• şənbə, 16 Avqust, 18:20
  • Baku Bakı 28°C

“Qarabağ” liqa mərhələsinin bir addımlığında

16.08.25 02:40 126
“Qarabağ” liqa mərhələsinin bir addımlığında

“Qarabağ” artıq Çempionlar Liqasının pley-off mərhələsinin daimi iştirakçısına çevrilib. Komanda dördüncü dəfə burada çıxış edəcək.

“Qarabağ” Çempionlar Liqasının liqa mərhələsinə bir az da yaxınlaşdı. Ağdam klubu artıq pley-offdadır. Şimali Makedoniyada 1:0 üstün olan “atlılar” Bakıda “Şkendiya”nın daşını daş üstə qoymayaraq (5:1) buna nail oldu.

Maksimal nəticə

Çempionlar Liqasında mübarizəyə II təsnifat mərhələsindən başlayan “Qarabağ” dörd oyunun hər birində qalib gəlib. Əvvəlcə İrlandiya “Şelburn”u ilə üz-üzə gələn komandamız oyunlarını “quru” hesabla bitirdi. Səfərdə üç cavabsız qolla üstün olan Qurban Qurbanovun yetirmələri evdə çox güc sərf etməyərək minimal hesablı qələbə ilə kifayətləndi. Növbəti rəqib olan Şimali Makedoniya çempionu “Şkendiya” daha güclü olsa da, bu komanda da “atlılar”a ciddi müqavimət göstərə bilmədi. Səfərdəki minimal hesablı qələbənin davamını komanda Bakıda 5:1 hesablı qələbə ilə yekunlaşdırdı. Ümumilikdə on qol vuran “Qarabağ” bu görüşlərdə cəmi bir dəfə qapısında qol görüb ki, bu da fərdi səhvdən qaynaqlandı.

Dördüncü cəhddə köhnə tanış

“Qarabağ” artıq Çempionlar Liqasının pley-off mərhələsinin daimi iştirakçısına çevrilib. Komanda dördüncü dəfə burada çıxış edəcək. Komanda ilk dəfə 2017/18 mövsümündə pley-offa yüksəlib və ilk cəhddəcə qrup mərhələsinə adlayıb. Həmin zaman ağdamlılar Danimarka “Kopenhagen”ini mübarizədən kənarlaşdırıb. Sonrakı iki cəhd uğursuz alınıb. Çempionumuz 2022/23 mövsümündə Çexiyanın “Viktoriya” (Plzen) klubu ilə görüşlərin yekununda minimal fərqlə yenilərək qitənin bir nömrəli klub turniri ilə vidalaşıb. Keçən il isə Xorvatiya “Dinamo”su (Zaqreb) ilə qarşılaşmalar uğursuz alınıb. Qurban Qurbanovun komandası dördüncü cəhddə səkkiz il əvvəlki uğuru təkrarlamaq niyyətindədir. Əslində bunun üçün yaxşı şans da var.

“Qarabağ” liqa mərhələsinin bir addımlığında Macarıstanın “Ferentsvaroş” klubu ilə üz-üzə gələcək. Əlbəttə, bu komanda həm “Şelburn”dan, həm “Şkendiya”dan daha təcrübəli və təhlükəlidir. Lakin potensial rəqiblər arasında ən münasibidir. Üstəlik, qətiyyən keçilməz deyil. Elə “Qarabağ” özü bunu daha əvvəl sübut etməyi bacarıb.

Komandalar Çempionlar Liqasının 2022/23 mövsümünün III təsnifat mərhələsində üz-üzə gəliblər. Bakıdakı 1:1 hesablı heç-heçədən sonra “Qarabağ” səfərdə rəqibini 3:1 məğlub edərək pley-offa adlayıb. Həmin zaman “Ferentsvaroş” favorit hesab olunsa da, “Qarabağ” Macarıstandakı möhtəşəm qələbə ilə hamını təəccübləndirməyi bacarmışdı. İndi şanslar təxminən bərabər hesab edilir. Çünki artıq “Qarabağ” Avropada özünü daha çox təsdiq etməyi bacarıb.

