• bazar ertəsi, 23 dekabr, 16:13
  • Baku Bakı 9°C

Səudiyyə tarixinin sərgiləndiyi məkan - BƏLƏDÇİ

18.03.23 02:30 1827
Səudiyyə tarixinin sərgiləndiyi məkan - BƏLƏDÇİ

Paytaxt Ər-Riyadın tarixi mərkəzində yerləşən muzey təkcə sərgi məkanı deyil, həm də tarixi abidələrin toplanması, qeydiyyatı, bərpası və mühafizəsi ilə məşğul olan elmi mərkəzdir. Məkan konsepsiyasına görə də klassik muzeylərdən çox fərqlənir.

Səudiyyə Ərəbistanı Milli Muzeyi ölkənin əsas, ən maraqlı və zəngin muzeyidir. Kral Əbdüləzizin tarixi mərkəzinin mühüm bir hissəsidir. Paytaxt Ər-Riyadın tarixi mərkəzində yerləşən muzey binası Əl-Vadi Parkı və əl-Madi Parkı ilə əhatə olunub. Muzey binasının əsas fasadı Məkkəyə istiqamətlənmiş aypara formasındadır.

Milli Muzey Ər-Riyadın qədim Murabba rayonunun abadlaşdırılması planının bir hissəsinə çevrilib.  Səudiyyə Ərəbistanının 100 illik yubileyinə hazırlıq üçün yaradılan muzey binasını layihələndirmək və qurmaq üçün cəmi 26 ay vaxt verilib. Məşhur kanadalı memar Raymond Moriyama ölkənin əsas muzeyinin layihəsi üzərində işləyərkən Qızıl qum təpələrinin forma və rənglərindən ilhamlanaraq özünün ən gözəl əsərini yaradıb.

Hazırda ikimərtəbəli muzey binası təkcə sərgi məkanı deyil, həm də tarixi abidələrin toplanması, qeydiyyatı, bərpası və mühafizəsi ilə məşğul olan elmi mərkəzdir. Məkan konsepsiyasına görə də klassik muzeylərdən çox fərqlənir. Burada eksponatlar ayrı-ayrı əşyalar kimi deyil, vahid kompozisiyada nümayiş etdirilir. Muzey 1999-cu ildə yaradılıb. Tarixçilər “Yerdən Aya və tarixdən əvvəlki dövrlərdən müasir dövrlərə qədər səyahət etmək istəyirsənsə, bu muzeyi ziyarət et” deyirlər.

Krallığın tarixi ilə tanışlıq

Krallığın tarixinə bələd olmaq istəyənlər bu ölkədə səfərdə olarkən mütləq bu muzeyə baş çəkirlər.

Muzeyin dəhlizləri və qalereyaları ziyarətçiləri zaman və məkanı aşan macəraya aparır, bədii və tarixi sübutların şahidi olursan. Burada interaktiv nümayişlər vasitəsilə Ərəbistan yarımadasının coğrafiyası və geologiyası ilə tanış olmaq, flora və faunanın inkişafını izləmək mümkündür. Muzeydə ərəb və İslam incəsənətinin, eləcə də memarlığının maraqlı nümunələri var.

Səudiyyə Ərəbistanının Azərbaycandakı Səfirliyinin azərbaycanlı jurnalistlər üçün təşkil etdiyi media tur çərçivəsində krallığın milli muzeyinin unikal tarixi kolleksiyaları ilə yaxından tanış olmaq imkanı qazandıq.  

“İnsan və kainat”dan başlanan yol...

Milli Muzeyin kolleksiyası Səudiyyə Ərəbistanının daş dövründən bu günə qədər olan tarixini və həyatını əks etdirir. Sərginin əsas eksponatı Rub əl-Xali səhrasında tapılan meteorit parçasıdır. Ziyarətçilər arxeoloji tapıntılar, zərgərlik məmulatları, musiqi alətləri, geyimlər, silahlar, qablar və s. kolleksiyaları görürlər.

Muzeyin direktoru Ali al-Hammad ekspozisiyalar haqqında məlumat verərək bildirdi ki, eksponatlar tarixi ardıcıllıqla düzülmüş səkkiz sərgi salonu və ya qalereyada nümayiş etdirilir. Onların hər birinin öz memarlıq həlli var.

