• cümə axşamı, 28 mart, 16:41
  • Baku Bakı 16°C

“Sevilya” Mourinyonun seriyasını qırdı

03.06.23 05:30 2625
“Sevilya” Mourinyonun seriyasını qırdı

İki məğlubedilməzin dramatik döyüşü

Avropa Liqasının final oyunundakı qələbə nəticəsində İspaniya növbəti mövsüm Çempionlar Liqasında 5 komanda ilə təmsil olunacaq. La Liqada ilk 4 pillənin sahibi olan “Barselona”, “Real”, “Atletiko” və “Real Sosyedad”a “Sevilya” da qoşulub. 

Bir tərəfdə Avropa Liqasının rekordçusu – çıxdığı 6 finalın hamısında qələbə qazanan İspaniya “Sevilya”sı, bir tərəfdə də avrokuboklarda çıxdığı bütün finalları qazanan Joze Mourinyo və onun “Roma”sı. Azarkeşlər Avropa Liqasının Budapeştdəki “Puşkaş Arena”da keçirilən final qarşılaşmasında kimin qalib gələcəyini səbirsizliklə gözləyirdilər.

“Roma” tarixində ikinci dəfə Avroliqanın finalında oynayırdı. Sözügedən komanda 1991-ci ildə bu turnirin finalında İtaliyanın digər təmsilçisi “İnter”lə mübarizədən məğlub ayrılmışdı.

“Sevilya” isə indiyə qədər qatıldığı final görüşlərinin hamısında (2006, 2007, 2014, 2015, 2016, 2020) qalib gələn tərəf olmuşdu.

Bu qarşılaşmanın əsas vaxtında nə “Sevilya”, nə də Joze təslim oldu. “Roma” hesabda irəli çıxsa da üstünlüyünü qoruya bilmədi və qarşılaşmanın əsas və əlavə vaxtı heç-heçə başa çatdı – 1:1. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Sevilya” Mourinyonun seriyasını qırıb yenə Avroliqada ən güclü olmağı bacardı.

Bu qələbə nəticəsində İspaniya növbəti mövsüm Çempionlar Liqasında 5 komanda ilə təmsil olunacaq. La Liqada ilk 4 pillənin sahibi olan “Barselona”, “Real”, “Atletiko” və “Real Sosyedad”a “Sevilya” da qoşulub.

Avropa Liqasını qazanan ən yaşlı məşqçi

Finaldakı qələbədən sonra "Sevilya"nın baş məşqçisi Xose Luis Mendilibar Avropa Liqasını qazanan ən yaşlı məşqçi olub. Romalılara qarşı final oyunu günü Mendilibarın yaşı 62 il 78 gün olub. Bu isə rekord göstəricidir.

Əvvəlki rekordçu 60 yaş 139 günlə 2019-cu ildə "Çelsi" ilə Avropa Liqasının qalibi olan Mauritsio Sarri idi. Bu mükafatı Sarri Bakıda “Arsenal”a qarşı həlledici matçda qazanmışdı. Həmin görüş 4:1 hesabı ilə “Çelsi”nin xeyrinə başa çatmışdı.

“Bu qalibiyyət kluba müsbət təsir göstərə bilər”

“Sevilya"nın baş məşqçisi Xose Luis Mendilibar komandasının kifayət qədər çətin mövsüm keçirməsinə baxmayaraq, Avropa Liqasının qalibi olmasının sevindirici olduğunu bildirib: “Oyuna pis başladıq, rəqib də rahat idi. İkinci hissədə isə vəziyyəti dəyişdik və bu, asan olmadı. Biz yaxşı iş görmüşük. Bu qalibiyyət kluba müsbət təsir göstərə bilər. Qol buraxanda düşünürdüm ki, cavab qolunu vurmaq asan olmayacaq. Ancaq fasilədən sonra hesabı tez bərabərləşdirdik və bu, mübarizəni davam etdirməyə kömək etdi". Baş məşqçi deyib ki, məşqdəki penaltilərlə 60 min azarkeş qarşısında penaltilər seriyası eyni deyil: “Əvvəlki turlarda 11 metrlik cərimə zərbələrində məşq etmirdik. Penaltini yerinə yetirəcək futbolçulara güvənirdik. Montiel beşinci zərbəni vurmalı idi, lakin sonra dəyişdirildi. Sıra oyunçular tərəfindən müəyyən edilir".

Mourinyo yenə hakimlərdən şikayətlənib

"Roma"nın baş məşqçisi Joze Mourinyo isə hakimlərdən şikayətlənib: “Demişdim ki, ya buradan kubokla ayrılacağıq, ya da məhv olacağıq. Biz məhv olduq. Biz fiziki olaraq yorğunuq, ruhən yorğunuq, ölü kimiyik. Hesab edirik, bu, bir çox mübahisəli hadisəni özündə birləşdirən ədalətsiz  məğlubiyyətdir. İspan kimi görünən hakimin idarə etdiyi matç gərgin, cəsarətli və parlaq oyun oldu. Haqsızlıq onda özünü göstərir ki, Lamela ikinci sarı vərəqə almalı idi, lakin bu baş vermədi və o, penaltini qola çevirdi”.

Yayılan məlumata görə, oyundan sonra Mourinyo görüşün baş hakimi Entoni Teylorla (İngiltərə) mübahisə edib.

Başqa bir xəbərə görə, Joze Mourinyo mükafatlandırma mərasimində aldığı medalı tribunadakı azarkeşlərdən birinə atıb.

Dibala göz yaşlarını saxlaya bilməyib

“Roma"nın hücumçusu Paulo Dibala komandasının Avropa Liqasının finalında  "Sevilya"ya məğlubiyyətindən sonra göz yaşlarını saxlaya bilməyib.

Qeyd edək ki, Dibala 2022-ci ildə “Roma”ya keçib. Onun klubla müqaviləsi 2025-ci ilə qədərdir. Dibala bu mövsüm bütün turnirlərdə 37 oyuna çıxıb, 17 qol vurub və 8 qolun ötürməsini verib.

Kaspi.az

banner

Oxşar Xəbərlər