• cümə, 26 Iyun, 11:15
  • Baku Bakı 24°C

Keçmişlə gələcəyi birləşdirən şəhər

26.06.26 02:45 27
Keçmişlə gələcəyi birləşdirən şəhər

Mərkəzi Asiyanın ikinci ən böyük məscidi Həzrət Sultan, bölgənin “Harvard”ı olmağı hədəfləyən Nazarbayev Universiteti, sülh və tolerantlıq rəmzi olan Bayterik qülləsi, Xan Çadırı, “Qazax eli” abidəsi, İstiqlal Sarayı kimi görməli yerlərlə tanışlıq Asatana haqqında təəssüratları zənginləşdirir.

“Astana” qazax dilində “paytaxt” deməkdir. 29 il əvvəl Qazaxıstanın paytaxtı statusunu alandan sonra şəhər “Avrasiyaya qızıl qapı” ləqəbini də qazanıb. Əvvəllər ticarət yollarının kəsişməsində yerləşən kiçik yaşayış məntəqəsi sürətlə böyüyən şəhərə - xarici investisiyalar üçün əsas regional cəlbedici mərkəzlərdən birinə çevrilib. Dünyanın ən soyuq şəhərləri arasında ikinci yerdə olan paytaxt şəhəri indi mühüm siyasi, iqtisadi və idman tədbirlərinin mərkəzi kimi tanınır.

Özünə iddialı və xəyallar şəhəri

“Qızıl Orda”nın irsinə həsr olunan beynəlxalq simpoziumun keçirildiyi günlərdə mediaturun iştirakçısı kimi paytaxtla yaxından tanış olmaq fürsəti yarandı. Hava limanından hotelə qədər geniş küçələri, memarlığı ilə diqqət çəkən ən müasir binaları heyranlıqla izlədim. Sürücünün “Astana bu gün gələcəyin şəhəri, xəyallar şəhəridir. Hər gün inkişaf edir və çiçəklənir”,- fikirlərinə haqq qazandırdım. Ən heyrətamiz formalı göydələnlər, müasir parklar və meydanlar, gözəl fəvvarələr və abidələr paytaxtın küçələrini bəzəyir. 

Əlbəttə, Astana öz inkişafını Qazaxıstanın keçmiş dövlət başçısı Nursultan Nazarbayevə borcludur. Yol boyu şəhərin görkəminə baxıb “Astana özünə iddialı, lakin əldə edilə bilən bir məqsəd qoyub: dünyanın ən gözəl paytaxtlarından birinə çevrilmək. Şəhər buna nail olmaq üçün hər şeyi edir…” - deyə düşündüm.

Qədim köçərilərin unikal tapıntıları

Paytaxtda gələn qonaqları Qazaxıstanın tarixinə bələd olmaq üçün şəhərin simvolu sayılan yerlərlə tanış edirlər. Paytaxtın ən böyük, Mərkəzi Asiyanın isə ikinci böyük məscidi Həzrət Sultan məscidi, bölgənin “Harvard”ı olmağı hədəfləyən Nazarbayev Universiteti, sülh və tolerantlıq rəmzi olan Bayterik qülləsi, Akorda (Prezident) Sarayı, Xan Çadırı, “Qazax eli” abidəsi, İstiqlal Sarayı və s. görməli yerlərlə tanışlıq şəhər haqqında təəssüratları zənginləşdirir.

Paytaxtda yerləşən Milli Muzey isə təkcə eksponatlar toplusu deyil, həm də Qazaxıstan tarixini öyrənmək və xalqının ruhunu yaşamaq istəyən hər kəs üçün mədəniyyət, elm və ilham mərkəzidir. 

Milli Muzeyin tarixi 10 ildən çoxdur. Bu gün muzeyin kolleksiyasında ölkənin tarixini, mədəniyyətini və incəsənətini əks etdirən 200 mindən çox eksponat var. Bələdçinin dediyinə görə, muzeyi il ərzində 10 mindən çox insan ziyarət edir: “Yay aylarında hər gün muzeyə 2 min insan gəlir. Qış vaxtı soyuq olduğundan ziyarətçilər seyrəlirlər”. 

