• şənbə, 27 Iyul, 04:31
  • Baku Bakı 27°C

“Qarabağ” yenə tək qaldı

19.08.23 08:00 5522
“Qarabağ” yenə tək qaldı

“Neftçi” güclü rəqibi qarşısında xüsusi nəsə edə bilməyib, mübarizəni dayandırdı. “Sabah”a təcrübəsizliyi mane oldu. Murad Musayevin komandası penaltilər seriyasında məğlub olaraq avrokubok macərasını başa vurdu. “Qarabağ” isə ən zəif durumunda belə, Azərbaycanın ən güclü klubu olduğunu göstərdi. 

Azərbaycan növbəti dəfə avrokubokların qrup mərhələsində təmsil olunacaq. “Qarabağ” Avropa Liqasında (AL) pley-offa vəsiqə qazanmaqla Konfrans Liqasının (KL) qrupunu təmin etdi. “Neftçi” və “Sabah” isə KL-in III təsnifat mərhələsini aşa bilmədilər.

“Qarabağ”ın AL-də də şansı böyükdür

“Qarabağ” Bakıdakı 2:1 hesablı qələbədən sonra HİK-lə cavab matçına üstün yollanmışdı. Lakin Finlandiyadakı qarşılaşma heç də asan keçmədi. Daha doğrusu, komanda özü işini çətinləşdirdi. Situasiyanı bir qədər də sadələşdirsək, qapıçı Şahruddin Məhəmmədəliyev az qala növbəti dəfə “atlılar”a mane olacaqdı. Ona görə növbəti dəfə ki, Ağdam klubunun Çempionlar Liqasında (ÇL) Polşa “Rakuv”una qarşı ilk oyununda (2:3) yol verdiyi səhvlə mərhələnin uduzulmasında böyük “pay” sahibi olmuşdu.

HİK-lə qarşılaşmanın 10-cu dəqiqəsində qolkiper rəqibə qol hədiyyə etdi. Müdafiəçi Bəhlul Mustafazadənin səylərinə baxmayaraq, meydan sahibləri üstünlük qazana bildi. Yaxşı ki, bundan sonra rəqib qırmızı vərəqə ilə azlıqda qaldı. Bu amil “Qarabağ”ın tam dominantlıq etməsi ilə nəticələndi. Əvvəlcə Toral Bayramov ilk yarıya əlavə edilmiş dəqiqələrdə penaltini dəqiq yerinə yetirməklə hesabda tarazlıq yaratdı, ikinci yarıda isə Yassin Benzia qələbə topunu vurdu. 

Ümumən, “Qarabağ” hər iki matçda üstün olan tərəf idi. Amma mərhələ adlamaq heç də asan olmadı. Növbəti rəqib Sloveniya “Olimpiya”sı olacaq. Lyublyana təmsilçisi AL-ə ÇL-in III təsnifat mərhələsindən düşüb. Komanda Türkiyənin “Qalatasaray” klubuna iki matçın cəmində 0:4 uduzsa da, ümumən möhkəm kollektivdir. Bununla belə, “Qarabağ”ın turnirdə qrup mərhələsi şansı yüksəkdir. Lakin artıq səhvlərə yer yoxdur.

“Neftçi” sensasiya edə bilmədi

“Beşiktaş”la rəqib olduqdan sonra “Neftçi”nin mərhələ keçmək ehtimalı çox aşağı dəyərləndirilirdi. Gözləntilər doğruldu, komanda boyundan yuxarı tullana bilmədi. Bakıda 1:3 yenilən “ağ-qaralar” cavab oyununda 1:2 hesablı məğlubiyyətlə üzləşdilər. İlk görüşün ikinci yarısında daha yaxşı təsir bağışlayan paytaxt klubu səfərdə birinci hissəni “diri” keçirdi.

Hər nə qədər gözlənilməz olsa da, “Neftçi” İstanbulda önə keçməyi də bacardı. Fasiləyə yaxın Emin Mahmudovun vurduğu baxımlı qol azarkeşləri ümidləndirsə də, ikinci yarıda “Beşiktaş”ın baş məşqçisi Şenol Güneşin etdiyi əvəzetmələr işə yaradı. Komandanın bir neçə əsas oyunçusunu meydana buraxan mütəxəssis oyunu və nəticəni dəyişməyi bacardı. Vensan Abubakarla Ceyson Mulekanın qolları “qara qartal”a qələbə və növbəti mərhələni gətirdi. 

“Ağ-qaralar”ın mərhələ keçməyəcəyi ehtimal edilən idi. Lakin təkcə “Beşiktaş”ın gücünə görə yox. Həm də ona görə ki, komanda yenilənib. Mutu işə yeni başlayıb, üstəlik heyətdə çoxlu dəyişiklik var. Yeni oyunçuların uyğunlaşması üçün müəyyən zaman lazımdır. Digər tərəfdən, komandanın bəxtsizliyini də qabartmaq lazımdır. Eddi İsrafilov kimi oyunçunun zədələnməsi, Qara Qarayevin oynaya bilməməsi, şübhəsiz ki, nəticəyə təsir etdi. Bununla belə, “Neftçi”nin adlı-sanlı rəqibindən çəkinməməsi, sona qədər döyüşməsi komandanın gələcəyinə ümid yaradır.

“Sabah” tarix yaza bilmədi

Avrokuboklarda debüt edən “Sabah”ın çıxışını pozitiv qiymətləndirmək olar. Komanda ardıcıl üç matçda qələbə qazanmaqla ilkə imza atdı. Lakin gənc klub debüt mövsümündə iki mərhələ keçməyi bacaran ilk Azərbaycan təmsilçisi olmağı bacarmadı.

Serbiya “Partizan”ı üzərində Bakıdakı qələbə (2:0) ümidləri artırmışdı. Amma Belqrad təmsilçisi öz meydanında lazım olan nəticəni əldə edə bildi. Serblər iki cavabsız qolla üstün olaraq qarşılaşmanı əlavə vaxta apardılar. Orada hesab dəyişilmədiyindən penaltilərə ehtiyac duyuldu. Burada isə Namiq Ələsgərovun “11 metrə”ni iki cəhddə dəqiq yerinə yetirməməsi komandanın mübarizəni dayandırması ilə nəticələndi. İlk olaraq zərbəni Jorjinyovari vuran Namiq qapıçı səddini keçə bilmədi. Lakin rəqib qolkiperin qayda pozuntusuna yol verməsi penaltinin təkrarlanması ilə nəticələndi. Təəssüf ki, Namiq ikinci cəhddə də qapıçını aldada bilmədi. Bununla da, “Sabah” penaltilər seriyasında üstün olan ilk Azərbaycan klubu olmaq şansını əldən qaçırdı.

İstənilən halda, “Sabah”ın gördüyü iş alqışlanmalıdır. Bu, gənc klub üçün yaxşı təcrübə oldu. Düzgün strategiya gələcək uğurların xəbərçisi hesab olunmalıdır. Hələlik isə “Qarabağ” Avropadakı yeganə ümid yerimizdir.

Faiq Tahirov 

 

banner

Oxşar Xəbərlər