• cümə, 19 Aprel, 22:10
  • Baku Bakı 24°C

Qurban Qurbanov nümunəsi 

27.05.23 06:00 1107
Qurban Qurbanov nümunəsi 

“Qarabağ”ın baş məşqçisi idman dünyasında ədalətli oyunun təşviqi sahəsində nümunəvi nailiyyətlərinin tanınmasına görə “Jean Borotra - Karyera” kateqoriyasında Fair Play Diplomuna layiq görülüb. Mükafat mütəxəssisə ötən mövsüm Konfrans Liqasının pley-offunda "Marsel"lə cavab görüşündə etdiyi feyr pley davranışına görə verilib. 

Azərbaycan futbolsevərlərinin fəxri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Beynəlxalq Ədalətli Oyunlar Komitəsi (International Fair Play Committee (CIFP)) Şurası tərəfindən yüksək mükafata – 2022-ci ildə İdman dünyasında ədalətli oyunun təşviqi sahəsində nümunəvi nailiyyətlərinin tanınmasına görə “Jean Borotra - Karyera” kateqoriyasında Fair Play Diplomuna layiq görülüb. CİFP prezidenti Jenö Kamuti Azərbaycan İdman Jurnalistləri Assosiasiyası vasitəsilə baş məşqçinin adına şəxsi məktub göndərib. Məktubda qeyd olunur ki, Q.Qurbanov idman dünyasında və ədalətli oyunun təşviqi sahəsində nümunəvi nailiyyətlərinə görə “Jean Borotra - Karyera” kateqoriyasında Dünya Fair Play Diplomu ilə təltif olunub.

Bu mükafat mütəxəssisə ötən mövsüm Konfrans Liqasının pley-offunda "Marsel"lə cavab görüşündə (0:3, ilk oyun - 1:3) etdiyi feyr pley davranışına görə verilib. Oyunda polşalı baş hakim Bartoş Frankovski "Qarabağ"ın futbolçusu İbrahima Vadjinin vurduğu qolu qeydə alıb. Lakin Qurban Qurbanov futbolçularla qısa dialoqdan sonra baş hakimə qolun qaydalar çərçivəsində vurulmadığını bildirib. Nəticədə qol ləğv olunub.

Q.Qurbanov CIFP tərəfindən təşkil edilən 2022 Dünya Ədalətli Oyunlar Mükafatlarının təqdimetmə mərasiminə dəvət olunub.

Baş məşqçi kimi 700-dən artıq oyun 

Qurban Qurbanov artıq məşqçi kimi Azərbaycan futbolunun veteranlarından hesab oluna bilər. Mart ayında "Qarabağ" “Qəbələ” ilə oyuna çıxanda çalışdırıcı baş məşqçi karyerasında 700-cü oyununu keçirib. 51 yaşlı mütəxəssisin yubileyi Misli Premyer Liqasının 25-ci turuna təsadüf edib. Onun rəhbərlik etdiyi “Qarabağ” səfərdə “Qəbələ” ilə qarşılaşıb. Bu görüşdə onun komandası 3:1 hesabı ilə qalib gəlib.

Qəbələdəki qarşılaşma Qurbanovun bütün komandalarda və turnirlərdə ümumilikdə 700-cü matçı kimi tarixə düşüb. Burada cəza və ya digər səbəbdən texniki zonadan deyil, kənardan komandaya rəhbərlik etdiyi görüşlər də nəzərə alınıb.

Qurbanov baş məşqçi karyerasına 2006-cı ilin yayında başlayıb. O, karyerası ərzində üç komandaya rəhbərlik edib. Qurbanov “Qarabağ”dan başqa “Neftçi”də 38, Azərbaycan millisində 12 oyunda iş başında olub.