Muzeyin 16 daimi zalında Böyük Çöl sivilizasiyasını formalaşdıran görkəmli tarixi şəxsiyyətlərin, mütəfəkkirlərin və hökmdarların irsi nümayiş etdirilir. Qədim və orta əsrlər tarixi zallarında alətlər, keramika, tunc və dəmir dövrlərinə aid arxeoloji tapıntılar və orta əsrlər Qazaxıstana aid artefaktlar nümayiş olunur. Qızıl zallarda qədim köçərilərin unikal tapıntıları, o cümlədən İssık kurqanından tapılan “Qızıl Adam”, etnoqrafiya zalında isə ənənəvi qazax geyimləri, zərgərlik əşyaları, yurt və məişət əşyaları nümayiş olunur. Müstəqil Qazaxıstan və Astana ilə bağlı sərgilər xüsusilə maraqlıdır: burada ölkənin və onun gənc paytaxtının inkişaf tarixi fotoşəkillər, maketlər, arxiv sənədləri və multimedia panelləri vasitəsilə açıqlanır. 
Türk dünyasının orta əsr tarixinə və mənəvi irsinə həsr olunmuş eksponatlar sırasında yazılı Qazax ədəbiyyatının banisi və mütəfəkkiri Abay Kunanbayevin təhsildəki və milli kimliyin formalaşmasındakı rolunu əks etdirən eksponatlar, əlyazmalar və sənədlər nümayiş olunur.

Qızıl Zalda Qızıl Orda və Qazax xanlığı dövrünə aid artefaktlar maraq doğurur. Sərgilər elmə və dövlətçiliyə əvəzsiz töhfələr vermiş Əl-Fərabi, Ablay xanın və Şokan Valixanovun adları ilə bağlıdır.

“Gələcəyin şəhəri”

Astanada köçəri mədəniyyəti gələcəyin memarlıq üslubunda tikilmiş binalar və innovativ texnologiyalarla bir arada inkişaf edir. 2026-cı il Qazaxıstanda “Rəqəmsallaşdırma və Süni İntellekt İli” elan edib. Bu baxımdan Astanada Gələcəyin Mərkəzi: alem.ai qazaxıstanlılar üçün Süni İntellekt Muzeyinin qapılarını açıb. Bu, adi muzey yox, daha çox texnologiya və Sİ təcrübə mərkəzi kimidir. 

Süni intellektlə söhbət

Birinci mərtəbə hər kəs üçün açıq məkandır. Ziyarətçilər dombra və şahmat oynayan robotları görə, rəqəmsal muzeyi araşdıra və hətta süni intellektlə qarşılıqlı əlaqədə ola bilərlər. Bu, ziyarətçilərin süni intellektlə sözün əsl mənasında “söhbət etdiyi” bir muzeydir. Virtual bələdçi Ayla təkcə sualları cavablandırmır, həm də ziyarətçiləri dəhlizlərdə istiqamətləndirir və əsas qurğuları göstərir. 

Əsas sərgi süni intellektin gələcəyinə və cəmiyyətə təsirinə həsr olunmuş süni intellekt (Sİ) interaktiv sərgisidir. Burada ilk hesablama cihazlarından müasir sistemlərə qədər texnologiyanın tarixi nümayiş etdirilir. Ziyarətçilər Apple II və IBM inkişafları da daxil olmaqla əfsanəvi kompüterləri görə və süni intellektin inkişafındakı əsas mərhələlər haqqında məlumat əldə edə bilərlər. Ayrı-ayrı zonalar süni intellektin artıq gündəlik həyata necə təsir etdiyini nümayiş etdirir və interaktiv qurğular ziyarətçilərə alqoritmlərin insan emosiyalarını necə təhlil etdiyini real vaxt rejimində görməyə imkan verir: sistem üz ifadələrini oxuyur və sakitlikdən sevincə qədər əhval-ruhiyyəni müəyyən edir. 

Yuxarıdakı mərtəbələrdə təhsil və tədqiqat ekosistemi yerləşir. Xüsusilə, TUMO Astana yaradıcı texnologiya mərkəzi yeniyetmələrə proqramlaşdırma və robototexnika öyrədir. Bələdçi izah etdi ki, buradakı dərslər tamamilə pulsuzdur: “Biz uşaqların yalnız öyrənə bilmədiyi, həm də gələcəyin bacarıqlarını inkişaf etdirə biləcəyi bir mühit yaradırıq - proqramlaşdırmadan yaradıcı sənaye sahələrinə qədər…”

Mərkəz “gələcəyin şəhəri” adlandırılan genişmiqyaslı platformanı təqdim edir, təhsil və elmdən startaplara və rəqəmsal muzeyə qədər bir neçə sahəni birləşdirir. 

Təranə Məhərrəmova
Astana-Bakı

banner

Oxşar Xəbərlər