“Ferentsvaroş”da nə dəyişib?

Komandaların ilk qarşılaşmasından çox uzun müddət keçməsə də, hər iki cəbhədə ciddi dəyişikliklər var. “Qarabağ”la bağlı vəziyyət ümumən aydındır, ona görə daha çox qarşı tərəfə fokuslanacağıq. İlk növbədə “Ferentsvaroş”un baş məşqçisi artıq Stanislav Çerçesov yox, ötənlərin məşhur irlandiyalı futbolçusu Robbi Kindir. Əslində bu, “Qarabağ” üçün müsbət məqamdır. Çünki Çerçesovdan fərqli olaraq Kin bir o qədər də təcrübəli deyil. “Ferentsvaroş”a qədər onun baş məşqçilik karyerasında yalnız Təl-Əviv “Makkabi”sinə rast gəlinir. O, bu ilin yanvarından “Ferentsvaroş”u çalışdırır.

Komandanın heyətinə gəlincə, macarların oyunçu “arsenal”ı çox geniş və keyfiyyətlidir. Üç il əvvəllə müqayisədə o vaxt əsas heyət üzvləri olan Adama Traore və Kristian Zakariassen hələ də komandanın formasını geyinirlər. Lakin indi onlar bir o qədər də şans qazanmırlar. Baxmayaraq ki, 3.5 milyon avro dəyəri olan bu futbolçular komandanın ən bahalı oyunçuları sırasındadırlar. Komandanın əsas qol silahı Barnabas Varqadır. Macarıstan millisinin forvardı bu mövsüm Çempionlar Liqasında dörd oyunda dörd qol vurmağı bacarıb. “Ferentsvaroş”un ən dəyərli oyunçusu isə Məhəmməd Əbu Fanidir. İsrailli mərkəz yarımmüdafiəçisinin bazar qiyməti 4,5 milyon avrodur. Yeri gəlmişkən, “Qarabağ”ın sabiq futbolçusu Julio Romao “Ferentsvaroş”un oyunçusudur. Lakin o, bu mövsüm heç bir matçda heyətdə yer almayıb.

“Qarabağ”ın hücumçu problemi

Əlbəttə, dörd oyuna on qol vuran komandanın hücum xəttindəki çatışmazlıqdan bəhs etmək qəribə görünə bilər. Lakin rəqiblərin kimliyi və oyunların ümumi təhlili göstərir ki, “atlılar”n irəli xəttində axsaqlıq var. İnsafən, Nəriman Axundzadə pis çıxış etmir. Bununla belə, mütəxəssislərin qənaətincə, daha böyük hədəflər üçün o, kifayət etmir. Təkcə “Ferentsvaroş” nöqteyi-nəzərindən deyil, liqa mərhələsi baxımından yanaşdıqda bu, daha qabarıq gözə çarpır. Nərimana başqa alternativ isə, demək olar ki, yoxdur. Musa Qurbanlı ehtiyat hücumçu olsa da, çıxışı qənaətbəxş deyil.

Marko Yankoviçin qayıdışı “Qarabağ” üçün olduqca müsbət məqamdır. Bu, Kadinin də əl-qolunu açacaq. Müdafiədə Sami Mmae özün doğrultmağa başlayır. Bircə hücumun sivri ucuna keyfiyyətli oyunçu transferi ilə daha böyük hədəflər uğrunda mübarizə aparmaq olar. İstənilən halda, “Ferentsvaroş” “Qarabağ”ın dişinə görə rəqibdir. Lakin nəzərə almaq lazımdır ki, komanda ən azı Avropa Liqasının liqa mərhələsində oynamağı təmin edib. Keçənilki uğursuzluqdan sonra çatışmazlıqlar üzərində daha ciddi işləmək və komandanın komplektləşdirilməsi prosesini sürətləndirmək lazımdır. İlk növbədə isə hücumçu məsələsi həll olunmalıdır.

 

banner

Oxşar Xəbərlər