• cümə, 22 Noyabr, 19:20
  • Baku Bakı 13°C

Qədimliklə müasirliyin görüş yeri

08.07.23 03:30 11667
Qədimliklə müasirliyin görüş yeri

Turistlər Barinin dar küçələrində gəzdikcə orta əsrlər atmosferinə düşürlər. İtalyan evdar qadınların turistlərin gözləri qarşısında makaron hazırlamalarını seyr etmək də olduqca maraqlıdır.

Bari İtaliyanın cənubunda dənizkənarı şəhərdir. Puqliya (Apuliya) bölgəsinin mərkəzidir. Böyük turizm və iqtisadi mərkəz, dəniz limanı ilə birlikdə bölgə üçün çox əhəmiyyətlidir. Əksər İtaliya şəhərləri kimi zəngin, qədim tarixə malikdir. “Paris dəniz kənarında yerləşsəydi, kiçik Bariyə bənzəyirdi”- deyə yerli sakinlər şəhərləri ilə öyünürlər. Bu bölgə təkcə ağ qumlu çimərlikləri ilə deyil, həm də YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş memarlığı ilə tanınır. Pravoslav möminlər üçün Bari “Müqəddəs Nikolay şəhəri”dir. Keşiş Nikolayın cəsədinin dəfn olunduğu kilsə şəhəri Avropa pravoslav kilsəsinin mərkəzlərindən birinə çevirib. Bari dini bayramlarda Bazilikanı ziyarət edən möminlərə və tarixi yerlərə ekskursiyalara gələn turistlərə çox borcludur.

Cənubi İtaliyanı kəşf etmək

Barinin tarixi iki min il öncədən - romalıların burada balıqçılıq qəsəbəsi qurduğu vaxtdan başlayır. Şəhərdə çoxlu qədim görməli yerlər və memarlıq abidələri var. 1500-ci ildə yunanlar tərəfindən tikilən liman Adriatik dənizinin ən böyük sərnişin limanıdır. Limanda lövbər salan gəmilərlə təkcə sərnişinlər deyil, həm də dünyanın müxtəlif nöqtələrinə yük daşınır. Bu qədim liman İtaliyanı Yunanıstan, Monteneqro və Xorvatiya ilə birləşdirir. Barinin tarixi mərkəzi limanın ətrafında yerləşir. Şəhər müxtəlif sivilizasiyaların qovuşmasına şahidlik edib. Yunanların, Normand sülaləsinin, ərəblərin hökmranlığı altında yaşayıb. Bu izlər bu gün şəhərin memarlığında da yer alıb. Bu baxımdan, Bari qədimlik və müasirliyin görüş yeri kimi Cənubi İtaliyanı kəşf etmək üçün ideal başlanğıc nöqtəsidir. Hər 7 dəqiqədən bir Bari hava limanına təyyarə enir. Baridə iri müəssisələr yoxdur, iqtisadiyyat aqrar sektor, ticarət, nəqliyyat, turizm hesabına inkişaf edir. Bari eyni zamanda, iki dəniz - İon və Adriatikin kristal suları tərəfindən yuyulan uzun bir sahil zolağıdır. Bu sahillər İtaliyanın ən uzun sahilləri sayılır. Çimərlik tətilindən zövq almaq istəyən turistlər dünyanın hər yerindən bu təmiz sularda çimməyə, qızıl qumlu sahillərdə dincəlməyə gəlirlər.

Barinin ürəyi

Şəhəri şərti olaraq iki hissəyə bölmək olar: divar və dar küçələrlə əhatə olunmuş köhnə şəhər və 19-cu əsrin əvvəllərində tikilmiş müasir şəhər. Barinin ürəyi qədim şəhərdir (Bari Vecchio). Bura dolama zolaqların, daş döşənmiş küçələrin və kiçik meydanların bir-birinə qarışmasıdır. Təkcə qədim hissədə 40-dan çox kilsə gizlənir. Bu məbədlərdən birini görməmək hansısa tarixi və əfsanəni qaçırmaq deməkdir. Vecchio boyunca gəzmək Puqlianın gündəlik həyatına qərq olmağa imkan verir. Müqəddəs Nikolay Bazilikası (Basilica di San Nicola) Barinin əsas simvoludur. Bu, 1087-ci ildə tikilmiş pravoslav kilsəsidir. Əsrlər boyu bir neçə dəfə dağıdılıb, lakin 20-ci əsrin əvvəllərində sonuncu dəfə bərpa olunub. Bazilikanın içərisində Müqəddəs Nikolayın məzarını, bir çox məşhur heykəlləri və mozaikaları görmək mümkündür. Maraqlıdır ki, Baridəki Bazilikada müxtəlif mərtəbələrdə həm pravoslav, həm də katolik ayinləri çox vaxt eyni vaxtda keçirilə bilər. Bu ayinlərin eyni zamanda icrasına dünyanın başqa heç bir yerində rast gəlinmir.

