• bazar, 22 Noyabr, 00:37
  • Baku Bakı 12°C

Qalstuk və Milad möcüzəsi ilə tanınan şəhər  - BƏLƏDÇİ

21.11.26 02:10 77
Qalstuk və Milad möcüzəsi ilə tanınan şəhər  - BƏLƏDÇİ

Zaqreb Xorvatiyanın özünəməxsus atmosferi ilə fərqlənən ən böyük şəhəridir. Paytaxt şəhəri təkcə ölkənin siyasi və iqtisadi ürəyi deyil, həm də ən vacib mədəniyyət mərkəzi hesab edilir.

Bakıdan Slovakiyaya birbaşa hava reysinin açılması Xorvatiya kimi ətraf ölkələrə də səyahəti asanlaşdırıb. 
Xorvatiyanın paytaxtı Zaqrebə çatmağın müxtəlif yolları var, çünki şəhər region üçün vacib nəqliyyat mərkəzidir. Xarici turistlər üçün ən sürətli və ən populyar seçim hava yoludur, lakin geniş dəmir yolu və avtomobil şəbəkəsi də rahat marşrutlar təklif edir. Vyana-Slovakiya-Zaqreb marşrutu ən əlverişli marşrutlardandır. 

Özünəməxsus atmosferi ilə fərqlənən şəhər 

Zaqreb - Xorvatiyanın özünəməxsus atmosferi ilə fərqlənən ən böyük şəhəridir. Paytaxt şəhəri təkcə ölkənin siyasi və iqtisadi ürəyi deyil, həm də ən vacib mədəniyyət mərkəzi hesab edilir. Tarixi memarlığı, tramvaylarla dolu küçələri, kiçik kafeləri, yaşıllıq zonaları və canlı şəhər həyatı ilə küçələrindəki çoxsaylı turistlərdən hiss olunur ki, Xorvatiyanın paytaxtı həm turistlərin, həm də yeni səyahət axtarışında olan əcnəbilərin diqqətini cəlb edir. Görməli yerləri və zəngin tarixindən başqa, Zaqrebdə onu səyahətçilər üçün daha cəlbedici edən maraqlı detallar və unikal ənənələr gizlənir. 

Zaqreb Bələdçilər Assosiasiyasının prezidenti Tin Hrastnik şəhərlə tanışlıq üçün bizə bələdçilik edərək deyir ki, turizm ölkənin əsas gəlir mənbəyidir. Lakin Zaqrebin turizm profili Dubrovnik və Split kimi dənizkənarı kurortlardan fərqlənir. Zaqrebin üstünlüklərindən biri odur ki, mövsümi asılılıq sahil şəhərlərinə nisbətən daha aşağıdır. 

Zaqreb Milad turizmi ilə Avropada kifayət qədər məşhur şəhərdir. Xüsusən yeni il ərəfəsində turistlər bu şəhəri seçir. Şəhərin turizm həyatında mühüm yer tutan “Advent Zagreb” tədbiri hər il noyabrın sonundan yanvarın əvvəlinədək keçirilir. Artıq şəhərin küçələrində bayram hazırlıqları başlanıb. Bu müddətdə şəhərin mərkəzi meydanları, parkları və küçələri bayram ab-havasına bürünür. Milad yarmarkaları, əl işləri və suvenirlərin satışı, yerli mətbəxin təqdimatı, konsertlər, açıq hava əyləncələri və buz meydançaları turistlər üçün xüsusi proqram yaradır. “Zaqrebin Milad turizmi üzrə tanınması təsadüfi deyil. 2016–2018-ci illərdə “European Best Destinations” təşkilatının keçirdiyi səsvermədə ardıcıl üç dəfə Avropanın ən yaxşı Milad yarmarkası keçirən şəhəri seçilib. Bu uğur şəhərin turizm imicinin formalaşmasına ciddi töhfə verib. Turist axınının artması hotellərin, restoranların, kafelərin, nəqliyyat və ticarət obyektlərinin fəaliyyətinə müsbət təsir göstərir. Eyni zamanda, bayram mövsümündə xidmət sektorunda əlavə iş yerləri yaranır”, - deyə bələdçimiz məlumat verir.

