• çərşənbə, 30 Oktyabr, 11:02
  • Baku Bakı 7°C

“Qarabağ”ın tarixi zəfəri 

16.12.23 00:52 7016
“Qarabağ”ın tarixi zəfəri 

Avrokuboklardakı qürurumuz axır ki, Avropa Liqasının pley-offuna çıxmağı bacarıb. Komandamız bu uğuru Bakıda İsveç təmsilçisi “Hakken”ə qalib gəlməklə rəsmiləşdirib. 

Uzun illərdir gözlədiyimiz axır ki, reallaşıb. Avrokuboklardakı qürurumuz “Qarabağ” Avropa Liqasının pley-offuna çıxmağı bacarıb. Son iki ildə ikinciliyi son anda əldən verib Konfrans Liqasının pley-offuna vəsiqə ilə kifayətlənən təmsilçimiz bu dəfə şansı əldən verməyib. Bakıda İsveç təmsilçisi “Hakken”lə görüşün birinci dəqiqəsində hesabı açan ağdamlılar birinci hissəyə əlavə olunmuş üçüncü dəqiqədə üstünlüyünü 2 topa çatdırıb. Düzdür, ikinci hissənin əvvəlində müdafiəçimiz Marko Veşoviç qırmızı vərəqə alaraq oyunun qalan hissəsində komandanı çətin vəziyyətdə qoyub. Amma buna baxmayaraq, “Qarabağ” oyunu 2:1 hesablı qələbə ilə başa vurmağı bacarıb. Almaniyada “Bayer” də Norveç “Mölde”sini 5:1 hesabı ilə darmadağın edincə komandamızın qrupu ikinci pillədə başa vurması rəsmiləşib. Beləliklə, bir Azərbaycan klubu tarixdə ilk dəfə Avropa Liqasının pley-offuna vəsiqə qazanıb.   

Qeyd edək ki, "Qarabağ" 1/16 finalda “Qalatasaray” (Türkiyə), “Lans” (Fransa), “Braqa” (Portuqaliya), “Benfika” (Portuqaliya), “Feyenoord" (Niderland), “Yanq Boyz" (İsveçrə), "Milan" (İtaliya) və ya "Şaxtyor"a (Ukrayna) klublarından biri ilə qarşılaşacaq. Bu mərhələnin püşkatma mərasimi dekabrın 18-də keçiriləcək.

Avropa Liqası
H qrupu, 6-cı tur
14 dekabr
“Qarabağ” – “Hakken” 2:1
Qollar: Leandro Andrade, 1. Yassin Benzya, 45+4 – Bədavi Hüseynov, 90+4-öz qapısına.
Qırmızı vərəqə: Marko Veşoviç, 56.
Baş hakim: Yucin Caya (Albaniya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.


“Bu uğur futbolumuza böyük təkan verəcək”

Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov tarixi oyundan sonra keçirilən mətbuat konfransında çox sevincli olduğunu bildirib: “Bu uğur həm futbolumuza böyük təkan, həm də futbolçularımıza böyük inam verəcək. Böyük komandaların Bakıya gəlməsi, belə turnirlərdə nəticə üçün oyunlarda oynamaq ancaq Azərbaycan futboluna fayda verə bilər”.

Baş məşqçi pley-offdakı potensial rəqiblərlə bağlı sualı da cavablandırıb: “Potensial rəqiblərimizdən hər biri Çempionlar Liqasında oynayacaq komandalardır. Hətta o klubların içərisində ÇL-in qalibi olmağı qarşısına məqsəd qoyanlar da var idi. Hamısı ciddi rəqibdir. Hansısa haqda düşünmüşəm desəm, doğru olmaz. Rəqib kim olur olsun, həmin matçlara çox ciddi hazırlaşacağıq ki, layiqli oynayaq”.

Hoqmo: “Qarabağ”ın beynəlxalq səviyyəli oyunçuları var”

Qonaqların baş məşqçisi Per Matias Hoqmo qazanılan uğur münasibətilə “Qarabağ”ı təbrik edib: “Onlara qarşı oynamaq təcrübə idi. Avropa Liqasında yollarına davam edəcəklər. Onları izləməyə çalışacağam. Oyun bizim üçün çətin keçdi. İlk dəqiqədəki qol planlarımızı pozdu. Amma şanslarımız var idi. Sadəcə, istifadə edə bilmədik. Qrupdakı altı oyun bizim üçün təcrübə oldu. Bu təcrübədən gələn il Konfrans Liqasında istifadə edəcəyik. “Qarabağ”la ilk matçda demək olar ki, bərabərsəviyyəli oyun getmişdi. Bu gün də yaxşı oynadıq. “Qarabağ”ın beynəlxalq səviyyəli oyunçuları var. Bizdə belə futbolçular yoxdur. Bu da öz təsirini göstərir”.

Bəhlul “Milan”la qarşılaşmalarını arzulayır 

"Qarabağ"ın mərkəz müdafiəçisi Bəhlul Mustafazadə də oyunun çətin keçdiyini deyib: “Gərgin oyun oldu. İkinci hissənin çoxunu azlıqda keçirdik. Buna baxmayaraq, qələbə qazanmaq istəyirdik və qazandıq. Qələbə ilə birlikdə pley-offa vəsiqə qazana bildik. Çox böyük xoşbəxtlik hissi keçiririk. Bunun davamını gətirmək üçün çalışacağıq”.

O, pley-offda arzuladığı rəqibi də qeyd edib: “Arzum, əlbəttə ki, “Milan”la oynamaqdır, amma fərq etməz hansı gələcək. Hamısı güclü rəqiblərdir. Hansı ilə düşsək, maksimum nəticə üçün çalışacağıq”.

Azərbaycanın Avropa yarışlarındakı yeni rekordu

Yeri gəlmişkən, qazanılan qələbə Azərbaycana UEFA reytinqində növbəti xallar gətirib. Ağdam təmsilçisi bu dəfə ölkə reytinqinə daha 0,500 əmsal əlavə edib.

Komandanın pley-offa adlaması daha 0,500 əmsalın qazanılmasına səbəb olub. Nəticədə ölkənin cari mövsümdəki əmsalı 4,875-ə çatıb. Son 5 mövsümdəki ümumi əmsallarının sayı 19,125-dir. Bununla Azərbaycan UEFA reytinqində Rusiyanı geridə qoyaraq, 28-ci pilləyə yüksəlib.
Bundan başqa, “Qarabağ”ın bu qələbəsi sayəsində Azərbaycanın Avropa yarışlarında yeni rekordu müəyyən edilib. Ölkəmiz bu mövsüm ilk dəfə 4,875 xal toplayıb. Bundan əvvəl maksimum nəticə 4,375 bal idi. Azərbaycan daha əvvəl 3 dəfə - 2015/16, 2017/18 və 2021/22 mövsümlərində bu göstəricidə dayanıb.

banner

Oxşar Xəbərlər