Barinin vizit kartı

Turistlər Barinin dar küçələrində gəzdikcə orta əsrlər atmosferinə düşürlər. Burada mənzərəli həyətlərə, italyan kinolarında gördüyümüz kadrlara – yuyulmuş paltarlar asılmış, altında motosiklet dayanmış güllü balkonlara baxa, qapısından tor pərdələrin asıldığı evlərin dar küçələrindən keçə, yerli əhalinin adət-ənənələrini öyrənə bilirlər. İtalyan evdar qadınların turistlərin gözləri qarşısında makaron (pasta) hazırlamalarını seyr etmək də olduqca maraqlıdır. Bu rəngarəng mənzərəni görmək üçün turistlər şəhərin vizit kartına - Pasta küçəsinə mütləq baş çəkirlər. Turistlər Barinin məşhur zeytun yağı, pendiri ilə bərabər rəngbərəng makaronlarını da həvəslə alırlar.

Qiymətlər ucuz olmasa da...

Bari həm də universitet şəhəridir, canlı gecə həyatı var. Axşama doğru küçələr insanlarla dolmağa başlayır. Turistlər kafelərdə oturur, restoranlar yavaş-yavaş açılır. Son dərəcə səliqəli və zövqlə geyinən yaşlı çütlüklər küçələrdə gəzişirlər. Baridəki bütün restoranlar pizza, spagetti ilə bərabər dəniz məhsulları üzrə də ixtisaslaşıb. Kafe və restoranların çoxluğu turistlərə yemək problem yaşatmır. Qiymətlər isə ucuz deyil. Bari mərkəzi küçələri boyunca uzanan kafelərdə yeməklərin qiymətləri 20-30 avro arasında dəyişir. Aşağı büdcəli turistlər, tələbələr ciblərinə uyğun seçim edərək hindlilərin kafelərinə üstünlük verirlər. Sərfəli və ağız dadımıza uyğun türklərin kafe və restoranlarına rast gəlinmir. Turizm dövrü, turistlərin çoxluğu, dünyada gedən bahalaşma prosesini və italyanların yumşaq desək, qiymət “atmasını” da nəzərə alsaq, Barı bahalı şəhərdir. Mərkəzi hissədə brend mağazalarda da turistlərin izdihamı yaşanır. Qiymətlər ucuz olmasa da, keyfiyyətli malın alıcısı həmişə var. Xüsusən, əgər o İtaliya istehsalıdırsa...

Biletsiz səyahətə görə cərimə 100 avrodur

Baridə ictimai nəqliyyat saat kimi dəqiq işləyir. Dəmir yol Stansiyasından (Bari Central) İtaliyanın müxtəlif şəhərlərinə rahat qatarlarla getmək mümkündür. Hava limanından mərkəzə və şəhər daxili avtobuslarla (1 avro) heç bir problem yaşamadan istənilən ünvana çatırsan. Avtobuslar axşam saat 22.00-a kimi işləyir. Səyahət üçün bileti sürücüdən, avtobus dayanacaqlarındakı köşklərdən və ya kitab mağazalarından almaq olur. Biletsiz səyahətə görə cərimə 100 avrodur. Bari əyalətindəki bütün taksi sürücüləri lisenziyalıdır və şəhər hakimiyyəti tərəfindən müəyyən edilmiş tariflərə uyğun olaraq ödəniş tələb olunur. Baridə və ətraf şəhərlərdə turistlərin ünvanı çaşmaq kimi problemi yoxdur. İtalyanlar pozuq ingilis dilində və ya öz dillərində həvəslə yolu izah edəcəklər. Yerli polislər də nəzakətlidir.

Təranə Məhərrəmova

Bari

banner

Oxşar Xəbərlər