• cümə axşamı, 28 mart, 20:45
  • Baku Bakı 13°C

Qurban Qurbanov: Futbolçularım bu gün qələbəyə layiq idilər

10.08.22 11:30 585
Qurban Qurbanov: Futbolçularım bu gün qələbəyə layiq idilər

Futbolçularımı təbrik edirəm. Komandamız bu gün qalib gəlmək istəyirdi. Çox əziyyət çəkdilər. Asan qələbə olmadı. Hesab tam əksinə də ola bilərdi. Çox yaxşı komandaya qarşı oynadıq. Onların da qol imkanları oldu. Rəqibə uğurlar arzulayıram.

AZƏRTAC xəbər verir ki, bunu UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Macarıstanın “Ferentsvaroş” komandası ilə səfərdə qarşılaşan Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov matçdan sonra təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssis deyib ki, Avropa Liqasının qrupunu təmin etdiyimiz üçün rahatlaşmaq olmaz. Həmişə belə qələbələr olmur. Çünki klubların səviyyələri fərqlidir. Əlimizdəki şansdan maksimum yararlanmağa çalışmalıyıq.

Q.Qurbanov deyib ki, rəqib komandanın baş məşqçisi Stanislav Çerçesova böyük hörmətim var. O çox bacarıqlı mütəxəssisdir. Onun futbolçu və məşqçi karyerası məndən daha üstündür. Ona taktiki planda qalib gəldiyimi deyə bilmərəm. S.Çerçesov çox yaxşı komanda formalaşdırıb. Bu gün futbolçularım hamısı qələbəyə layiq idilər. Çünki qələbəni çox istəyirdilər. Kadi Borges isə bu gün çox yaxşı oyun göstərdi və mübarizə apardı.

Qeyd edək ki, Bakıda rəqibi ilə 1:1 hesabı ilə bərabərə qalan Azərbaycan çempionu “Ferensvaroş” komandasını Macarıstanda 3:1 hesabı ilə məğlub edərək pley-off mərhələsinə yüksəlib və Çexiya təmsilçisi “Viktoriya”nın (Plzen) rəqibi olub.

banner

Oxşar Xəbərlər