• şənbə, 10 Oktyabr, 05:58
  • Baku Bakı 20°C

Qala divarları ilə məşhurlaşan Toskana incisi

10.10.26 03:16 45
Qala divarları ilə məşhurlaşan Toskana incisi

Lukka turistlərdə müsbət təəssüratlar yaşatmaqda Piza və Florensiyanı da geridə qoyur. Şəhər sakit küçələri, tarixi binaları, meydanları və zəngin İtaliya mədəniyyəti ilə diqqəti çəkir.

Lukka - İtaliyanın şimalında, Toskana bölgəsində yerləşən qədim və tarixi bir şəhərdir. İntibah dövrünə aid tarixi mərkəzi və tam qorunub saxlanılmış qala divarları ilə məşhurdur. Yol ayrıcında yerləşdiyindən orta əsrlərdə qlobal ticarətdə mühüm rol oynayıb. Vaxtilə romalılar ələ keçirdikləri bu şəhərdə ən böyük hərbi düşərgələrindən birini qurublar. 

Hazırda Lukka qədim qala divarlarını qoruyan İtaliyanın dörd unikal şəhərindən biridir. 16-cı əsrə aid divarlar dağılmayıb və indi onların üzəri piyadalar üçün yaşıl parka və gəzinti yoluna çevrilib. 

Dəmiryolu stansiyasından çıxan kimi qala divarları 

Pizadan Lukkaya qatarla çatdım. Səyahət yarım saatdan az vaxt apardı. Ümumilikdə, şəhərin yeri tipik Toskana turizm marşrutları üçün çox əlverişlidir. Florensiyadan saatyarımlıq məsafədədir. 

Dəmiryolu stansiyasından çıxan kimi qala divarları ilə üz-üzə qalırsan. Ətrafdakı çoxsaylı miqrantlardan və “bomj”lardan ehtiyatlana-ehtiyatlana irəli getdikcə məlum olur ki, bu qədim divarların arxasında şəhərə dar bir keçid gizlənib. Uzaqdan divar boyunca qaçışan atletlər gözə dəyir. Bu, onlar üçün yaxşı bir məsafədir: divar üzərində dörd kilometrdən çox məsafə qət edirlər. Lukka divarları boyunca velosiped gəzintisi də unikal təcrübə sayılır. 

Bəzi səyahətçilər deyirlər ki, Lukka turistlərdə müsbət təəssüratlar yaşatmaqda Piza və Florensiyanı da geridə qoyur. Bunu sözlə rəsmiləşdirmək çətin olsa da, həqiqətən Lukka şəhəri elə ilk baxışdan çox maraqlıdır, atmosferi demək olar ki, kurort kimidir. Şəhər sakit küçələri, tarixi binaları, meydanları və zəngin İtaliya mədəniyyəti ilə diqqəti çəkir. Buna görə də bu şəhəri “Toskananın incisi” adlandırırlar. 

Massaçukoli gölünün sahilində opera kefi

Lukka məşhur italyan bəstəkarı Cakomo Puççininin doğulduğu şəhər olmaqdan qürur duyur. “Toskana atmosferi bəstəkarın şah əsərlərində hiss olunur” - deyə musiqişünaslar, opera həvəskarları vurğulayırlar. Dünyaya “Toska”, “Bohema”, “Madam Butterfly”, “Turandot” kimi məşhur operalar bəxş edən əfsanəvi bəstəkarın evi də şəhərdə muzey kimi qorunur. Muzeydə maestronun həyatı və yaradıcılığı haqqında məlumat verən şəxsi əşyalar, əlyazmaları, məktublar və teatr geyimləri nümayiş olunur.

Elə o vaxtlardan musiqi Lukkanın mədəni həyatında xüsusi yer tutur. Bəzi kiçik kilsələrdə demək olar ki, hər axşam Puççini operalarından ariyalar və əsərlərindən parçalar ifa olunur. Yayda bu şəhərdə keçirilən Puççini festivalına dünyanın hər yerindən opera biliciləri gəlir. Massaçukoli gölünün sahilində keçirilən festivalda qonaqlar maestronun musiqilərini ay işığında heyranlıqla dinləyirlər.

Lukka həm də digər italyan musiqi dahisi Luici Bokkerininin doğulduğu yerdir. 

