Gələcəyin şəhərinə səyahət - BƏLƏDÇİ
Şanxayın iki üzü var: bir tərəfdə futuristik rudonq göydələnləri, digər tərəfdə isə sahil boyunca Avropa memarlığı... Bir neçə dəqiqəlik gəzinti ilə sanki iki fərqli əsrə keçirsiniz.
Pekindən Şanxaya səfərimiz yüksək sürətli qatarla başladı. 431 kilometr sürətlə yol alan qatar ölkənin qürur mənbəyi sayılır. Dörd saat yarımdan sonra Şanxayın müasir dəmiryol stansiyasına daxil olduq. Bu səfər yol boyu ölkənin əyalətləri, şəhərləri, unikal təbiəti ilə tanışlıq üçün əla imkan yaradır. Pekin-Şanxay qatarı təkcə iki böyük şəhəri birləşdirmir, həm də ölkənin texnoloji inkişafının və müasir nəqliyyat infrastrukturunun göstəricisi kimi heyranlıq yaradır.
Keçmiş balıqçı kəndi
Şanxay ənənəvi Çin mədəniyyətini müasir texnologiyalar və ultramodern memarlıq nümunələri ilə birləşdirən nadir şəhərlərdəndir. Bu şəhərə səfər edən hər kəs təkcə nəhəng bir meqapolislə tanış olmur, həm də gələcəyin şəhər həyatının necə formalaşdığını yaxından müşahidə etmək imkanı qazanır.
Təxminən 30 milyon əhalisi olan Şanxay Çinin ən böyük şəhərlərindən və dünyanın aparıcı maliyyə, elm, tədqiqat, mədəniyyət, texnologiya və turizm mərkəzlərindən biridir. Bu şəhərə qədəm qoyan kimi diqqəti ilk cəlb edən səmaya ucalan nəhəng göydələnlərdir. İlk ağıla gələn isə “Bu binaları görəsən necə tikiblər?” sualıdır. Sanki memarlar gələcəyin şəhərini əvvəlcə burada qurublar. Əslində, Şanxayın iki üzü var: bir tərəfdə futuristik rudonq göydələnləri, digər tərəfdə isə Bund (sahil) boyunca Avropa memarlığı... Bir neçə dəqiqəlik gəzinti ilə sanki iki fərqli əsrə keçirsiniz.
Bələdçimizdən öyrənirik ki, Şanxay dünyada ən çox göydələnlərə malik şəhərlər siyahısında altıncı yerdədir. Dünyada əhalisinə görə, beşinci ən böyük şəhərdir: “Əvvəlcə balıqçı kəndi və bazar şəhəri olan Şanxay 19-cu əsrdə daxili və xarici ticarət, əlverişli liman yeri sayəsində qlobal şöhrət qazanıb. Hazırda Şanxay Limanı dünyanın ən işlək konteyner limanıdır. Elə şəhərin adının “Dənizin üzərində” olması da Şanxayın liman kimi tarixini əks etdirir”, - deyə bələdçimiz məlumat verir.
Şanxayın siması ilk növbədə bizneslə assosiasiya olunur. Beynəlxalq koorporasiyaların qərargahları, maliyyə institutları, innovasiya mərkəzləri və iri ticarət kompleksləri bu şəhəri Asiyanın iqtisadi lokomotivlərindən birinə çevirib. İnsanlarla dolu küçələrdə, metro stansiyalarında və biznes mərkəzlərində hiss olunan dinamika şəhərin enerjisini əks etdirir.
Axşam saatlarında isə Şanxay tamamilə başqa rəng alır. Minlərlə işıqla bəzənən göydələnlər, rəngarəng reklam panelləri və müasir memarlıq nümunələri şəhəri nəhəng bir işıq kompozisiyasına çevirir. Bu mənzərə şəhərin bütün qonaqlarını özünə cəlb edir.
Ziddiyyətlər metropolu
Çin ənənəvi olaraq çay ölkəsi kimi tanınsa da, son illərdə Şanxay dünyada ən çox kafesi olan şəhərlərdən birinə çevrilib.