Xorvatiya deyəndə ilk ağıla gələn Luka Modriç olur 

Futbolsevərlər üçün Xorvatiya deyəndə ilk ağıla gələn Luka Modriç olur. Xorvatiya millisinin və İspaniyanın “Real” klubunun əfsanəvi oyunçusuna ölkədə az qala büt kimi baxırlar. Zaqreb onun doğulduğu şəhər olmasa da, yerli “Dinamo”da oynadığı şəhərdir. Şəhərin bütün suvenir dükanlarında futbolçunun 10 nömrəli futbol köynəyi və suvenirləri satılır. Küçələrin divarlarından, restoran və kafelərdən onun şarjları boylanır. Modriç ölkəsini dünyada kifayət qədər tanıda və sevdirə bilib. Buna görə də xorvatlar ona çox minnətdardır.

Miqrantlar gözə dəymir

Xorvatiya xarici vətəndaşları iş, təhsil və digər qanuni əsaslarla qəbul edir. Ölkədə qanunsuz miqrasiyaya və yaşayış qaydalarının pozulmasına qarşı ciddi nəzarət mövcuddur. Zaqreb Avropanın miqrantların rast gəlinmədiyi azsaylı şəhərlərindəndir. Ölkə miqrantlara qarşı münasibətində sərt siyasət yürüdür. “Qanunsuz gələn miqrantları dərhal deport edirlər”, - deyə bələdçimiz bildirir. Digər tərəfdən, Xorvatiya xarici işçilərə ehtiyac duyur. 2026-cı il mayın 16-da Xorvatiya parlamenti əcnəbilərin ölkədə yaşaması və işləməsi ilə bağlı qanunvericiliyə dəyişikliklər qəbul edib. Yeni qaydalara əsasən, xarici işçilər yaşayış və iş icazəsini uzatmaq üçün bir il ərzində xorvat dilinin A1.1 səviyyəsində imtahandan keçməlidirlər. 
Zaqrebdə gəzərkən ölkənin çox da zəngin olmaması hiss olunur.  Tarixi binalarla, modern tikililərlə yanaşı bəzi küçələr postsovet dövrünü xatırladır. Burada yaşamağın əsas problemləri mənzil kirayəsi və gündəlik xərclərdir. Öz mənzili olan ailələrlə kirayədə yaşayanların maddi imkanları arasında ciddi fərq var.

Yerli sakinlərin gündəlik həyatında ictimai nəqliyyatdan istifadə, supermarketlərdən alış-veriş, parklarda istirahət və ailəvi vaxt keçirmək mühüm yer tutur. Şəhərdə sosial infrastruktur və xidmətlər genişdir. Maaşlar Xorvatiyanın digər bölgələri ilə müqayisədə yüksək olsa da, xüsusilə kirayədə yaşayanlar üçün büdcəni düzgün planlaşdırmaq vacibdir. “Orta əməkhaqqı 1500-1700 avro arasında dəyişir. Lakin orta aylıq maaş hər kəsin bu məbləği alması demək deyil. Peşə və ixtisasdan asılı olaraq gəlirlər ciddi fərqlənir. Gənclərin çoxu iş dalınca Almaniya, İrlandiyaya gedirlər”. 

Qalstuk, funikulyor, top səsi, lampalar...

Bu gün dünyanın ən məşhur aksessuarlarından biri hesab edilən qalstukun tarixi Xorvatiya ilə bağlıdır. Küçələrdə ayrıca qalstuk satan mağazalar çoxdur. 18 oktyabr ölkədə Qalstuk Günü kimi qeyd olunur. Bu ənənə qalstukun Xorvatiyanın mədəni irsindəki yerini göstərir. 

Aşağı və Yuxarı şəhərləri birləşdirən “Zaqreb Funikulyoru” dünyanın ən qısa ictimai funikulyorlarından biridir. Onun səyahət uzunluğu cəmi 66 metrdir və səyahət təxminən 64 saniyə çəkir. Yuxarı hissədən şəhərin möhtəşəm görünüşünü seyr etmək mümkündür.

Zaqreb hələ də orijinal lampa yandıranlarla qarşılaşa biləcəyiniz azsaylı Avropa şəhərlərindən biridir. Hər axşam Yuxarı Şəhərdə antik qaz fənərlərini əl ilə yandırırlar və küçələri keçmişin sehrli atmosferinə qərq edirlər.

Daha bir maraqlı məqam hər gün günorta saatlarında Lotrscak Qülləsindən top səsinin eşidilməsidir. Əsrlər boyu davam edən bu ənənə şəhərin qəhrəmanlıq keçmişini xatırlamaqla yanaşı, həm də yerli sakinlər üçün zaman siqnalı rolunu oynayır.

Təranə Məhərrəmova
Zaqreb-Bakı

 

banner

Oxşar Xəbərlər