Qüllələr şəhəri kimi də tanınır 

Lukka çoxsaylı tarixi binalar və kafedrallarla bəzədilmiş Qüllələr şəhəri kimi də tanınır. Demək olar ki, bütün məhəllələrdə qarşına qüllələr çıxır. Şəhərin ən məşhur yerlərindən biri Napoleon Bonapartın bacısı Elisanın bir vaxtlar əri ilə yaşadığı sarayın adını daşıyan “Piazza Napoleone” meydanıdır. Bu meydanda İtaliyanın milli qəhrəmanı Cüzeppe Qaribaldinin nəhəng heykəli ucalır. Saray indi çoxsaylı qonaqlar üçün açıqdır. Ziyarətçilər  nadir qədim kitablar və əlyazmaların saxlanıldığı incəsənət qalereyasına və şəhər kitabxanasına baş çəkirlər. 

Şəhərin görməli yerlərini daha ətraflı araşdırmaq üçün şəhər turu sifariş edən turistlər də az deyil. Tur təxminən üç saat davam edir. Turistlər bu turdan ötrü təxminən 180 avro ödəməli olurlar. 

Mən isə yerli həyatın ritmini hiss etmək üçün Lukkanın dar küçələri ilə bələdçisiz irəliləməyi qərara alıram. Rəngarəng evlər, kiçik kafelər və antikvar mağazalarla əhatə olunmuş daş döşənmiş yollar qədim şəhərin mahiyyətini mükəmməl şəkildə əks etdirir. Şəhəri gəzib yorulan turistlər qala divarları boyu və dar küçələrdə düzülən xudmani kafelərdə bir fincan qəhvə ilə dincəlir və ya orijinal italyan gelatosundan zövq alırlar.

Antikvar dükanlarından birində ahıl satıcı bildirdi ki, Lukka İtaliyanın ən yaxşı antikvar bazarlarından birinə sahibdir: “Hər üçüncü həftəsonu şəhərin bütün mərkəzi meydanlarında gümüş bəzək əşyaları, zərgərlik məmulatları, antik xalçalar, mebel və kitablar satışa çıxarılır. İnsanlar var ki, səyahətlərini məhz həmin günlərə salırlar”.

“Lukka hər mənada çiçək açır...”

Lukkanın yerli mətbəxi də rəngarəngdir. Qədim bir ailə kafesində, yaşı 70-75 olan ər-arvad məni mehribanlıqla qarşılayıb “Lukka şorbası” təklif edirlər: “İnanın, bu şorbaya İtaliyanın heç bir bölgəsində rast gəlməyəcəksiniz. Yerli zeytun və şərabın da dadından doymayacaqsınız”. Kafe sahibləri şəhərlərində ilk dəfə qonaq olduğumu eşidib həvəslə məlumat verirlər: “Lukka əsrarəngiz yerdir. Burada hər fəslin öz festivalı var. Musiqi, sənət festivalından başqa burada kənd təsərrüfatı məhsullarına həsr olunan - üzüm, zeytun festivalları keçirilir. Lukkanın ətraf kəndləri giləmeyvə yığımı, xalq musiqisi, rəqslər və yerli yeməklərin və təzə şərabların dadılması festivallarını da xüsusi qeyd edir. Bu bayram çox yaddaqalan olur. Yerli sakinlər ənənəvi geyimlərdə bayramı xüsusilə canlı və rəngarəng edirlər. Gələn qonaqlar Lukkanın bu dövrünü çox sevirlər. Hələ siz burada yazın gəlişini görəsiniz: Həmin vaxt Lukka hər mənada çiçək açır...”

Həqiqətən Lukka həm kulinariya həvəskarları, həm də maraqlı dekorativ əşyalar, dəri məmulatları və s. axtaranlar üçün unikal yerdir. 

Ənənəvi İtalyan qonaqpərvərliyi isə Lukkada xüsusilə güclüdür. Yolunuzu azsanız, yerli sakinlər sizi nəinki düzgün istiqamətə yönəldəcək, hətta bəzən ora aparacaqlar. Burada yerlilər tanımadıqları turistləri sanki illərdir tanıyırlarmış kimi qarşılayır, “Tornate presto!” - “Tezliklə yenə gəlin!” deyərək yola salırlar. 

Təranə Məhərrəmova
Piza-Lukka

 

banner

Oxşar Xəbərlər