Şanxay Çinin biznes paytaxtıdır. 30 milyonluq əhalisi olan şəhərin əsas xüsusiyyəti mədəniyyətlərin, dillərin və adət-ənənələrin qarışığıdır. Burada Buddist məbədləri göydələnlərlə yan-yana dayanır, gələcəyin memarlığı ilə keçmişin həyətləri, qlobal maliyyə mərkəzləri ilə məhəllə çayxanaları bir-birinə mane olmadan yaşayır.
Qloballaşmanın həyəcanverici ruhu minilliklər boyu davam edən mədəniyyətlə qarışaraq Şanxayı ziddiyyətlər metropoluna çevirib.
Şanxayın xüsusən mərkəzi hissəsində böyük qlobal şirkətlərin ofislərinin yerləşdiyi futuristik şüşə göydələnlər cəmləşib. Onlardan biri Çinin ən hündür binası olan - 632 metr hündürlükdə Şanxay Qülləsidir. Binanın 125 mərtəbəsində təkcə ofislər deyil, həm də şəhərin heyrətamiz mənzərələri görünən beşulduzlu hotel yerləşir.
Bir vaxtlar Bakının Keşlə qəsəbəsində zarafatla “Şanxay evləri” adlandırılan tikililərlə müqayisə edəndə anlayırsan ki, bu şəhəri fərqləndirən sıxlıq deyil. Burada milyonlarla insanın eyni ritmdə yaşamasını mümkün edən nizam-intizamdır. Şanxay bahalı şəhər olduğundan yaşayış xərcləri Çinin bir çox digər şəhərlərinə nisbətən daha yüksəkdir.
Robotlar, süni intellekt və “ağıllı şəhər” həlləri
Şanxayda texnologiya yalnız gələcəyin ideyası deyil, artıq bu günün reallığıdır. Robotlar, süni intellekt və “ağıllı şəhər” həlləri milyonlarla insanın gündəlik həyatını daha rahat edir. Ticarət mərkəzlərində və restoranlarda ziyarətçilərə xidmət göstərən robotlar artıq adi mənzərəyə çevrilib. Bir çox müəssisədə sifarişlərin çatdırılması və müxtəlif xidmətlər avtomatlaşdırılmış sistemlər vasitəsilə həyata keçirilir. Şəhərin nəqliyyat sistemi də texnoloji yeniliklərin nümunəsidir. Şanxayın bəzi metro xətlərində maşinistsiz qatarlar hərəkət edir. Dünyanın ən sürətli kommersiya maqnit qatarlarından biri olan Şanxay Maglev qatarı burada fəaliyyət göstərir.
Turistlər üçün də Şanxayda səyahət etməyin ən asan yolu metrodur. 19 xətt demək olar ki, bütün şəhəri əhatə edir. Xarici turistlər metronu olduqca rahat hesab edirlər, çünki bütün stansiya adları və lövhələri ingilis dilindədir.
Ən çox ali təhsil müəssisəsinə malik şəhər
Şanxay həm də beynəlxalq tədqiqat və inkişaf mərkəzidir. Burada Çinin ən nüfuzlu ali məktəblərindən bir çoxu yerləşir. Şəhər hər il dünyanın müxtəlif ölkələrindən minlərlə tələbə qəbul edir. Bir çox proqramlar ingilis dilində tədris olunur. 2025-ci ilin məlumatına görə, Şanxay 68 universitet və kolleci ilə Şərqi Çin bölgəsində ən çox ali təhsil müəssisəsinə malik şəhər kimi birinci yerdədir.
Kulinariya müxtəlifliyi
Şanxay qonaqlarını kulinariya müxtəlifliyi ilə heyran edir. Burada ənənəvi Çin yeməkləri və ya onların qərbləşdirilmiş versiyalarını sınamaq olur. Amma hazır olun: kosmopolit atmosferə baxmayaraq, şəhərdə yemək üçün çubuqlara üstünlük verilir, çəngəl və bıçaqlar yalnız bir neçə restoranda təklif olunur.
Şanxay dünyanın ən sürətli şəhərlərindən biri sayılsa da, parklarda insanlar saatlarla mahjonq oynayır, rəqs edir, söhbətləşir. Dəbdəbəli göydələnin kölgəsində köhnə yaşayış binasının eyvanında quruyan paltarları görmək mümkündür. Şanxay köhnəni nə tarixindən, nə yaddaşından, nə də gündəlik həyatından silib.
Təranə Məhərrəmova
Bakı-Pekin-Şanxay