Birinci zalda “İnsan və Kainat” ekspozisiyası yerləşir. Burada vaxtilə Ərəbistan yarımadasında dolaşan heyvanlar, həmçinin mağara rəsmlərini və Nəcrandakı qayadan tapılmış qədim insanın əl izi nümayiş etdirilir.

“Peyğəmbərin missiyası” qalereyasında Məhəmməd Peyğəmbərin həyat və missiyasına ayrıca ekspozisiya həsr olunub. Bir divarda Peyğəmbərin ailəsini və qohumlarını təfərrüatı ilə izah edən böyük bir nəsil ağacı var. Beləliklə, ziyarətçilər Məhəmməd peyğəmbərin dövründə virtual olaraq Mədinəyə daşınır və ya Mədain Saleh ətrafında səyahət edirlər.

“İslamdan əvvəlki dövr – cahiliyyə” 

İslamdan əvvəlki dövrün dini və sosial modelləri ilə “İslamdan əvvəlki dövr – cahiliyyə” qalereyasında tanış olmaq mümkündür. Yazı və xəttatlığın təkamülü çoxlu misallarla nümayiş etdirilir və izah olunur.

“İslam və Ərəbistan yarımadası” qalereyası Peyğəmbərin Mədinəyə gəlişi ilə başlayan, Ərəbistan yarımadasının Osmanlı imperiyasının tərkibində olduğu dövrə qədər olan İslam dövrünü əhatə edir. Ekspozisiyada müsəlmanların müxtəlif sahələrdə - dulusçuluqdan tibb və astronomiyaya qədər nailiyyətlərini əks etdirən eksponatlar var. Burada daşa həkk olunmuş ərəb xəttatlığının nümunələrini də görmək olar. Qalereyada əhatə olunan dövrə Mədinədə İslam başlanğıcları və xilafətin yüksəliş və süqut tarixi də daxildir.

“Ərəb krallıqları” adlı zalda erkən krallıqlar təsvir edilir. Eramızdan əvvəl IV minillikdən eramızın IV əsrinə qədər olan dövrü əhatə edir. Bu dövrə aid eksponatlar Ərəbistan yarımadasında antik dövrdə, orta əsrlərdə və daha yaxın dövrlərdə mövcud olan sivilizasiyalardan söz açır. Eksponatlar Məhəmməd ibn Səud və Turki ibn Abdullah tərəfindən yaradılan ilk iki Səudiyyə dövlətinin tarixini və mədəniyyətini işıqlandırır. 
“Birləşmə zalı” Səudiyyə Ərəbistanının kralı Əbdüləzizə həsr olunub. Ziyarətçilər burada kralın tərcümeyi-halı və səltənət tarixi ilə tanış ola bilirlər.

“Həcc və İki Müqəddəs Məscid qalereyası”nın zallarının əsas eksponatı Məkkə və onun ətrafının böyük maketidir. Həcc mərasimləri, ərazidəki dövlətlərin bu ayinlərin qorunub saxlanmasında rolu, tarixi ziyarət yolları, Məkkə və Mədinənin inkişafı ekspozisiyada vurğulanır.

Dövrlərə şahidlik edən eksponatlar

Sərgidə əllə yazılmış Quran, əntiq əşyalar, qədim əlyazmalar, tarixlərə şahidlik etmiş digər eksponatlar xronoloji ardıcıllıqla təqdim olunur.
Muzeydə bütün məlumatlar səyahətçilərə ərəb dili ilə yanaşı ingilis dilində də təqdim olunur. Bundan əlavə, ziyarətçilər mini teatrlara və video təqdimatlara baxa bilirlər. Səudiyyə Ərəbistanının keçmişi haqqında məlumat əldə etmək üçün istifadə edilən sənədli filmlər və simulyasiyalar kimi multimedia təqdimatları böyük marağa səbəb olur.

Muzeyin direktoru bildirdi ki, burada milli bayramlarda müxtəlif tədbirlər keçirilir. Xüsusi sərgilər üçün daha iki qalereya fəaliyyət göstərir.
Xüsusi fotoqrafiya guşələrində muzeydə keçirilən tədbirlərlə tanış olmaq mümkündür. 

Təranə Məhərrəmova
Ər Riyad-Bakı 

banner

Oxşar Xəbərlər