“Qəbələ” ilə qarşılaşma həm də Qurbanovun “Qarabağ”ın baş məşqçisi kimi 650-ci qarşılaşması olub. Mütəxəssis 2008-ci ilin yayından baş məşqçisi olduğu Ağdam klubunu səfər matçınadək 649 matça çıxarmışdı.

Qeyd edək ki, Qurbanovun baş məşqçi kimi debütü 2006-cı il avqustun 6-da reallaşıb. Onun rəhbərlik etdiyi “Neftçi” “Gənclərbirliyi” ilə ev oyununda 6:1 hesabı ilə qalib gəlib. Mütəxəssis bundan 2 il 3 gün sonra “Qarabağ”da debüt edib. Ağdam klubu səfərdəki çempionat matçında “Bakılı”ya qalib gəlib – 2:1.

Ruben Selles: "Qarabağ"da Qurban Qurbanovdan çox şey öyrəndim”

Qurban Qurbanov həqiqətən təkcə meydanlarda qazandığı uğurlarla seçilmir. O, həm də nümunəvi davranışları ilə diqqəti cəlb edir. Onunla işləyən bütün futbolçular baş məşqçinin haqqında yüksək fikirdə olur, onun insanı davranışlardan ağız dolusu danışırlar. Məsələn, uzun müddət “Qarabağ”da oynamış, hazırda “Zirə”nin şərəfini qoruyan Donald Gerye baş məşqçinin onlara həm də ata kimi olduğunu qeyd edib.

"Sauthempton"un müvəqqəti baş məşqçisi olan Ruben Selles İngiltərə Premyer Liqasında "Çelsi" ilə oyunun öncəsi  keçirilən mətbuat konfransında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovdan çox şey öyrəndiyini deyib: "Dünyada Ralf Hasenhüttll kimi məşhur, həmçinin Qurban Qurbanov və Yess Torup kimi nisbətən az tanınan mütəxəssislərlə işləməyim mənə böyük təcrübə qazandırıb. "Qarabağ"da Qurban Qurbanovdan çox şey öyrəndim. Və bu öyrənmə nəticəsində düşünürəm ki, komandam vasitəsilə öz şəxsiyyətimi göstərə bilərəm. Həmin vaxt Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandıq. Bu, Azərbaycan futbolunun tarixində ilk idi. Həqiqətən də 4-3-3 taktiki sxemi ilə oynayan komandada işləmək məni rəqabətli olmağa məcbur etdi".

Qeyd edək ki, Ruben Selles 2012-2014-cü illərdə "Neftçi"də, 2015-2017-ci illərdə isə "Qarabağ"da fiziki hazırlıq üzrə məşqçi işləyib. 

Ağacəkmə aksiyaları, Nilayla görüş...

Qurban Qurbanovu tez-tez ağacəkmə aksiyalarında, xeyriyyə tədbirlərində görmək mümkündür. “Qarabağ”ın hər hansı futbolçusu ilə bağlı bir problem yaranıbsa, onun həlli üçün önə düşən mütləq Qurban Qurbanov olur. Bu günlərdə "Qarabağ-2"nin futbolçusu Şirxan Həsənzadə ürəktutmasından sonra xəstəxanaya yerləşdirilərkən də əsas komandanın baş məşqçisi dərhal onun yardımına tələsmişdi.

Qurban Qurbanov həmişə vətənpərvər davranışları ilə də başqalarına nümunə olur. Məsələn, bu il Azərbaycan Premyer Liqasının 21-ci turunda “Kəpəz”lə oyun üçün Gəncəyə gedərkən Vətən müharibəsi zamanı ermənilərin Gəncəyə etdiyi raket hücumu nəticəsində atasını və anasını itirən balaca Nilayla da görüşüb.

Bütün bu faktlar Qurban Qurbanovun daha böyük mükafatlara layiq olduğunu göstərir. O, həqiqətən də Azərbaycanın fəxridir. Özü də təkcə futbol meydanlarında yox...

Kaspi.az

 

 

 

banner

Oxşar Xəbərlər