Şahmatçılarımızın gümüşə aparan yolu

Batumidəki Avropa çempionatı Azərbaycan şahmatının həmişəki kimi qitənin ən güclü mərkəzlərindən biri olduğunu təsdiqlədi. Xüsusilə kişilərdən ibarət və kifayət qədər yenilənən komandamızın nəticəsi gələcəyə ümidlə baxmağa imkan verir.
Azərbaycan şahmatı uzun illərdir dünyanın və Avropanın ən güclü məktəblərindən biri kimi tanınır. Fərdi və komanda yarışlarında qazanılmış saysız uğurlar ölkəmizi şahmatın xəritəsində aparıcı mərkəzlərdən birinə çevirib. Dörd dəfə Avropa çempionu adını qazanan kişilərdən ibarət milli komandamız bu dəfə Gürcüstanın Batumi şəhərində keçirilən Avropa komanda çempionatında daha bir uğurlu nəticəyə imza atdı. Gərgin mübarizə şəraitində keçən yarışda Azərbaycan millisi qitənin ən güclü rəqibləri ilə qarşılaşdı və turniri ikinci pillədə başa vuraraq gümüş medala sahib çıxdı. Bu nəticə bir tərəfdən şahmatçılarımızın sabitliyinin və oyun mədəniyyətinin göstəricisidirsə, digər tərəfdən son turda əldən verilən çempionluq ümidlərinin yaratdığı müəyyən təəssüf hissini də özündə daşıyır. Bununla belə, Azərbaycan yenə də Avropa şahmatının zirvəsində yer aldığını sübut etdi.
Doqquz tur davam edən stabil çıxış
Doqquz tur ərzində komandamız stabil çıxışı ilə diqqət çəkdi. “İti zəka səhiblərimiz” yalnız son görüşdə məğlubiyyətlə üzləşdilər. Turnirin birinci turunda millimiz Slovakiya üzərində 3:1 hesablı inamlı qələbə qazanaraq yarışa uğurlu start verdi. İkinci turda güclü Çexiya yığması ilə qarşılaşma gərgin mübarizə şəraitində keçdi və 2:2 hesablı bərabərliklə nəticələnib. Bunun ardınca Azərbaycan şahmatçıları Polşa üzərində 2,5:1,5 hesablı qələbə ilə liderlər qrupuna yüksəldilər.
Dördüncü və beşinci turlarda müvafiq olaraq Niderland və Yunanıstanla oyunlar bərabərliklə (2:2) yekunlaşdı. Altıncı turda ən çox diqqət çəkən görüş baş tutdu - Azərbaycan millisi Ermənistan üzərində 2,5:1,5 hesablı qələbə qazanaraq həm idman, həm də simvolik baxımdan mühüm nəticə əldə etdi. Bu qələbə komandamızın motivasiyasını daha da artırdı.
Yeddinci turda Macarıstan yığması üzərində 3:1 hesablı inamlı qələbə Azərbaycanı zirvəyə bir qədər də yaxınlaşdırdı. Ardınca səkkizinci turda Ukrayna kimi güclü rəqibə 2,5:1,5 hesabı ilə qalib gələn millimiz son tura çempionluğa əsas namizəd kimi daxil oldu. Lakin həlledici - doqquzuncu turda Serbiya ilə qarşılaşmada 1:3 hesablı gözlənilməz məğlubiyyət millimizin çempionluq şanslarını əldən aldı. Bu nəticədən sonra Azərbaycan turniri ikinci yerdə tamamladı və gümüş medalla kifayətləndi. Ukraynanın çempion olduğu Avropa çempionatında Serbiya üçüncü yeri tutdu.
Ümumilikdə, komandamız 9 turda 5 qələbə, 3 bərabərlik və 1 məğlubiyyət qeydə alıb. Bu göstərici Azərbaycan şahmatının Avropada sabit və güclü mövqeyə sahib olduğunu bir daha təsdiqləyir. Hərçənd son turdakı nəticə müəyyən qədər təəssüf doğursa da, millimizin ümumi çıxışı yüksək qiymətə layiqdir.
Eltac Səfərlidən parlaq oyun
Azərbaycan millisi Gürcüstana kapitan Teymur Rəcəbovun rəhbərliyi altında yollanmışdı. Komandamızın heyətində yer alan Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Eltac Səfərli, Aydın Süleymanlı və Məhəmməd Muradlı yarış boyu ölkəmizin şahmatda qazandığı nüfuzu layiqincə qorudular. “İti zəka sahibləri” hər turda sərrast oyunu, strateji düşüncəsi və təmkinli çıxışı ilə diqqət mərkəzində olmağı bacardılar.
Millimizin hər üzvü öz növbəsində dəyərli xallar qazansa da, bu dəfə komandanın parlayan ulduzu Eltac Səfərli oldu. Üçüncü lövhədə çıxış edən qrossmeyster turnirin ən sabit və inamlı oyunçularından biri kimi seçildi. Yeddi qarşılaşmada masa arxasında əyləşən Eltac 3 qələbə və 4 heç-heçə ilə məğlubiyyətsiz nəticə göstərdi. O, təkcə öz lövhəsində rəqiblərini bir-birini geridə qoymaqla kifayətlənmədi, həm də turnirin ümumi mənzərəsində ən etibarlı şahmatçılardan biri kimi dəyərləndirildi. Bu performans Eltac Səfərlinin Avropa çempionatında üçüncü lövhə üzrə qızıl medal qazanması ilə nəticələndi. Eltacın parlaq oyunu bir daha göstərdi ki, Azərbaycan məktəbi yalnız böyük adlarla deyil, eyni zamanda, səssiz-sakit, amma çox güclü qrossmeysterləri ilə də Avropa səhnəsində sözünü deməyi bacarır.
Qadın şahmatçıların uğursuzluğu
Gürcüstandakı Avropa çempionatında Azərbaycan qadın şahmat yığması da mübarizə apardı. Turnirin reytinq siyahısında dördüncü pillədə yer alan komandamızdan daha yüksək nəticə gözlənilirdi. Lakin bu dəfə qızlarımız potensiallarını tam ortaya qoya bilmədilər və yarışın yekun cədvəlində yalnız 10-cu yerdə qərarlaşdılar. Komandanın tərkibində artıq kifayət qədər tanınan və potensialına bələd olduğumuz şahmatçıların çoxluğu nəzərə alınarsa, bu nəticə müəyyən qədər gözlənilməz sayıla bilər.
Buna baxmayaraq, fərdi çıxışlar arasında diqqətəlayiq performans da var idi. Dördüncü lövhədə çıxış edən Gülnar Məmmədova parlaq oyun nümayiş etdirərək 8 turda 6 qələbə qazandı və yüksək performansına görə lövhəsində üçüncü yeri tutdu. Qrossmeysterimiz bu nailiyyəti ilə bürünc medalla mükafatlandırıldı.
