• cümə axşamı, 26 dekabr, 14:26
  • Baku Bakı 10°C

Sistem adamı 

20.07.24 01:58 5323
Sistem adamı 

İspaniya millisi Avropa çempionatları tarixinə bütün oyunlarda qalib gəlib çempion olan ilk yığma kimi düşdü. “Qırmızılar”ın uğurundan danışılarkən daha çox baş məşqçi Luis de la Fuentenin adı çəkilir. 

AVRO-2024 yaddaşlara son illərin ümumi tendensiyasından fərqli olaraq baxımlı futbolun qələbəsi kimi düşəcək. İspaniya millisi bütün əsas favoritlərə meydan oxuyaraq tarixində dördüncü dəfə “köhnə qitə”nin ən güclüsü adını qazandı. “Qırmızılar”ın uğurundan danışılarkən daha çox “sistem komandası” ifadəsi işlədilir. Bu da onunla bağlıdır ki, baş məşqçi Luis de la Fuentenin əlində ənənəvi İspaniyadan fərqli olaraq, çoxlu super-ulduzlar yox idi. O, bunu gənclər və hətta ortabab oyunçularla əldə etdi.

İkinci dərəcəli favorit

Avropa çempionatının bizə göstərdiyi əsas iki məqamı vurğulamaq olar. Bunlardan biri böyük turnirlərdə uğur qazanmaq üçün praqmatik futbol oynamaq məcburiliyinin olmamasıdır. Son Avropa və dünya çempionatlarında daha çox müdafiəsinin etibarlılığı ilə seçilən kollektivlər nəticə əldə edə bilirdilər. İkinci məqam meydanda adların və ya futbolçuların dəyərlərinin rol oynamamasıdır. Əks halda, bu yazı İspaniyaya deyil, İngiltərə və ya Fransaya həsr olunmalı idi. Ulduz oyunçular toplusu olan adıçəkilən komandalar demək olar ki, heç bir oyunda əsas favorit adının çəkisini ortaya qoya bilmədilər. Əvəzində bu turnirdə Avstriya, İsveçrə, Slovakiya, Sloveniya kimi daha cəsarətli oynayan kollektivlər ön plana çıxdılar. Və təbii ki, İspaniya. Mütəxəssislər ispanları ən yaxşı halda ikinci dərəcəli favorit kimi dəyərləndirirdilər.

Hətta “qırmızılar”ın “ölüm qrupu”nda işinin çətin olacağı gözlənilirdi. Xorvatiyaya qarşı açılış oyununda qazanılan 3:0 hesablı qələbəyə baxmayaraq, komandanın topa sahib olma göstəricisində rəqibdən geri qalması ispanlar üçün ənənəvi deyildi və komandanın gələcək potensialına şübhələr yaradırdı. Lakin sonradan məlum oldu ki, De La Fuente məhz resurslara uyğun tərz seçib və bu, ən doğru addımdır.
Qrup mərhələsində İtaliya üzərindəki qələbə komandanı lider etdi. Lakin İspaniya “ölüm qrupu”ndan çıxıb sanki “ölüm yolu”na düşdü. Komandanı finala qədər çox ağır rəqiblər gözləyirdi. Əvvəlcə Gürcüstan üzərində asan qələbə qazanıldı. ¼ finalda rəqib baxımlı futbol göstərən Almaniya idi. Ev sahibi ilə dramatik qarşılaşmada əlavə vaxtda qalib gəlmək mümkün oldu. Son dünya çempionatının finalçısı Fransanı da daha yaxşı oyunla üstələyən “qırmızılar” finalda turnirdən öncə çempionluğa əsas namizəd hesab olunan İngiltərəyə rəqib oldu. Burada da ispanlar oyun baxımından daha üstün idilər və layiqli qələbə qazandılar. İspaniya millisi Avropa çempionatları tarixinə bütün oyunlarda qalib gəlib çempion olan ilk yığma kimi düşdü.

Sistem işi

Heyəti heç də ən nəhəng görünməyən İspaniyanın uğurunda baş məşqçinin işi qabardılmağa layiqdir. Luis de la Fuente əlindəki resurslardan maksimum yararlanmağı bacardı. Hətta ortaya çıxan gözlənilməz problemdən belə maksimum istifadə edildi. Almaniya ilə qarşılaşmada Pedrinin zədələnməsi bəlkə də oyunun gedişində azarkeşlərin növbəti mərhələ ümidlərini azaltmışdı. Amma La Fuente böhran anında ən doğru qərarı verdi. Pedrini Dani Olmo əvəzlədi ki, o da qol və qol ötürməsilə qələbənin memarlarından oldu.
De la Fuentenin məşqçilik karyerasına nəzər yetirdikdə onun daha çox gənclərlə işlədiyi müşahidə olunur. Mütəxəssis “Sevilya” və “Atletik”in gənc komandalarında fəaliyyət göstərib. Daha sonra Bilbao klubunun əsas komandasında çalışıb. Ardınca o, İspaniya yığma komandaları sisteminə daxil olub. Burada pillə-pillə yüksələn mütəxəssis, nəhayət, ən yüksək zirvəyə çatıb. Bu, milli komandalarda sistemli işin nə qədər əhəmiyyətli olduğunun göstəricisidir.

Onun əllərində böyüyən uşaqlar

Mütəxəssisin milli komanda sisteminə daxil olması 2013-cü ildə ölkənin U-19 yığmasına baş məşqçi təyin edilməsi ilə başlayıb. Beş il sonra De la Fuente U-21, üç il sonra U-23, nəhayət, 2022-ci ildə əsas yığmaya baş məşqçi təyin edilib. 10 ildən artıq müddətdir “qırmızılar”ın sistemində olan 63 yaşlı mütəxəssis hər kateqoriyada nəticə verməyi bacarıb. O, U-19 və U-21 millilərini Avropa çempionu edib. Əsas yığma ilə isə Avropanın ən güclüsü olana qədər Millətlər Liqasını qazanıb. Bununla da Luis de la Fuente U-19, U-21 və əsas komandalarda Avropa çempionu olan və Millətlər Liqasında zəfər qazanan ilk baş məşqçi kimi tarixə düşdü.

Maraqlıdır ki, bu yay İspaniya millisi ilə çempionluq sevinci yaşayan qapıçı Unay Simon və yarımmüdafiəçi Mikel Merino qeyd olunan turnirlərin hər birində Fuentenin rəhbərliyi altında çıxış ediblər. U-21 Avropa çempionluğu qazanan heyətdən Fabian Ruis, Dani Olmo və finalda qələbə qolunun müəllifi olan Mikel Oyarsabal əsas komandada da eyni uğuru təkrarlayıb. Rodri isə U-19 və A millidə bunu bacarıb.
İspaniya və Fuente misalı uzunmüddətli strategiyanın necə effekt verdiyinə dair çox böyük nümunədir. Bu, Azərbaycan kimi futbolda ardıcıllığa nail olmaq istəyən ölkə üçün yaxşı nümunədir.

banner

Oxşar Xəbərlər