə-gündüz çalışan buruqlar fəaliyyətdədir. 
Əvvəllər materikdən ayrı olan rayonu Abşeron yarımadası ilə birləşdirən yol və “Damba” adlanan körpü-bənd indi adaya gediş-gəlişi asanlaşdırmağa xidmət edir. 

Hazırda adada 20 min əhali yaşayır. Ada sakinləri arasında ruslar da var. Onlar yerli əhaliyə qaynayıb-qarışıblar. Sakinlər deyirlər ki, burada hamı bir-birinə doğmalaşıb, tanıdı-tanımadı bir-biriləri ilə salamlaşır, xeyir-şərdə yaxından iştirak edir, bir-birilərini tək qoymurlar. 

Potensialla imkan arasındakı fərq

Pirallahının sahil xətti turizm üçün böyük potensiala malikdir. Dəniz mənzərəsi, sakit mühit və Bakıdan yaxın məsafədə yerləşməsi onu istirahət məkanı kimi cəlbedici edir. Ada təbiət baxımından da maraqlıdır. Xəzərin sahil ekosistemi, qumlu sahələr və dəniz mənzərələri ekoturizm üçün imkan yaradır. Əsas problem bu potensialla təbliğat arasındakı fərqdir. Adada turizm üçün dəniz, tarix və coğrafi üstünlüklər olsa da, hotel, keyfiyyətli iaşə obyektləri, əyləncə məkanları və güclü tanıtım imkanları hələ kifayət qədər inkişaf etməyib. 

Adanın tarixi neft obyektləri və sənaye irsi xüsusi turizm marşrutlarının yaradılması üçün maraqlı imkanlar təqdim edir. Turizmçilər də bildirirlər ki, adanın neftlə bağlı sənaye irsi turizm üçün maraqlı istiqamət ola bilər. Məsələn, köhnə neft qurğuları və sənaye tarixini əks etdirən məkanlar tematik turlar üçün istifadə edilə bilər. Təəssüf ki, bu istiqamətdə sistemli işlər görülmür.

Turistlər üçün şərait yoxdur

Adada diqqət çəkən əsas problemlərdən biri turizm infrastrukturunun zəifliyidir. Barmaqla sayılası hostellər istisna olmaqla gecələmək istəyən turistlər üçün hotel və ya digər yerləşdirmə obyektləri yoxdur. Nəqliyyat imkanlarının məhdud olması da ziyarətçilərin sayına təsir göstərən amillərdəndir.

Sahil boyunca fəaliyyət göstərən iaşə obyektlərinin sayı çox azdır. Mövcud kafe və restoranlar isə turistlərin tələbatını tam ödəmir. Əyləncə, istirahət və dəniz turizmi ilə bağlı xidmətlərin olmaması da turist cəlbinə imkan vermir.
Pirallahıda doğulub böyüyən Emil Mustafayev qədim tarixə malik adanın özünəməxsus xüsusiyyətləri ilə unikal məkan olduğunu qeyd edir: “Pirallahı maraqlı yerdir. Buranın özünəməxsus adətləri var. Sadəcə, turizm üçün inkişaf etməyib”. E.Mustafayev nəqliyyatla bağlı problemin olduğunu bildirir: “Rayona avtobuslar işləsə də, adanın müəyyən ərazilərindən şəhərə getmək üçün Türkan qəsəbəsinə getməli, orada yenidən avtobus dəyişməlisən. Sakinlər məcbur qalıb taksi xidmətindən istifadə edirlər. Bu da təbii ki, baha başa gəlir. Taksi şirkətlərinə sifariş edəndə də bəzən bir saatdan çox gözləmək lazım gəlir. Adada taksi tapmaq çətindir”. E.Mustafayev bildirir ki, adada turistlərə xidmət edəcək kafelər də çatışmır: “Kafelər az və bahadır. Kafedə yemək yeməsən, çay üçün müraciət edə bilməzsən. Turistin cəlbi üçün infrastruktur olmalıdır”. 

Daxili turlar üçün reklamı yoxdur 

Daxili turizm meneceri Vasif Yadigarov hazırda Pirallahıya daxili turların olmadığını bildirir: “Təəssüf ki, adanın daxili turlar üçün reklamı yoxdur. Bəlkə reklam olunsa və araşdırılsa, potensial tapmaq olar. Bunun üçün adanın neft quyuları tərəfdə turistlər üçün muzey formasında bir obyekt yaratmaq lazımdır. Həmçinin turistlərin dəniz kənarı dincəlməkləri üçün yerlər, qidalanmaları üçün restoranlar olmalıdır”.

Turizmçi Aytac Nəzərova da hazırda Pirallahının turistik nöqtə kimi tanınmadığını bildirir: “Pirallahıya bəzi bələdçilər və ya turizmçilər gedir. Ada balıq tutmağa həvəsi olanlar üçün də maraqlı ola bilər. Amma hazırda Pirallahı turistik nöqtə deyil. Məsələn, mənim qonaqlarım indiyə qədər adaya maraq göstərməyiblər. Çünki nə adanın təbliğatı var, nə də turistlər üçün düz-əməlli şərait... Adanın turizmə açıq olması, tanıdılması istiqamətində çox iş görülməlidir”.

Görünən odur ki, iki əsrə yaxın neft tarixi olan adanın özəlliklərini nəinki xarici turistlərə, heç özümüzünkülərə də tanıda bilməmişik. 

Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər